"5 Mart- Bədən Tərbiyəsi və İdman Günü" qeyd olunub
4 mart 2025-ci il tarixdə rayon İcra Hakimiyyətinin və Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Qax rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə "5 Mart- Bədən Tərbiyəsi və İdman Günü"nə həsr olunmuş toplantı keçirilmişdir.
Rayonun Heydər Əliyev Mərkəzində keçirilən toplantını giriş sözü ilə açan Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Qax rayonu üzrə gənclər və idman sektorunun müdiri Elvin Həsilov məruzə ilə çıxış edib. Daha sonra Qax rayon gənclər və idman sektorunun 2024-cü ildə idman sahəsində gördüyü işlərlə bağlı videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən RİH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova bildirdi ki, bədən tərbiyəsi və idman Azərbaycan dövləti üçün hər zaman prioritet sahələrdən birini təşkil edib. Dünya miqyasında idman ölkəsi kimi tanınan Azərbaycanın idman səhəsində qazandığı yüksək nəticələrin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur və bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qabaqcıl idman ölkələrindən biri olan Azərbaycan hazırda beynəlxalq Olimpiya hərəkatının fəal üzvlərindən biridir.
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva hər zaman idmana, gənc nəslin təlim-tərbiyəsinə, vətənpərvər ruhda böyüməsinə xüsusi önəm verirlər. Çünki gənclər cəmiyyətimizin gələcəyidir. Bu sahədə həyata keçirilən ardıcıl tədbirlər, idmançılara göstərilən diqqət və qayğı, ölkəmizdə ən yüksək standartlara cavab verən mükəmməl idman infrastrukturu qarşıdakı illərdə daha böyük nailiyyətlərin qazanılacağına güclü zəmin formalaşdırır. Bununla da “Sağlam bədəndə sağlam ruh olar” prinsipinə söykənərək demək olar ki, Azərbaycan sağlam gəncliyi və sağlam gələcəyi olan bir dövlətdir.
Tədbirdə çıxış edənlər rayon idmançılarının uğurlarından bəhs etmiş, idmançılara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda rayonun idman həyatında fərqlənənlər rayon İcra Hakimiyyəti və Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin rayon üzrə gənclər və idman sektoru tərəfindən Fəxri Fərman və hədiyyələrlə təltif olunmuşlar.