Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qaxda əhalinin tibbi müayinəsi başlanmışdır

25 fevral 2016 | 16:00

Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq, respublikamızda əhalinin tibbi müayinədən keçirilməsinə başlanılmışdır. İnsanların sağlamlığının qorunmasına yönələn bu xeyirxah aksiya mayın 2-dək davam edəcəkdir.
Tibbi müayinələrə rayonda da ciddi hazırlıq işləri görülmüşdür.  Bu aksiyada rayonun 59 yaşayış məntəqəsi üzrə 18 yaşdan yuxarı 42 mindən çox insanın iştirakı nəzərdə tutulmuşdur.
Müayinələrin yüksək səviyyədə keçirilməsini təmin etmək üçün xüsusi tədbirlər planı hazırlanmış, qrafik müəyyənləşdirilmişdir. Əhalinin müayinə olunması üçün rayon Mərkəzi  Xəstəxanasının konsultativ poliklinika  şöbəsində bütün lazımi şərait yaradılmışdır.
Xəstəxananın baş həkimi Tərlan Əhmədzadə bildirmişdir ki, tibbi müayinələr xəstəxananın poliklinika şöbəsi ilə yanaşı, Əlibəyli və Tasmalı kənd sahə xəstəxanalarında, həmçinin kəndlərdə fəaliyyət göstərən həkim məntəqələrində də keçirilir. Müayinələrə təcrübəli, yüksək ixtisaslı mütəxəssislərdən ibarət həkim briqadaları cəlb edilmişdir. Briqadaların tərkibinə terapevt, mama-ginekoloq, endokrinoloq, nevropatoloq, oftalmoloq, uroloq, kardioloq, cərrah və digər ixtisaslar üzrə peşəkar həkimlər daxil edilmişlər.
Aksiyanın davam etdiyi müddətdə poliklinikadakı ümumi və biokimyəvi laboratoriyalar, rentgen, elektrokardioqrafiya, ultrasəs  habelə ehtiyac yaranarsa, digər müayinə kabinetləri də əhaliyə pulsuz tibbi xidmət göstərəcəkdir. Səhiyyə ocağı səhər saat 8-dən axşam 8-dək ikinövbəli iş rejimində çalışır.
Aksiyanın başlandığı doqquz gün ərzində  rayonda 6322 nəfər tibbi müayinədən keçmişdir. Bunlardan  502 nəfər ambulator müalicəyə , 5 nəfər isə stasionar müalicəyə cəlb olunmuşdur. Daha ciddi müayinəyə ehtiyacı olan 2 xəstə Bakı şəhərinin ixtisaslaşmış tibb müəssisələrinə göndərilmişdir.

Keçidlər