Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

1 İyun-Uşaqların Beynalxalq Müdafiəsi Günüdür

31 may 2020 | 16:00

 1 İyun-Uşaqların Beynalxalq Müdafiəsi Günüdür. BMT Baş Assambleyasının 1950-ci il iyunun 1-də təşkil etdiyi beynalxalq konfransda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənmiş  və elə həmin gün Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşmüşdür. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün respublikamızda da hər il qeyd edilir.
Azərbaycanda dövlət-uşaq siyasətinin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. “Uşaqlar bizim gələcəyimizdir”-deyən ulu öndər hakimiyyətinin bütün dövrlərində  Azərbaycanda təhsil müəssisələrinin sayının artırılmasını, uşaqların sağlam ailə mühitində böyüməsini daim diqqətdə saxlamışdır. Ölkəmiz müstəqillik əldə etdikdən sonra ümummilli liderin təşəbbüsü ilə Azərbaycan 1992-ci ildə BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasına qoşulmuş, 1998-ci ildə ölkəmizdə BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasının müddəalarını özündə əks etdirən “Uşaq Hüquqları haqqında” Qanun qəbul edilmişdir. Ailə, Qadın və Uşaq Komitəsinin yaradılması da məhz dahi siyasətçinin uşaqlara olan sonsuz qayğısından irəli gəlirdi.
Bu gün Ulu öndərin siyasi kursu cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Uşaq hüquqlarının müdafiəsinə,  sağlam böyüməsinə yönələn bir çox dövlət proqramları qəbul edilərək tədbirlər planı müəyyənləşdirilmişdir. Hər bir dövlət proqramı uşaqların hüquq və maraqlarının müdafiəsi, onların fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsinin təmin olunması sahəsində milli konsepsiyanı inkişaf etdirməyə yönəlmişdir. Möhtərəm Prezident İlham Əliyev tərəfindən 2009-cu ilin ölkədə "Uşaq ili" elan edilməsi də böyüməkdə olan nəslin əsl şəxsiyyət kimi yetişməsi dövlətin prioritet sahələrindən biri olduğuna bariz nümunədir. Son illər Azərbaycanın hər bir guşəsində uşaqlar üçün gözəl uşaq bağçaları, məktəblər tikilərək istifadəyə verilməkdədir. Uşaqların keyfiyyətli təhsil alması, dünya standartlarına cavab verən tibbi xidmətlərlə təmin edilməsi üçün dövlət bütün  şərait yaradır.
Ulu Öndər Heydər Əliyevin ideyalarını əməli fəaliyyəti ilə yaşadan Heydər Əliyev Fondu da Mehriban xanım Əliyevanın rəhbərliyi altında uşaqların təhsili və  sağlamlığı ilə bağlı iri layihələrə imza atmışdır. Heydər Əliyev Fondu əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiya olunmasına, qaçqın və məcburi köçkün ailələrindən olan, valideyn himayəsindən məhrum olmuş uşaqlara xüsusi  diqqət və qayğı ilə yanaşır. Hər bir uşaq öz üzərində dövlət qayğısını hiss edir.
Son dövrdə bütün dünyanı bürüyən COVID-19 pandemiyasına qarşı ölkəmizdə atılan qabaqlayıcı və təxirəsalınmaz tədbirlər sayəsində dövlətimiz bu infeksiyanın təsirindən minimum zərər çəkən ölkələr sırasındadır. Təhsil müəssisələrinin fəaliyyətinin dayandırılması uşaqların sağlamlığının qorunmasının hər şeydən üstün olduğunu sübut edir. Dərslərin dayandırılmasına baxmayaraq yetişməkdə olan nəslin təlim-tərbiyəsi diqqətdən kənar qalmır, onlayn məşğələlərlə davam etdirilir.
Bu gün kütləvi tədbirlərin keçirilməsi mümkün olmasa da, uşaqlar 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününü  evlərində ailələri ilə birlikdə qeyd edirlər. Dövlətimizin diqqət və qayğısı, ardıcıl sosial paketlərin hazırlanması ilə vətəndaşların  sosial vəziyyətinin yaxşılaşdırılması nəticəsində uşaqlar da ailələrində özlərini xoşbəxt hiss edirlər. İstər təhsil, istər mədəniyyət, istərsə də səhiyyənin inkişafı uşaqlarımızın sağlam və hərtərəfli gələcəyi üçündür. Ölkəmizin sabahı olan uşaqları qorumaq və onların müdafiəsinə hamılıqla qoşulmaq hər  birimizin borcudur.

Keçidlər