Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

QAX RAYONUNUN ZƏYƏM KƏNDİNDƏ YENİ MƏKTƏB BİNASI İSTİFADƏYƏ VERİLMİŞDİR

28 dekabr 2012 | 16:00

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində Qax rayonunun Zəyəm kənd tam orta məktəbinin kollektivi dəyərli bayram hədiyyəsi almışdır. Kənd məktəbi üçün dövlət vəsaiti hesabına inşa edilmiş 360 yerlik yeni bina dekabrın 27-də qapılarını müəllim və şagirdlərin üzünə açmışdır.
Tikintisinə ötən ilin noyabrında başlanan 2 mərtəbəli məktəb binasında 18 sinif otağı, fənn kabinetləri, 2 laboratoriya, informatika otağı, kitabxana, akt və idman zalları, habelə xidməti otaqlar yerləşir.
Yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə rayon İcra Hakimiyyətinin başçısı, ziyalılar çıxış edərək ölkəmizdə təhsil sahəsinin inkişafına göstərilən yüksək dövlət qayğısından danışmış, məktəb kollektivinə uğurlar arzulamışlar. Qeyd olunmuşdur ki, Azərbaycan dövlətinin iqtisadi qüdrətinin ildən-ilə artması ölkədə təhsilin davamlı inkişafı üçün möhkəm zəmin yaratmışdır. Təsadüfi deyildir ki, son illər Azərbaycanda yüzlərlə yeni məktəb binası istifadəyə verilmiş, onlarla məktəb əsaslı təmir olunmuşdur. Qax rayonunda da təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsinə xüsusi diqqət göstərildiyi, son illər rayonda 16 yeni məktəb binasının, 14 əlavə sinif otağının istifadəyə verildiyi diqqətə çatdırılmışdır.
Mərasimdə məktəbin müəllim və şagirdləri, kənd ziyalıları çıxış edərək təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısına görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.
Məktəbin açılışını bildirən rəmzi qırmızı lent kəsildikdən sonra yeni binaya baxış olmuşdur. Məlumat verilmişdir ki, bu təhsil ocağı indiyədək ötən əsrin ortalarında tikilmiş binada fəaliyyət göstərirdi. Məktəbdə 234 şagird təhsil alır. Onların təlim tərbiyəsi ilə 47 müəllim məşğul olur. Müasir standartlara uyğun inşa edilən yeni məktəb binası təzə mebel və avadanlıqla da təchiz edilmiş, binada istilik sistemi quraşdırılmış, həyət tam abadlaşdırılmışdır.
 

Keçidlər