Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür

31 dekabr 2023 | 10:45

      Xalqların öz mövcudluğunu qoruyub saxlaması və inkişafı siyasi, iqtisadi, mədəni və tarixi əhəmiyyət kəsb edən bir sıra amillərlə bağlıdır. Lakin ən əsası, tarixin bütün dövrlərində müxtəlif xalqlar, millətlər üçün həlledici faktor kimi çıxış etmiş milli identiklik, həmrəylik və özünüdərkdir. Bu baxımdan, Azərbaycan xalqının milli həmrəylik və bütövlüyünün təmin olunması milli identikliyin təmini sayəsində mümkün olub. İdentikliyə isə, ilk növbədə, milli dövlətçiliyin əsaslarının möhkəmləndirilməsi, xalqın həmrəyliyini təmin edəcək ideologiyanın formalaşdırılması və ictimai-siyasi sabitliyin bərqərar olunmasının fonunda nail olunub.      

       Hər il dekabr ayının son gününün Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunması taleyin gərdişi üzündən dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın tarixi Vətənlə - müstəqil Azərbaycanla əlaqələrinin möhkəmlənməsinə, həmçinin onların bir-biriləri ilə sıx ünsiyyət qurmalarına, milli-mənəvi dəyərlərimizin, ənənələrimizin qorunub saxlanılmasına xidmət edir.     
        Həmrəylik bayramı ilk növbədə azərbaycançılıq ideologiyasına söykənir. Son illərdə bu ideologiya müstəqil Azərbaycanın çiçəklənməsinə və dünya azərbaycanlılarının özünüdərkinə təkan verən güclü bir amilə çevrilmişdir. Azərbaycançılıq ideologiyası ətrafında birləşən hər bir soydaşımız harada yaşamasından asılı olmayaraq ana Vətənin inkişafına, onun dünya birliyində layiqli yer tutmasına və tanınmasına, mədəniyyətimizin təbliğinə, ölkəmizlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə obyektiv şəkildə çatdırılmasına töhfə verməyi özünün mənəvi borcu sayır.       
        Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dekabrın 31-də qeyd olunması təsadüfi deyildir. Ötən əsrin 80-ci illərinin axırlarında keçmiş ittifaq məkanında gedən proseslər Azərbaycanda milli oyanış hərəkatının geniş vüsət almasına gətirib çıxartdı. Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi, Dağlıq Qarabağda yaşayan ermənilərin açıq separatçılıq hərəkatı, bu proseslərin Ermənistan və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz yurd-yuvasından qovulması ilə nəticələnməsi “Meydan hərəkatı”nın əsasını qoydu.  
          Moskvanın və yerli hakimiyyət orqanlarının yarıtmaz siyasəti nəticəsində meydana çıxan bu problemlərin qarşısını almaq təşəbbüsünü üzərinə götürən xalq 1988-ci il noyabrın 17-da Bakının mərkəzi meydanına toplaşaraq fasiləsiz kütləvi etiraz aksiyasına başladı. Həmin günlər göstərdi ki, xalqımız müstəqil olmağa, azad yaşamağa layiqdir. Belə bir vaxtda azərbaycanlıların vətən naminə həmrəyliyinə, birliyinə ehtiyac yarandı.     
Beləliklə, bütün bu baş verən hadisələrin fonunda 31 dekabr Azərbaycanın tarixinə Milli Həmrəylik Günü kimi daxil oldu.  
        Bu tarixin rəsmiləşdirilməsi isə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun təşəbbüsü ilə 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Milli Həmrəylik və Birlik Gününün təsis olunması barədə qərar qəbul etdi. Bundan cəmi doqquz gün sonra Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası hər il dekabr ayının 31- nin Azərbaycanlıların Həmrəylik Günü elan olunması barədə sərəncam verdi. Beləliklə, Dünyanın 70-dən yuxarı ölkəsinə səpələnən 50 milyondan çox azərbaycanlı vahid azərbaycançılıq ideyası ətrafında birləşdirilməsinin və milli diasporumuzun formalaşdırılmasının əsası qoyuldu. Bu tarix dünya azərbaycanlılarının hər il sevinclə qeyd etdikləri milli bayrama çevrilmişdir. 
      Vətənini və xalqını sonsuz məhəbbətlə sevən, andına, sədaqətinə sadiq olan, qətiyyəti, inamı, müdrikliyi ilə milyonları öz ətrafında birləşdirməyi bacaran, hadisələri düzgün qiymətləndirib reallıqlardan lazımi nəticə çıxaran Heydər Əliyev kimi vətənpərvər insan, siyasətçi yalnız bu tarixi yarada və yaza bilərdi. Heydər Əliyevin ömrü Azərbaycanın iyirminci əsr tarixinə müdriklik, vətənpərvərlik, insanlıq, Azərbaycançılıq kimi bəşəri dəyərləri bəxş etməklə bərabər, həm də yeni tariximizdə xalq-rəhbər birliyinin yenilməzliyini həqiqətə çevirdi.  

