Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

27 sentyabr- Anım Günüdür

27 sentyabr 2022 | 17:15

   Azərbaycan qədim yurd yeri, azərbaycanlılar isə bu torpaqların əzəli və əbədi sahibidir. Zaman-zaman burda qara yellər əsib, göynədib köksünü bu torpağın. Doğma yerlər uğrunda can verib, qan töküb ərləri-ərənləri bu torpağın. Lakin son 200 ildə köksünə saplanan erməni iyrəncliyindən arına, təmizlənə bilməyən Azərbaycan, nəhayət, Vətən qeyrəti, torpaq sevgisi, milli heysiyyatı ilə hayqırdı: “Bu torpaq bizimdir! Onun uğrunda ölməyə, öldürməyi bacaran oğulların oylağıdır Azərbaycan!”

    Soy kökü, yurd-yuvası, dünyada tayı-bərabəri olmayan məkrli və hiyləgər ermənilərin çar Rusiyası tərəfindən torpaqlarımızda yerləşdirilməsinin 200 illik bir tarixi var. Bu illər ərzində ermənilər həmişə torpaqlarımızı ələ keçirmək iddiasında olublar. Sürəkli Azərbaycan toponimlərini dəyişdirərək özünküləşdirməklə, azərbaycanlılara qarşı etnik dözümsüzlük siyasəti yeridiblər. Tarixi vərəqləsək görərik ki, 1905-1907, 1918-ci illərdə ermənilərin Azərbaycanda törətdikləri cinayətlər xüsusi qəddarlığı ilə tarixə yazılıb. Həmin illərdə on minlərlə soydaşımız soyqırımın qurbanı olmuş, yüzlərlə yaşayış məntəqəsi dağıdılmışdı. 1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı qədim İrəvan xanlığına məxsus, Ermənistandakı öz tarixi torpaqlarından deportasiya olunaraq Kür-Araz düzənliyində yerləşdirilmişdi. 1988-ci ildə Ermənistanda yaşayan 250 min azərbaycanlı bir gecənin içində doğma ocağından zorla çıxarılmışdı. Ermənistan bununla monoetnik dövlətə çevrilmişdir. Erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı ideyası yüz minlərlə soydaşımızın faciəsinə, qədim torpaqlarımızın işğalına gətirib çıxartmışdı. Ermənilərin tarixi ərazilərimizdə həyata keçirdikləri soyqırımı siyasətinə ilk dəfə Ümummilli Lider Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilmişdir. Ulu Öndərin 1998-ci il 26 mart tarixində imzaladığı Fərman ilə 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.

   Erməni işğalı ötən əsrin sonlarında bir daha baş verdi. Xarici havadarlarının köməyi ilə erməni vandalları Azərbaycanın qədim və əzəli torpaqlarında, Qarabağda yeni torpaq iddiası ilə əsrin növbəti qətliamına imza atdılar.  Torpaqlarımızı işğal edərək, dinc əhalini amansızlıqla qətlə yetirdilər. Bir milyondan çox soydaşımız öz doğma evlərindən zorla çıxarılmış, qaçqın, məcburi köçgün olmuşdu. Yenicə müstəqilliyinə qovuşmuş Azərbaycanın siyasi-iqtisadi gücü bu cinayətlərin qarşısını almaq iqtidarında deyildi. Erməni işğalının qarşısını almaq üçün ürəyi Vətən sevgisi ilə dolu oğullarımız əliyalın çıxmışdılar təpədən-dırnağadək silahlanmış düşmənin önünə. Minlərlə oğullarımız bu sevgi uğrunda Şəhid oldular. Torpaqlarımız şəhid qanına bələndi. Fəryadımız yeri-göyü sarsıtdı. Lakin Dünya kor, kar, lal olmuşdu. Nə bizi görür, nə də eşidirdilər. Azərbaycan bir daha beynəlxalq riyakarlığın üzünü gördü. Və düz 30 il bu riyakarlığın diktəsi ilə ovundurmağa çalışdıq içimizdəki Vətən həsrətini, tapdanmış milli qürurumuzu. 1992-ci ildə təsis olunmuş ATƏM-in (indiki ATƏT) Minsk Qrupu 29 il ərzində Qarabağ məsələsinin həllinə yox, dondurulmasına çalışdı. Beynəlxalq qətnamələr kağız üstündə qalırdı. Digər bir mötəbər beynəlxalq təşkilat BMT-də bu məsələdə acizlik göstərmiş, bəyanatlar verməklə kifayətlənmişdir. BMT-nin 4 qətnaməsi 27 il kağız üzərində qaldı.

