44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın müddətdə düşmən işğalında olan tarixi torpaqlarımızı azad etdi
Cənab Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamı ilə 27 sentyabr ölkəmizdə “Anım Günü” kimi qeyd olunur. Rayonumuzda 27 sentyabr- Anım Günü ilə əlaqədar tədbirlər planı hazırlanmış, məktəblərdə, idarə, müəssisə və təşkilatlarda xatirə gecələri, konfranslar keçirilmiş, sərgi və güşələr təşkil edilmişdir.
Sentyabrn 27-də bütün bölgələrdə olduğu kimi rayonumuzda da Anım Günü ilə əlaqədar şəhidlər xiyabanında tədbir keçirilmişdir.
Rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbər və əməkdaşları, Yeni Azərbaycan Partiyasının fəalları, idarə, müəssisə, təşkilatların kollektivləri, şəhid ailələri, Birinci Qarabağ və Vətən müharibəsinin iştirakçıları, ictimaiyyət nümayəndələri Şəhidlər xiyabanına gələrək ərazi bütövlüyümüz uğrunda canlarından keçən qəhrəman oğulların məzarları üzərinə gül-çiçək dəstələri düzmüş, şəhidlərin ruhuna dualar oxumuş, xatirəsini ehtiramla yad etmişlər.
Mərasiminin əvvəlində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Elbrus Tağıyev çıxış edərək, 2020-ci il sentyabrn 27-də Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ermənistan silahlı birləşmələrinin təxribatlarına qarşı başlayan əks-hücum əməliyyatlarından söz açdı. Bildirdi ki, 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın müddətdə düşmən işğalında olan tarixi torpaqlarımızı azad etdi. Ali Baş Komandanın müdrik və uzaqgörən siyasəti, ordumuzun gücü sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa edildi, işğaldan azad olunmuş tarixi torpaqlarımızda bu gün üçrəngli bayrağımız əzəmətlə dalğalanır. Ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda başlanan savaşda rayonumuzun qəhrəman oğulları da rəşadətlə vuruşmuş, şəhidlik zirvəsinə yüksəlmişlər. Bu Qələbə şəhidlərimizin canı, qazilərimizin qanı hesabına qazanılmış, hərbçilərimizin rəşadəti sayəsində əldə olunmuşdur. Elbrus Tağıyev həmçinin, 2023-cü il sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirlərində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən, Zəfərlə başa çatan döyüşlərdə Vətənimizin igid oğullarının göstərdikləri qəhrəmanlıqlardan danışaraq bildirdi ki, cəmi 23 saat davam edən əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi və erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Prezident İlham Əliyev məhz 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunduğunu və Azərbaycan Respublikasının dövlət suverenliyinin bərpa edildiyini nəzərə alaraq verdiyi 18 sentyabr 2024-cü il tarixli Sərəncamına əsasən hər il sentyabrın iyirmisi Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü və Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhər günləri kimi qeyd edilir.
Tədbirdə Milli Qəhrəman Cavanşir Rəhimovun anası Lalə Rəhimova çıxış edərək, Vətən uğrunda canlarından keçən igid oğulların hər zaman hörmət və ehtirama layiq olduqlarını, onların ruhu qarşısında baş əydiklərini, şəhidlərimizin qanının yerdə qalmadığını, düşməndən amansız qisas alındığını vurğulamışdır.
Tədbirdə anım gününün davamı olaraq ədəbi-bədii kompozisiya nümayiş etdirildi.
Ölkənin hər yerində olduğu kimi, rayonumuzda da saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Allah şəhidlərimizə rəhmət eləsin!