      Dünya Azərbaycanlılarının qurultayları milli birliyin gücləndirilməsinə mühüm töhfələr verir.
       Soydaşlarımızın milli birliyinə nail olunması istiqamətində ən önəmli vasitələrdən biri də, heç şübhəsiz, Dünya Azərbaycanlılarının qurultaylarıdır. Ümumiyyətlə, Dünya Azərbaycanlılarının Qurultayı xaricdə yaşayan azərbaycanlıların müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin müzakirə edildiyi platforma kimi müstəsna əhəmiyyət kəsb edir.    
      Məhz Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci il noyabr ayının 9-10-da Bakıda Dünya    Azərbaycanlılarının I qurultayı keçirildi. Qurultay dünya azərbaycanlılarının birləşdirilməsi, bu sahədə mövcud olan problemlərin aradan qaldırılması istiqamətində mühüm hadisəyə çevrildi. Qurultayda dərin məzmunlu nitq söyləyən ulu öndər Heydər Əliyev dünya azərbaycanlılarının milli birliyinin və həmrəyliyinin təmin edilməsi, Azərbaycan dövləti və dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsi zərurəti, o cümlədən, ana dilinin, milli-mənəvi dəyərlərin qorunub saxlanılması, inkişaf etdirilməsi haqqında fikirlərini bildirdi. “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bugündə fəxr edirəmki, mən azərbaycanlıyam!”- müdrik rəhbərin bu kəlamları hərbir həmvətənlərimiz üçün milli qürur rəmzinə çevrilmişdir.

         Bu fikirlər həm də milli birliyimizin möhkəmləndirilməsi istiqamətində mayak rolunu oynadı və bu yolda gələcək vəzifələrin müəyyənləşdirilməsində əsas kimi çıxış etdi. Məhz bu tezislər tez bir zamanda xarici ölkələrdə yaşayan azərbaycanlıların ümummilli problemlərimiz istiqamətindəki təbliğatı gücləndirməsinə imkan verdi. Artıq dünya azərbaycanlıları dərk etdilər ki, onların arxasında mühüm bir güc - müstəqil Azərbaycan dövləti dayanır. 
         Ümummilli lider Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə Xarici ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından sonra dünya azərbaycanlılarının arasında həmrəyliyin möhkəmləndirilməsi istiqamətində daha məqsədyönlü işlər aparılmışdır. Diasporla İş üzrə Dövlət komitəsi Azərbaycan diasporunun fəaliyyətinin mütəşəkkil şəkildə əlaqələndirilməsində, dünya azərbaycanlılarının siyasi və ideoloji birliyinin təmin olunmasında, bu sahədə mövcud problemlərin aradan qaldırılmasında mühüm rol oynayır. Azərbaycanlıların həmrəyliyi, birliyi yönümündə həyata keçirilən bu və ya digər tədbirlər artıq öz səmərəsini verir. Belə ki, Azərbaycan diasporu beynəlxalq aləmdə milli maraqlarımızın təmin olunmasında, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə obyektiv şəkildə çatdırılmasında böyük təsir gücünə malik bir qüwəyə çevrilmişdir. 
Hazırda dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar arasında həmrəyliyin möhkəmləndirilməsi, onların təşkilatlandırılması və güclü Azərbaycan diasporunun formalaşdırılması respublikamızda dövlət siyasətinin mühüm istiqamətini teşkil edir.
         Azərbaycan Respublikasının Prezidenti cənab İham Əliyev təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan milli həmrəylik ideyalarının bu gün də Azərbaycan dövləti üçün öz aktuallığını saxladığını nümayiş etdirir. “Bu gün Azərbaycan diasporu böyük iqtisadi, mədəni, intellektual qüvvəyə malikdir. Yaşadıqları ölkələrin ictimai-siyasi həyatında onların təsiri getdikcə daha artıq hiss olunur. Azərbaycan dövləti nüfuzlu iqtisadi və siyasi gücə çevrilmiş, bütün dünyada yaşayan soydaşlarımız qarşısında parlaq perspektivər açılmışdır. İndi biz dünya azərbaycanlılarının ümumbəşəri və mili-mədəni hüquqlarının, beynəlxalq konvensiyalarda təsbit edilmiş insan haqlarının qorunmasını təmin etmək üçün daha təsirli vasitələrə malikik. Azərbaycanın siyasi rəhbərliyi dünya azərbaycanlılarının Vətənimizə və xalqımıza mənsubluq hissini gücləndirmək, onların ölkəmizin iqtisadi, mədəni həyatında hərtərəfli iştirakını təmin etmək üçün bütün zəruri tədbirləri görəcəkdir”- Prezident İlham Əliyevin bu sözləri Azərbaycan dövlətinin bu mövzuda necə qərarlı olduğunu sübut edir.   

