“Kürmükoba” bayramı qeyd edilib
Respublikamızın ərazisində tariximizin müxtəlif dövrlərinə aid, o cümlədən Qafqaz Albaniyası dövrü həqiqətlərinin daşıyıcısı olan onlarla tarixi abidə mövcuddur. Belə abidələrdən biri də rayonumuzun ərazisində, Əmbərçay kəndinin yaxınlığında yerləşən Kürmük məbədidir. Erkən orta əsrlərə aid qədim alban məbədinin izlərini daşıyan bu məbəd əcdadlarımızın dini inanclarının rəmzi abidəsi, müxtəlif dinlərdən olan insanların axışdığı ibadətgah yeridir.
Ənənəvi olaraq Kürmük məbədində ildə iki dəfə - may və noyabr aylarında “Kürmükoba” bayramı keçirilir. Bayramda dini ayinlərlə yanaşı, qurbankəsmə mərasimi icra olunur.
Ənənəyə uyğun olaraq, may ayının 6-da dini mənsubiyyətindən asılı olmayaraq rayonun müsəlman və xristian əhalisi əsl tolerantlıq örnəyi nümayiş etdirərək dostluq şəraitində birgə məbədi ziyarət ediblər. Onlar dini ayinləri icra edib, qurbanlar kəsiblər.