Poçt işçiləri peşə bayramlarını qeyd etdilər
Oktybarın 9-da beynəlxalq poçt təşkilatı olan Ümumdünya Poçt İttifaqının yaranmasının 138-ci ildönümü respublikamızın çoxsaylı poçt işçiləri tərəfindən mütəşəkkilliklə qeyd olunub. Bu əlamətdar günü özlərinin peşə bayramları kimi yüksək nailiyyətlərlə qeyd edən “Azərpoçt” MMC-nin Qax Poçt Filialının kollektivinin üzvləri əvvəlcə Mərkəzi meydanda ucaldılan Ümumilli Liderimizin abidəsi önünə gül dəstələri qoyaraq hörmət və ehtiramlarını bildirmişlər. Sonra filialın binasına toplaşan poçt işçiləri əldə etdikləri uğurlardan, qarşıda duran vəzifələrdən danışmışlar.
Müəssisənin rəhbəri Rəsul Əfəndiyev ÜPİ-nın yaranmasının 138-ci ildönümü münasibətilə “Azərpoçt” MMC-nin və rayon rəhbərliyinin kollektivin üzvlərinə təbriklərini çatdırıb. Həmçinin Ümumdünya poçt işçiləri günü münasibətilə xidməti vəzifəsinin yerinə yetirilməsində fərqləndiyinə görə əməliyyatçı Əziz Məmmədova cəmiyyətin pul mükafatını, əməliyyatçılar arasında keçirilən Respublika müsabiqəsində III yerə çıxan Cuma İsgəndərova fəxri fərman təqdim etmişdir.
Çıxış edənlər göstərilən diqqət və qayğıya görə respublika rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.