        Prezident İlham Əliyevin 2008-ci il 19 noyabr tarixli sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi, dövlət başçısının 2018-ci il 5 iyul tarixli fərmanı ilə isə Azərbaycan Diasporuna Dəstək Fondu yaradılıb.

            Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü—Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu gün dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır.   

Eyni zamanda, xaricdə yaşayan soydaşlarımızın təşkilatlanmasında, bir-biri ilə əlaqələrinin yaranmasında, diasporumuzun fəaliyyətinin güclənməsində və Azərbaycan həqiqətlərinin daha geniş təbliğində Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Fond xarici ölkələrdəki fəaliyyətini üç əsas istiqamət üzrə qurur. Bunlar həmin ölkələrdə humanitar layihələrin həyata keçirilməsi, Azərbaycan mədəniyyətinin təbliğinə həsr olunan tədbirlərin təşkili və Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasıdır. Bir sözlə, Azərbaycanın birinci Vitse-prezidenti, Mehriban Əliyevanın rəhbərlik etdiyi Fondun həyata keçirdiyi tədbirlərin əhəmiyyəti və miqyası Azərbaycanın dünyada təbliğində, dünya azərbaycanlılarının vahid məfkurə ətrafında birləşməsində çox mühüm yer tutur.      

Bütün bu nailiyyətlərin əsasında ümummilli lider Heydər Əliyevin formalaşdırdığı siyasi kurs dayanır. Möhtərəm Prezidentimiz İlham Əliyev ümummilli liderimizin müdrik siyasi kursunu layiqincə davam etdirərək, Azərbaycanın dünyanın yüksək inkişaf etmiş ölkələri sırasına çıxması naminə qeyri-adi fədəkarlıq nümunələri göstərir.

Dünya azərbaycanlılarının ötən müddətdə baş tutan möhtəşəm qurultaylarının  həmrəyliyimiz, milli maraqlar uğrunda təşkilatlanmağımız istiqamətində müstəsna əhəmiyyəti oldu.  
        Xalq olaraq bu birliyimizin ən parlaq nailiyyətini 44 günlük müharibədə əyani şəkildə gördük. Azərbaycanın Zəfəri ilə bitən Vətən müharibəsində dünya azərbaycanlıları bir amal ətrafında tarixin heç bir dönəmində olmadığı kimi birləşdi, həmrəy oldu. Xüsusilə də soydaşlarımız beynəlxalq aləmə səsimizi çatdırmaq üçün informasiya müharibəsində mühüm xidmət göstərdilər.  
      Milli həmrəyliyimizin təntənəsinə çevrilən o 44 gündə diaspor təşkilatlarımızın dünyanın müxtəlif ölkələrində keçirdikləri  aksiyalarda soydaşlarımız və dost xalqların nümayəndələri iştirak etdilər. Eyni zamanda müharibə günlərində diaspor təşkilatlarımız müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinə, parlament üzvlərinə, beynəlxalq təşkilatlara bəyanatlar, müraciətlər göndərdilər.    
Azərbaycan milli birlikdən doğan bu güc-qüvvə sayəsində işğalçı Ermənistanı məğlubiyyətə uğratdı, Qarabağın mirvarisi, qürur qalamız Şuşanı azad edərək mənfur düşməni kapitulyasiya bəyanatına imza atmağa məcbur etdi.

     2022-ci il aprelin 22-23-də isə dünya azərbaycanlıları parlaq Zəfərimizin qürurunu bir daha Şuşada yaşadılar. Həmvətənlərimiz Zəfər qurultayı kimi fəxarətli titula sahib V qurultaylarını Qarabağda, mədəniyyət paytaxtımızda keçirdilər. 65 ölkədən 400-dən çox diaspor nümayəndəsi və qonağın iştirak etdiyi qurultayda dünya azərbaycanlıları bir daha öz sarsılmaz və əbədi həmrəyliklərini  dünyaya bəyan etdilər.
Vətən müharibəsində yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətə Azərbaycan həqiqətlərinin çatdırılmasında uğurlu fəaliyyət göstərən diasporumuzun Qarabağın azad olunmasından sonra ilk böyük görüşünün qürur ünvanımız Şuşada keçirilməsinin özünün böyük rəmzi mənası və tarixi dəyəri oldu, birliyimizin, gücümüzün təntənəli nümayişi kimi qürurla dünyaya sərgiləndi.
Ulu Öndərin müstəqil Azərbaycan dövlətinin sarsılmaz dayağı hesab etdiyi və uğurlu təməlini qoyduğu azərbaycançılıq ideyası, milli birlik və bərabərliyimiz bu istiqamətdə Prezident İlham Əliyevin dəqiq müəyyənləşdirdiyi strategiya üzrə möhtəşəm inkişaf yolu keçərək tarixdəki ən güclü səviyyəsinə, Ulu Öndər Heydər Əliyevin arzularında yer alan zirvəyə yetdi.       Azərbaycan Prezidentinin müxtəlif səbəblərdən Vətəndən kənarda yaşayan soydaşlarımızı hər zaman diqqətdə saxlaması ona böyük sevgi və etimad qazandırıb. Bu gün dövlətimizin məhz onun mükəmməl siyasəti nəticəsində regionda liderlik statusu qazanması, beynəlxalq aləmdə söz sahibinə çevrilməsi bu rəğbətə qürur və inamı da əlavə edib.

