Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

QAXDA BİRİNCİ RÜBÜN YEKUNLARI MÜZAKİRƏ OLUNMUŞDUR

27 aprel 2013 | 15:00

Birinci rübdə rayonda bütün maliyyə mənbələri hesabına 21 milyon 762 min manatlıq, yəni keçən ilin müvafiq dövrünə nisbətən 13,2 dəfə çox tikinti işləri görülmüşdür. Hesabat dövründə rayonda sənaye məhsulu istehsalı 12 faiz, kənd təsərrüfatı məhsulları istehsalı isə 14,7 faiz artmış, əhalinin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 259 min manat artaraq 14 milyon 135 min manat təşkil etmişdir. Rüb ərzində rayonda 99 daimi iş yeri açılmışdır.
        Bu faktlar Qax Rayon İcra Hakimiyyətində 2013-cü ilin birinci rübünün yekunlarına həsr olunmuş yığıncaqda səsləndirilmişdir.
Hesabat məruzəsində bildirilmişdir ki, birinci rübdə Qax şəhərində inşa edilən idman kompleksində, Heydər Əliyev Mərkəzində, təhsil şöbəsinin yeni inzibati binasında, “El Resort” mehmanxana kompleksinin ərazisində 4 mərtəbəli yeni otel binasında, İlisu kəndindəki “Səngər qala” istirahət mərkəzində, beşmərtəbəli mehmanxana binasında, Ağçay kəndi ərazisində üçmərtəbəli otel binasında tikinti işləri davam etdirilmişdir.
Hazırda Kürmük çayı üzərində inşa olunan 700 metr uzunluğunda körpünün tikintisində tamamlanma işləri görülür. Səhiyyə Nazirliyinin vəsaiti hesabına Əlibəyli və Güllük kəndlərində inşa edilən yeni xəstəxana və həkim məntəqəsi binalarının tikintisi də artıq başa çatdırılmışdır və hər iki səhiyyə obyekti yaxın vaxtlarda istifadəyə veriləcəkdir.
Məruzədə qeyd olunmuşdur ki, bu ilin əvvəlində Qax şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 36 mənzilli yeni binanın tikintisinə başlanılmışdır. Hazırda Heydər Əliyev prospektinin 4 kilometr uzunluğunda hissəsində yerli memarlıq üslubunda bərpa işləri aparılır. Heydər Əliyev parkında aparılan yenidənqurma işləri də başa çatmaq üzrədir və park yaxın günlərdə şəhər sakinlərinin istifadəsinə veriləcəkdir.
Bildirilmişdir ki, hesabat dövründə rayonun zəlzələdən zərər çəkmiş yaşayış məntəqələrində kompleks tədbirlər davam etdirilmiş, Fövqəladə Hallar Nazirliyi tərəfindən kəndlərdə 7 yeni məktəb binası tikilib istifadəyə verilmişdir. Bundan əlavə, tikintisinə başlanılan 538 fərdi evdən 274-nün inşası başa çatdırılmışdır. Hazırda 223 evdə tikinti işləri davam etdirilir.
Hesabat dövründə Qax şəhərinin su və kanalizasiya sistemlərinin yenidən qurulması, Qaxbaş və Qaxİngiloy kəndlərini içməli su ilə təmin edəcək 8 kilometr uzunluğunda yeni su xəttinin çəkilişi işləri davam etdirilmiş, 2 kənddə yeni artezian quyuları qazılmışdır. Almalı və Ağçay kəndlərinə təbii qazın verilişi təmin olunmuşdur. Hazırda Cəlayır, İlisu və Şotavar kəndlərində, Qaxbaş kəndinin genişləndirilmiş hissəsində qazlaşma işləri aparılır. Rüb ərzində 396 mənzil qazlaşdırılmış, qazdan istifadə edən əhali abonentlərinin sayı 6169-a çatdırılmışdır. Hazırda şəhər də daxil olmaqla, rayonun 59 yaşayış məntəqəsindən 11-i tam qazlaşdırılmışdır.
Yığıncaqda, həmçinin birinci rübdə aqrar sahədə görülən işlər, əhalinin elektrik enerjisi, rabitə və digər xidmətlərlə təminatının yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlərdən bəhs edilmiş, qarşıda duran vəzifələrə toxunulmuşdur.

Keçidlər