Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

27 sentyabrdan başlanmış yol Vətənimizi doğan Günəşə çevirdi

27 sentyabr 2024 | 14:36

Bu gün ölkəmizdə Anım Günüdür. Xalqımız II Qarabağ müharibəsində qəhrəmanlıqla döyüşən, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən əsgər və zabitlərini, bütün şəhidlərini dərin ehtiramla anır!

   27 sentyabr doğma torpaqlarımızı işğaldan azad etmək, ölkəmizin sərhədlərini təxribatlardan qurtarmaq iradəmizin güclü təməli, Qarabağda erməni hökmranlığını başa çatdıracaq hərbi-siyasi gücümüzün ortaya qətiyyətlə qoyulduğu, milli ruhumuzun, milli həmrəyliyimizin öz sözünü kəskinliklə dediyi şərəfli bir tarixdir.      

Cənab Prezident İlham Əliyevin də bil­dirdiyi kimi, 27 sentyabr 2020-ci il tarixində nələrin baş verdiyini tarixçilər deyəcəklər. Ümumən, istənilən hadisəyə ən layiqli qiy­mətin verilməsi, onun vətəndaşlıq hüququ qazanması üçün zamana ehti­yac var. 27 sentyabr tarixi ilə bağlı ən obyektiv və dolğun qiymət zamanla veriləcək, bu tarixin möhtəşəmliyi özünü daha zəngin təqdimatlarda tapacaq.

Bu tarix müdrikliyin, səriştə­nin, dönməzlik və prinsipiallığın zəfərinə doğru yolun başlanğıcıdır.

27 sentyabr tarixi həm də haqqın və ədalətin güc yolu ilə, hərbi yolla zəfər çaldığı möh­təşəm bir mərhələnin başlanğıcıdır.

27 sentyabr tarixi onu da göstərdi ki, Azərbaycan xalqını saymazdan gəlmək cəhdləri mənasızdır. 44 günlük müharibənin Zəfərindən sonra bu xalqın malik olduğu dövlət, ümumən, Cənubi Qafqaz regionunda yeni mər­hələnin təməlini qoydu. Ümummilli lider Heydər Əliyev bildirirdi ki, Azərbaycan dün­yaya Günəş kimi doğacaq. Dahi şəxsiyyə­tin söylədiyi hər fikir, dilə gətirdiyi hər arzu reallıqla uzlaşır, çin çıxır. 27 sentyabrdan başlanmış yol Vətənimizi doğan Günəşə çevirdi. Elə bir Günəşə ki, dünyanı yenidən işıqlandırmaq əzmini göstərdi. 

Post müharibə dövründə Azərbaycan dünyaya öz haqlı və tarixi qələbəsinin nəticələrini qəbul etdirə bildi. Hazırda elə bir nüfuzlu qurum yoxdur ki, bu reallıqların əksinə olan mövqe ortaya qoysun. Bu, heç də asan iş kimi görünməməlidir. Cənab Prezidentin qərarlı mövqeyi, düşünülmüş siyasəti nəticəsində Azərbaycan müharibədən sonra da nəinki Cənubi Qafqazda, artıq bütün dünyada öz sözünü deyən, lider dövlətlərdən birinə çevrilmişdir. Dünyada hələ də güclü erməni lobbisinin və ikili standartların mövcudluğunu nəzərə alsaq, prosesin necə bir gərgin əmək və düşünlümüş siyasət nəticəsində başa gəldiyini anlamaq mümkündür. Bütün bu əldə edilmiş uğurların əsasında xalq-iqtidar birliyi dayanır. Xalq öz rəhbərinə güvənir və yekdil olaraq Dəmir Yumruq ətrafında birləşir.

