Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Yeni məktəb binasının acılışı

17 aprel 2013 | 15:00

 

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov aprelin 16-da Qax rayonunda 420 şagird yerlik Ləkit kənd tam orta məktəbinin açılış mərasimində iştirak etmişdir.
Qax Rayon Təhsil Şöbəsinin müdiri Məmməd Xasıyev tədbiri açdıqdan sonra şagirdlər Azərbaycanın dövlət himnini ifa etmişlər.
Bildirilmişdir ki, ötən ilin mayında baş vermiş zəlzələ nəticəsində rayondakı evlərlə yanaşı, məktəblərə də ciddi ziyan dəymişdir. Ləkit kənd orta məktəbi də tam istifadəyə yararsız vəziyyətə düşmüşdür. Azərbaycan Prezidentinin göstərişinə əsasən ötən ilin avqustunda bu məktəb üçün yeni binanın tikintisinə başlanılmışdır. Hər cür şəraiti olan məktəbdə təhsilin səviyyəsi də yüksək olacaqdır.
Mərasimdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev bildirmişdir ki, Azərbaycan Prezidentinin 2012-ci ilin mayında zəlzələdən dərhal sonra bölgəyə səfər etməsi yerli sakinlər tərəfindən dərin razılıq və ruh yüksəkliyi ilə qarşılanmışdır. Bu səfər, həmçinin rayon sakinlərinin müvafiq dövlət strukturları ilə birlikdə tikinti-təmir və yenidənqurma işlərində iştirakına rəvac vermişdir.
Qeyd olunmuşdur ki, Qax rayonunda bu günə qədər 1300 şagird yerlik 9 məktəb binası tikilərək istifadəyə verilmişdir. Bu məktəblərin hamısı müasir standartlara uyğun inşa olunmuşdur.
İcra hakimiyyətinin başçısı göstərilən diqqət və qayğıya görə rayon ictimaiyyəti adından Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirmişdir.
Məktəbin direktoru Gülxar Maqsudova, valideyn Mehparə Qazıyeva, məktəbin 9-cu sinif şagirdi Cahan Hacıyeva çıxış edərək göstərilən hərtərəfli diqqət və qayğıya görə bir daha dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər. Qeyd olunmuşdur ki, dövlətimizin başçısı tərəfindən təhsilə göstərilən yüksək diqqət xalqımızın rifahlı gələcəyinə ümidləri daha da artırır. Qax sakinləri bir daha bəyan etmişlər ki, onlar Prezident İlham Əliyevin siyasətini dəstəkləyir və bundan sonra da dəstəkləyəcəklər.
Sonra məktəbin açılışı olmuş, nazir və digər rəsmi şəxslər təhsil ocağının foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətini əks etdirən fotostendlərə, o cümlədən sinif otaqlarına baxmışlar.

 

Keçidlər