    Ermənistan tərəfindən işğal edilmiş qədim Azərbaycan torpaqlarında 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidələri olmuşdur. Bununla yanaşı, 40 mindən artıq eksponatın toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert salonu, 31 məscid, 9 tarixi saray, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbi işğal olunmuş ərazilərdə qalmışdır.

   Yalnız güclü iqtisadiyyatı, güclü ordusu olan Azərbaycan erməni terrorizminə, işğalına, erməni vəhşiliklərinə və ən nəhayət, erməni xülyasına son qoya bilərdi. Və bu öz tarixi təsdiqini düz 30 ildən sonra tapdı.

   1993-cü ildə güclü iqtisadiyyat güclü dövlət deməkdir, deyən, xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu sosial-iqtisadi siyasət Azərbaycanın müstəqilliyinin təminatı və gələcək böyük uğurların təməli oldu. Ulu Öndər əvvəlcə, atəşkəsə nail oldu. Sonra Azərbaycanda Beynəlxalq layihələrin icrasına imza atıldı. Əsrin kontraktlarını imzalayan uzaqgörən siyasətçi, mahir dövlət başçısı Heydər Əliyevin başlatdığı və əsasını qoyduğu sosial-iqtisadi siyasəti bugün uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndərin bütün istək və arzularını həyata keçirmək əzmi ilə ölkəyə rəhbərlik edir. Sürətlə inkişaf edən iqtisadi gücü, siyasi imici durmadan artan Azərbaycan ilk növbədə öz güclü ordusunu yaratmağa nail olur. Azərbaycanın ordu quruculuğuna ayırdığı vəsait hardasa Ermənistanın bütöv büdcəsinə bərabər idi. Azərbaycan heç bir dövlətdən kömək almadan öz hərbi sənayesini yaratmışdı. Eyni zamanda Azərbaycanda yeni vətənpərvər gənc nəsil yetişməkdə idi. Hər şeyi səbrlə, vaxtında, necə edəcəyini yaxşı bilən Prezidentimiz ölkə vətəndaşlarının ruhuna hakim olmağı da bacardı. Prezident İlham Əliyev bütün çıxışlarında, hətta beynəlxalq mötəbər məclislərdə dəfələrlə qeyd etmişdi ki, Azərbaycan Ermənistanın işğalçılıq siyasəti ilə heç vaxt barışmayacaq. Biz, gec-tez öz torpaqlarımızı işğaldan təmizləyəcəyik.

   2016-cı il aprel ayında Lələtəpə və 2020-ci il iyul ayında Tovuz döyüşləri düşmənə bir mesaj idi: Azərbaycan 30 il əvvəlki Azərbaycan deyil. İndi onun güclü ordusu var. Ermənilər bu gücü görməzdən gəldilər, öz havadarlarına arxalanaraq çirkin əməllərindən əl çəkmədilər. Və 2020-ci il sentyabrın 27-də törətdikləri təxribatlar onların sonu olur. Ermənistanın növbəti təxribatı zamanı 11 dinc sakinimiz, o cümlədən 2 uşaq həlak olmuşdur. Düşmən təxribatını dəf etmək və təcavüzə son qoymaq məqsədi ilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücum əmrini verdi. Beləliklə, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi.

   30 il ərzində Ermənistan Azərbaycana milyardlarla maddi ziyan vurmuşdu. Əhalimiz qaçqın, köçkün həyatı yaşamış, yurd-yuvamız xarabalığa çevrilmiş, yerlə-yeksan olunmuşdu. İşğal zamanı Azərbaycanın misilsiz mədəniyyət abidləri də məhv edilmişdir.

