RESPUBLİKA GÜNÜ QEYD OLUNUB
28 May - Respublika günü münasibətilə rayonumuzda ümumrayon tədbiri kecirilmişdir. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Hüquq- mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, ziyalılar, inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyə sədrlərinin iştirakı ilə El-Resort kompleksində keçirilən tədbirdə çıxış edən İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasıyla xalqımızın milli azadlıq, müstəqillik və demokratiya ilə bağlı arzularının çiçəkləndiyini bildirmiş, cümhuriyyətin 23 ay fəaliyyət göstərməsinə baxmayaraq həyata keçirilən tədbirlərin dövlətçiliyimizin əsaslarının yaradılmasında və gələcək inkişaf yolunun müəyyənləşdirilməsində mühüm rol oynadığını qeyd etmişdir. Azərbaycan Respublikasının Xalq Cümhuriyyətinin varisi olduğunu vurğulayan Musa Şəkiliyev müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli liderimiz Heydər Əliyevin dövlətçiliyimiz qarşısında tarixi xidmətlərini bir daha yada salmış, onun ideya və arzularının artıq reallığa çevrildiyini, ölkəmizin iqtisadi qüdrətinin artdığını və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq aləmdə nüfuzunun daha da yüksəldiyini böyük iftixar hissi ilə qeyd etmişdir.
Tədbirdə çıxış edənlər müstəqilliyimizin əbədi və dönməz olduğunu bildirmişlər.
Daha sonra tədbir rayonun incəsənət xadimləri və bədii özfəaliyyət kollektivlərinin rəngarəng konsert proqramı ilə davam etmişdir.
Sonda öz peşə fəaliyyətində fərqlənən və rayonun ictimai həyatında fəal iştirak edənlər rayon İcra Hakimiyyətinin diplomları və fəxri fərmanları ilə təltif edilmişlər.