10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq, Azərbaycanın Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələri birləşmələrin mövcudluğunu davam etdirməsi regional sülhə və təhlükəsizliyə ciddi təhlükə yaradır. Bölgədə sülhə və sabitliyə nail olmağın yeganə yolu Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tam çıxarılması və qanunsuz rejiminin ləğvidir. Lakin Azərbaycan mövqelərinin sistematik atəşə tutulması, Azərbaycan ərazilərində mina basdırılmasının davam etdirilməsi və Ermənistan silahlı qüvvələrinin regionda döyüş mövqelərini gücləndirməsi barədə məlumatlar tərəflər arasında mövcud olan gərginliyi daha da artırırdı. Ermənilər tərəfindən əvvəllər təmizlənmiş ərazilərdə minaların quraşdırılması kimi kəşfiyyat və təxribat hadisələri həm mülki əhali, həm də hərbi qulluqçular üçün ciddi təhlükə yaratmaqda idi. Bu baxımdan Azərbaycan bu narahatlıqlara cavab olaraq 2023-cü il sentyabrın 19-da Qarabağ bölgəsində lokal antiterror əməliyyatı keçirməyə başlamışdır.

Cənab Prezidentin dediyi kimi  hər şeyin öz zamanı, öz məqamı var. 19 sentyabr 2023-cü ildə cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular.

Sentyabrın 28-də Qarabağın separatçı rejimin rəhbəri Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənəd imzaladı. Beləliklə, 24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərksilah edilərək, ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, separatçıların əsas rəhbərləri həbs edildi və Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi. Azərbaycanın Zəfər tarixi Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəranda üçrəngli bayrağımızın yüksəldilməsi, ərazi bütövlüyümüzün tam bərpası ilə yekunlaşdı. 2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan təntənəli hərbi paradın keçirilməsi Qələbəmizin möhtəşəm simvoluna çevrildi.

27 sentyabrda başlanmış yol özünün göz­lənilən məntiqi sonluğuna çatmışdı. Bu gün o şərəf yolumuzun başlanmasından dörd il ötür. Bu dörd ilin tamamında Vətənimiz Azərbaycan özünün suverenliyini də bərpa edib. Qətiyyətlə demək olar ki, “27 sentyabr”ın qarşıya qoyduğu hədəflər tam şəkildə həyata keçirildi. 

Bu gün Dövlətin sosial siyasətində şəhid ailələrinə və qazilərə diqqət və qayğı xüsusi əhəmiyyət daşıyır. Şəhid ailələrinin və qazilərin sosial müdafiəsinin gücləndirilməsi, rifah halının daim yaxşılaşdırılması ölkə başçısının və birinci vitse-prezident Mehriban xanım Əliyevanın bilavasitə rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ölkənin iqtisadi gücü, qüdrəti artdıqca bu kateqoriyadan olan şəxslərə ödənilən müavinətlərin, sosial ödənişlərin də məbləği artırılır. Bununla bağlı dövlət başçısı tərəfindən son illər bir neçə dəfə müvafiq sərəncamlar imzalanıb. Prezident İlham Əliyevin imzaladığı həmin sərəncamlara əsasən, şəhid ailələrinə, qazilərə və əhalinin digər həssas qruplarına aid insanlara verilən təqaüdlərin həcmi artırılıb. Şəhid ailələri və əlillərə mütəmadi olaraq  yeni mənzillər, avtomobillər verilir. Onların müalicəsi üçün reabilitasiya mərkəzləri açılır və zərurət yarananda müalicə olunmaq üçün xarici ölkələrə göndərilirlər. Qısa müddət ərzində bu insanlar xarici ölkələrdə müalicə olunaraq sağlamlıqlarını bərpa edirlər. Dövlətin bu təbəqəyə göstərdiyi qayğı və diqqət cəmiyyətdə böyük rəğbətlə qarşılanır. 

Tarix yazan qəhrəmanlarımızı böyük ehtiram və hörmətlə anırıq! Bir birindən qəhrəman, bir-birindən yaraşıqlı şəhid qardaşlarımız! Sizləri heç bir söz vəsf edə bilməz. Sizlər ölümün gözünə dik baxaraq Vətən yolunda canınızdan keçdiniz. Deyirlər, ölüm haqdır, ona hər kəs qovuşa bilər, ancaq hər kəs haqq üçün dirilə bilməz. Torpaq uğrunda canlarından keçən şəhidlər isə bir ölər, min dirilər.Ruhunuz qarşınızda baş əyirik!

 

 

 

 

 

 

Keçidlər