   Dünyanın ən güclü orduları sırasında möhkəmlənən, Cənubi Qafqazın ən qüdrətli ordusu olan Azərbaycan Silahlı Qüvvələri 27 sentyabrda başlanan Vətən müharibəsində öz sözünü dedi. Milli həmrəyliyin, güclü , effektiv hərsiyasi iradənin,effektiv hərbi strategiyanın və Milli Ordunun gücü düşməni təslim aktına imza atmağa məcbur etdi. Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Vətən müharibəsində ordumuzun döyüş taktikası dünyanı heyran qoydu. Belə ki, beynəlxalq analitiklər belə qənaətə gəliblər ki, bu müharibədə dünyanın ən güclü ordusu da heç vaxt qalib ola bilməzdi. Artıq bu gün ordumuzun döyüş taktikası bir çox dövlətlərin hərbi rəsmiləri tərəfindən öyrənilməyə başlanılıb.

   Vətən müharibəsindəki qələbəmiz bir daha onu sübut etdi ki, birlik, iradə və əzmkarlıq Qələbəyə aparan möhtəşəm yoldur. Suverenliyimiz və ərazi bütövlüyümüz uğrunda gedən mübarizədə əsgər və zabitlərimizin qəhrəmanlığı, xalqımızın bir yumruq kimi birliyi, həmrəyliyi düşmən üzərində qələbəmizi təmin etdi.

   Vətən müharibəsi dövründə ölkə başçısı İlham Əliyevin müsahibələri Azərbaycanın diplomatik uğurudur. Hər zaman xalqının dəstəyinə arxalanan Prezident İlham Əliyevin diplomatik və informasiya savaşı cəbhəsində misilsiz rəşadəti sözün həqiqi mənasında, öyrənilməli bir məktəbdir.

  Cənab Prezident İlham Əliyev Azərbaycan xalqı ilə qürur duyur. Və hər bir vətəndaşın qayğısını çəkməkdə israrlıdır. Qələbənin qazanılmasında ən çox əsgər və zabitlərimizə borcluyuq,–deyən Prezident İlham Əliyev hər zaman olduğu kimi bu gün də qazilərin, şəhid ailələrinin yanındadır. Yaralı qazilərin reablitasiyası və onların sosial məsələlərinin həlli istiqamətində görülmüş işlər bunun sübutudur.

   Vətən müharibəsinin hər bir iştirakçısı şücaətinə görə dövlətimiz tərəfindən qiymətləndirilib. Onlar Prezident, Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla, fəxri adla mükafatlandırılıblar. Vətən müharibəsində qələbə münasibətilə “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni – “Vətən Müharibəsi Qəhrəmanı”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalları təsis olunub.

  Bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyevin 27 sentyabrı –Vətən müharibəsinin başladığı günü, Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması haqqında sərəncam imzalamışdır. Bu da şəhidlərimizə, onların doğmalarına ali ehtiramının bir göstəricisidir.

   44 günlük müharibədəki qələbəmiz, Prezident İlham Əliyevin qətiyyəti erməniləri və onların havadarlarını iflasa uğratdı. Bütün təsirlərə baxmayaraq, Azərbaycan Qələbə qazandı, tarixi ədaləti bərpa etdi.

   Bu gün revanşist cəhdlər göstərən Ermənistan öz gələcəyini düşünərkən boş xəyallara  qapılmasın. Çünki, dəmir yumruq hər an onun başını əzməyə qadirdir. Nə qədər ki, Azərbaycan xalqının birlik əzmi, vətən sevgisi var, nə qədər ki, bu dövlətə İlham Əliyev kimi tədbirli və qətiyyətli bir rəhbər liderlik edir və nə qədər ki, bu ölkədə içi vətən sevgisi ilə çağlayan gənclik yetişir erməni vandalları bir daha torpaqlarımıza kəm baxa bilməyəcəklər. Səbrimizi sınamasınlar. Sonları fəlakət olar!

   Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qarabağ Azərbaycandır!

Keçidlər