Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

2015-cİ ildə rayonun sosial-iqtisadi və təsərrüfat sahələrində gördüyü işlərə dair hesabatı və 2016-cı ildə qarşıda duran vəzifələr haqqında hesabat yığıncağı keçirilmişdir

12 fevral 2016 | 16:00

Fevralın 12-də Rayon İcra Hakimiyyətində 2015-ci ilin yekunlarına həsr olunmuş  yığıncaq keçirilmişdir.
Tədbirdə yerli inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri,  iş adamları, sahibkarlar, ziyalılar, ictimai təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir.
  Tədbir iştirakçıları tərəfindən əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi önünə gül-çiçək qoyulmuş, icra hakimiyyətinin foyesində rayonda istehsal olunan məhsulların sərgisinə baxılmışdır.
Tədbiri giriş sözü ilə açan RİH başçısı Musa Şəkiliyev  hesabat  məruzəsində diqqətə çatdırmışdır ki,  ötən il  rayonumuzda iqtisadiyyatın əsas sahələri üzrə məhsul istehsalının ümumi həcmi 91 milyon 770 min manat təşkil edib. Bu, əvvəlki illə müqayisədə 10 milyon 848 min manat çoxdur. Bu müddət ərzində rayonda 7 milyon 72 min manatlıq sənaye, 42 milyon 799 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib. Məhsul istehsalı əvvəlki ilə nisbətən sənayedə 2 milyon 103 min manat, kənd təsərrüfatında isə 5 milyon 648 min manat artıb. İl ərzində rayonda 339 yeni iş yeri açılıb.
İcra başcısı bildirmişdir ki, “Kənd təsərrüfatı ili”ndə rayonda bitkiçilik və heyvandarlıq məhsulları istehsalının və emalının inkişaf etdirilməsi, suvarılan torpaqların su təminatının yaxşılaşdırılması sahəsində zəruri tədbirlər görülmüş, uğurlu nəticələr əldə olunmuşdur. Taxılçılar ötən mövsümdə 10 min 867 hektar əkin sahəsindən 28 min 534 ton, yəni əvvəlki ildəkindən 11 min ton çox taxıl götürüblər. Hər hektardan orta məhsuldarlıq əvvəlki illə müqayisədə 12,3 sentner artaraq 26,3 sentner təşkil etmişdir. Eyni zamanda, keçən ilin payızında rayonda 2016-cı ilin məhsulu üçün 12 min 890 hektar sahədə taxıl əkini aparılmışdır. Taxıl əkini sahələri əvvəlki illə müqayisədə 2 min hektardan çox artmışdır. 2015-ci ildə rayonda 7 min 301 ton qarğıdalı, 2 min 61 ton tərəvəz, 9 min 704 ton meyvə, o cümlədən 3 min 58 ton fındıq, həmçinin 450 ton quru tütün istehsal olunmuşdur.
Diqqətə çatdırmışdır ki, hesabat ilində sahibkarlığın inkişafı, əhalinin işgüzar fəaliyyətinin artırılması və yeni iş yerlərinin yaradılması məqsədi ilə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarlara 24 layihə üzrə 1 milyon 298 min manat məbləğində güzəştli kredit verilmişdir. Bu layihələrin reallaşması nəticəsində 61 yeni iş yeri yaradılmışdır.
Qeyd etmişdir ki, 2015-ci ildə rayonun Cəlayir kəndində yeni tibb məntəqəsi tikilib istifadəyə verilmişdir. Qax şəhərində inşa edilən 200 və 100 yerlik uşaq bağçalarının, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Qax rayonu üzrə inzibati binasının tikintisi başa çatdırılmışdır.
Yığıncaqda 2015-ci ildə əhalinin təbii qaz, elektrik enerjisi, içməli su və digər xidmətlərlə təminatının yaxşılaşdırılması sahəsində görülən işlər ətraflı təhlil olunmuşdur. Diqqətə çatdırılmışdır ki, 2015-ci ildə rayonun 7 kəndinə təbii qaz verilib, hazırda 2 kənddə qaz xəttinin çəkilişi davam etdirilir. Elektrik şəbəkəsi tərəfindən rayon ərazisində 19 ədəd yeni transformator yarımstansiyası quraşdırılmışdır. Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədi ilə 12 kənddə yeni artezian və subartezian quyuları qazılmışdır. Eyni zamanda, əhalinin keyfiyyətli su ilə təmin edilməsi məqsədi ilə rayonun 13 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğuların quraşdırılmasına başlanılmışdır.
  Bildirmişdir ki, 2015-ci ildə Qax şəhəri “Azərbaycanın Milli Mətbəx Paytaxtı” elan edilmiş, paytaxt ili çərçivəsində rayonda bir sıra festivallar, mədəni-kütləvi tədbirlər keçirilmiş, il ərzində rayona 24 mindən çox turist gəlmişdir.
Musa Şəkiliyev onu da qeyd etmişdir ki, 2016-cı ildə qarşıda duran vəzifələrin icrası ilə bağlı tədbirlər planına əsasən rayonda əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması, sahibkarlığın inkişafı üçün münbit şəraitin yaradılması, kənd təsərrüfatı məhsullarının istehsalının və turzim xidmətlərinin genişləndirilməsi və nəzərdə tutulmuş məsələlərin həyata keçirilməsi ilə bağlı işlərə artıq başlanılmışdır.
Yığıncaqda Prezident Administrasiyasının məsul işçisi Rüfət Əliyev çıxış edərək, 2015-ci ildə respublikada sosial-iqtisadi sahədə görülən işlərdən, qarşıda duran vəzifələrdən danışmışdır.
Sonda yığıncaq iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.

Keçidlər