Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılmışdır

20 yanvar 2017 | 16:00

Rayonda xalqımızın tarixinə qanla yazılmış 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar  tədbirlər planı hazırlanmış, müəssisə və təşkilatlarda, ümumtəhsil məktəblərində, mədəniyyət ocaqlarında anım mərasimləri, xatirə gecələri, konfranslar keçirilmiş, sərgi və guşələr təşkil  edilmişdir.
Yanvarın 20-də ümumxalq hüzn gününə həsr olunmuş rayon tədbiri keçirilmişdir. Rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri əvvəlcə Şəhidlər xiyabanına gələrək, 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək düzmüş, onların  ölməz xatirəsini ehtiramla yad  etmişlər.
Tədbir iştirakçıları rayon Təhsil Şöbəsinin inzibati binasında məktəblilərin hazırladığı sərgiyə baxış keçirdikdən sonra “20 Yanvar qan yaddaşımızdır” mövzusunda keçirilən elmi praktiki konfransı giriş sözü ilə açan  Rayon İcra Hakimiyyətinin başçısı  Musa Şəkiliyev qanlı Yanvar hadisələrinin mahiyyəti, onu doğuran səbəblər, faciənin acı nəticələri barədə danışmış, bu qanlı qırğının xalqımızın azadlıq mübarizəsi tarixində şanlı səhifə olduğunu xüsusi vurğulamışdır.
Tədbirdə iştirak edən natiqlər həmin dövrdə hadisələrə hüquqi-siyasi qiymət verilməsində, cinayətkarların adının xalqa bəyan edilməsində ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətlərini önə çəkmiş, hazırda 20 Yanvar şəhidlərinin ailələrinə dövlətimiz tərəfindən yüksək diqqət və qayğı göstərildiyini vurğulamışlar.
Sonda rayon Mədəniyyət Evinin işçiləri tərəfindən hazırlanmış ədəbi bədii kompozisiya və mövzuya aid videoçarx nümaiş etdirilmişdir.

Keçidlər