Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

QAX QADINLARININ IV KONFRANSI KEÇİRİLMİŞDİR

07 mart 2013 | 16:00

Martın 6-da Azərbaycan qadınlarının IV qurultayına hazırlıq çərçivəsində Qax rayon qadınlarının konfransı keçirilmişdir.
Konfrans iştirakçıları əvvəlcə Ümummilli Liderimiz Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsi önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Konfransda “Dövlət qadın siyasətinin həyata keçirilməsi” mövzusunda məruzə dinlənilmişdir. Bildirilmişdir ki, Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, fədakarlığı, çalışqanlığı, millətinə, torpağına hədsiz məhəbbəti ilə tanınmışdır.
         Tarixin sınaqlarından alnıaçıq, üzüağ çıxan Azərbaycan qadını bu gün müstəqil respublikamızda demokratik cəmiyyətin aparıcı üzvü kimi çıxış edir. Milli dövlət quruculuğunun ən müxtəlif sahələrində xüsusi xidmətlər göstərən Azərbaycan qadını həm də ictimai proseslərin fəal iştirakçısıdır. O, ölkəmizdə sülhün və əmin-amanlığın qorunub saxlanması naminə əzmkarlıq göstərir, vətəndaş həmrəyliyi və dövlətçiliyimizin daha da gücləndirilməsi, milli mənəvi dəyərlərin yaşadılması üçün var qüvvəsini səfərbər edir.
         Qeyd olunmuşdur ki, ömrü boyu qadına böyük hörmət, dərin məhəbbət hissi bəsləyən Ümummilli Lider Heydər Əliyev cəmiyyətdə qadının rolunun artmasına daim diqqətlə yanaşmış, ölkə iqtisadiyyatının idarə olunmasında onlara həmişə üstünlük vermişdir. Hazırda bu siyasi xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının 2006-cı il 6 fevral tarixli Fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması bu qayğıya bariz nümunədir.
          Bildirilmişdir ki, Qax qadınları rayonun ictimai-siyasi həyatında fəal iştirak edirlər. Hazırda rayonda işləyən qadınların sayı 3900 nəfərdən çoxdur. Onların 149-u rəhbər vəzifədədir. Təhsil şöbəsində çalışanların 90 faizini qadınlar təşkil edir. Son illər rayon qadınlarından 2 nəfər “Əməkdar Müəllim” adına layiq görülmüş, 3 nəfər “Ən yaxşı müəllim” respublika müsabiqəsinin qalibi olmuş, 2 nəfər “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
Konfransda Milli Məclisin deputatı Kamilə Əliyeva və rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev çıxış edərək, dövlətin qadınlarla bağlı siyasətinin başlıca istiqamətləri barədə danışmış, rayon qadınlarına gələcək fəaliyyətlərində uğurlar arzulamışlar.
Azərbaycan qadınlarının IV qurultayına nümayəndələr seçilmişdir.
Sonda konfrans iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.

Keçidlər