       Qüdrətli Azərbaycan milli həmrəylik və bütövlüyün qarantıdır.
Həmrəylik ictimai ahəngdarlığı və milli özünüdərki təmin edən, milli-etnik platformada milli yaddaşı bərpa edən, milli birliyi səfərbər edən, məqsədyönlü fəaliyyəti stimullaşdıran vasitədir. Bir millətin, xalqın varlığını sürdürə bilməsi, dünya xalqları içərisində özünə layiqli yer tutması üçün milli birlik və həmrəylik həyati önəm daşıyır. Bu mənada, dünya azərbaycanlılarının həmrəyliyi bütün dünyada yaşayan azərbaycanlıların səfərbər edilməsi, konkret məqsəd ətrafında birləşdirilməsi deməkdir.
Müstəqil Azərbaycan Respublikasının yaradılması və öz mövcudluğunu qoruyub saxlaması geniş mənada, milli birliyin Azərbaycan xalqının ictimai, siyasi və mənəvi tələbatına çevrilməsi deməkdir. Milli birlik və həmrəylik şəraitində cəmiyyətdə sabitlik mövcud olur, yüksək mənəvi dəyərlər ictimai qanunauyğunluqların əsas bazasına çevrilir və bu, belə bir harmonik mühitdə dövlətin siyasi, iqtisadi və digər sistemlərinin rahat inkişafına, beləliklə də, ümumi rifahın təmin olunmasına gətirib çıxarır.
Digər tərəfdən, müstəqil dövlətin qurulması milli birliyi zəruri etdiyi kimi, həm də bu birliyə şərait yaradan amildir. Bu gün dünya azərbaycanlıları qürur və iftixar hissi keçirirlər ki, onları müdafiə və himayə edən, hər bir azərbaycanlının inam və güvən yeri olan müstəqil Azərbaycan dövləti var. Eyni zamanda, müasir, müstəqil dövlətimizin inkişafı soydaşlarımızın birlik və həmrəyliyini təmin edən mexanizm qismində çıxış edir.        
          Beləliklə, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu milli inkişaf siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsi kimi, dünya azərbaycanlıları vahid məfkurə ətrafında sıx birləşiblər. Bu birliyin möhkəmləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirilir, müxtəlif tədbirlər reallaşdırılır. İstər səmərəli diaspor siyasəti, istər ölkənin beynəlxalq aləmdə təbliğinin operativ və effektiv şəkildə davam etdirilməsi, istərsə də mütəmadi olaraq Dünya Azərbaycanlılarının qurultaylarının keçirilməsi bu baxımdan müstəsna əhəmiyyət kəsb edir.
         Ölkəmizdə Lider-Xalq birliyinin daim genişlənən çevrəsində qalib sərkərdə, mükəmməl siyasətçi Prezident İlham Əliyevlə 50 milyonluq bir xalqın mənəvi bütövləşməsi də yer alır. Bu mənada dünya azərbaycanlılarının həmrəyliyi təkcə dövlət bayramlarından biri kimi qeyd edilən 31 dekabr günü ilə bağlı deyil, möhtəşəm bir reallıq kimi daim həyatımızın önəmli bir parçasıdır.

       Prezident İlham Əliyevin liderliyi ilə təqvimin bütün günlərində həmrəylik, milli birlik yolundayıq. Bu yolda bütün ürəklər eyni məramla döyünür. Birliyimiz böyüklüyümüzdür!”.

       Rayon rəhbərliyi 31 dekabr- Dünya azərbaycanlılarının Həmrəyik günü və yeni il bayramı münasibəti ilə rayonun bütün sakinlərini təbrik edir, onlara əmin-amanlıq, xoşbəxtlik və rifah arzulayır.   
       Bayramınız mübarək olsun!

 

 


        

 

Keçidlər