Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının iyirminci ildönümü

23 oktyabr 2012 | 15:00

Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının iyirminci ildönümü münasibətilə Qax şəhərində keçirilən yubiley tədbirinin iştirakçıları əvvəlcə partiyanın yaradıcısı, ümummilli liderimiz Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsi önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Rayon mədəniyyət evində keçirilən “Yeni Azərbaycan Partiyası – zamanın tələbi, xalqın istəyi” mövzusunda tədbirdə YAP Qax rayon təşkilatının sədri Nizami Əhmədov partiyanın Azərbaycanın ictimai-siyasi həyatındakı müstəsna rolundan danışmış, dövlətçiliyimiz qarşısındakı tarixi xidmətlərindən geniş bəhs etmişdir.
Qeyd olunmuşdur ki, 20 illik fəaliyyəti dövründə sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmləndirən Yeni Azərbaycan Partiyasına xalqın sevgisi, dəstəyi inkaredilməzdir. Bu baxımdan 91 ziyalının ulu öndər Heydər Əliyevə müraciəti təkcə həmin şəxslərin deyil, həm də ölkədə baş alıb gedən hakimiyyət böhranı nəticəsində yaranmış hərc-mərclikdən, özbaşınalıqdan cana doymuş bütöv bir xalqın ümummilli liderə böyük ümidinin ifadəsi idi.
YAP-ın yarandığı dövrdə respublikanın ictimai-siyasi həyatında cərəyan edən hadisələri xatırladan rayon təşkilatının sədri obyektiv səbəblərdən partiyanın təsis konfransının Bakıda deyil, Naxçıvanda keçirildiyini diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, 1992-ci il noyabrın 21-də Azərbaycanın əksər bölgələrindən cəmiyyətin bütün təbəqələrini təmsil edən 550 nümayəndənin iştirakı ilə keçirilən təsis konfransında ulu öndər Heydər Əliyev YAP-ın sədri seçilmişdir. Bununla da ölkənin ictimai-siyasi həyatına Yeni Azərbaycan Partiyası adı altında qüdrətli bir təşkilat daxil olmuşdur.
Qeyd olunmuşdur ki, 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə partiyanın həyatında yeni dövrün əsası qoyulmuşdur. Partiyanın statusu yeni şəraitə uyğun olaraq dəyişmiş, iqtidar partiyasına çevrilərək ölkənin siyasi həyatında mövqeyini möhkəmləndirmiş, kütləvi siyasi qüvvəyə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədi ilə yüksək fəallıq nümayiş etdirmişdir.
Qısa zamanda partiyanın şəhər və rayon təşkilatları təsis olunmuşdur. 1993-cü ilin sentyabrında təsis olunan, özündə 70 ərazi ilk partiya təşkilatını birləşdirən YAP Qax rayon təşkilatının hazırda 3552 nəfər üzvü vardır. Onlar rayonun ictimai-siyasi həyatında fəal iştirak edirlər.
Yubiley tədbirində AMEA Tarix İnstitutunun direktoru, YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov və Siyasi Şuranın üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək rayon təşkilatının üzvlərini əlamətdar yubiley münasibətilə təbrik etmişlər.
Qeyd olunmuşdur ki, partiyanın 20 ildə qazandığı uğurların təməlində sözlə əməl birliyi dayanır. Dövlətə, xalqa xidməti fəaliyyətinin əsas prinsipi kimi qəbul edən YAP-ın cəmiyyətdə nüfuzunun artmasında, sıralarının genişlənməsində bu amilin rolu inkaredilməzdir. Partiyanın qüdrəti, şərəfi, sıralarının gündən-günə genişlənməsinin səbəbi ondadır ki, bu partiyanın yaradıcısı, ilk rəhbəri dahi şəxsiyyət, Azərbaycan xalqının xilaskarı Heydər Əliyev olmuşdur. Partiyanın nüfuzu ondadır ki, bu siyasi birliyə hazırda Heydər Əliyev ideyalarının layiqli davamçısı Prezident İlham Əliyev rəhbərlik edir.
Tədbirin sonunda partiyanın rayon təşkilatının fəallarına fəxri fərmanlar, habelə partiya sıralarına yeni daxil olan gənclərə üzvlük vəsiqələri təqdim edilmişdir.
 

Keçidlər