Soyqırım qurbanları anıldı
31 Mart-Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar rayonumuzda anım tədbiri keçirilmişdir. Rayon rəhbərliyi və ictimaiyyətinin nümayəndələri əvvəlcə Şəhidlər xiyabanına gələrək, vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olmuş igid həmyerlilərimizin məzarları üzərinə gül-çiçək düzmüş, şəhidlərin ölməz xatirəsini ehtiramla yad etmişlər.
Daha sonra YAP-ın inzibati binasında soyqırım qurbanlarına həsr olunmuş sərgiyə baxış keçirilmiş və tədbir iclas zalında davam etdirilmişdir. Toplantını giriş sözü ilə açan RİH başçısının birinci müavini Tahir İsmayılov ermənilərin xalqımıza qarşı əsrlər boyu davam edən soyqırımı siyasətinin mahiyyətindən və tarixindən geniş bəhs etmişdir. Bildirmişdir ki, erməni millətçilərinin həyata keçirdikləri soyqırımı və təcavüz siyasətinin iki yüz ildən artıq tarixi vardır. Bu məkrli siyasətin məqsədi azərbaycanlıları dədə-baba torpaqlarından sıxışdırıb çıxarmaq, bu əraziləri mənimsəməkdir. T.İsmayılov Azərbaycanlıların soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini bir daha xatırlatmış, hazırda bu istiqamətdə ölkə rəhbərliyi, həmçinin Heydər Əliyev Fondu tərəfindən məqsədyönlü və davamlı iş aparıldığı diqqətə çatdırmışdır.
Məruzə və çıxışlarda soyqırımı hadisələrinin XX yüzillikdə dünya tarixinin ən qanlı səhifələrindən biri olduğu vurğulanmışdır.
Tədbirin sonunda soyqırımın dəhşətlərini əks etdirən sənədli film nümayiş etdirilmişdir.