QAXDA YAY TURİZM MÖVSÜMÜ BAŞLAMIŞDIR
Qax rayonunun İlisu kəndində yerləşən “İlisu” pansionatında yay turizm mövsümünün açılışına həsr olunmuş tədbir keçirilmişdir.
Rayonda fəaliyyət göstərən turizm obyektləri və istirahət mərkəzləri rəhbərlərinin, mədəniyyət və turizm şöbəsi əməkdaşlarının iştirak etdikləri tədbirdə əvvəlcə rayonun turizm potensialını əks etdirən sərgiyə baxış olmuşdur.
Rayonda turizm sahəsinin inkişafı ilə bağlı görülən işlər barədə məlumat verən mədəniyyət və turizm şöbəsinin müdiri Nəzir Omarov “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın qarşıya qoyduğu tələblərə uyğun olaraq Qax rayonunda da yüksək standartlara uyğun turizm infrastrukturunun yaradılması istiqamətində məqsədyönlü iş aparıldığını diqqətə çatdırmışdır. Bildirilmişdir ki, hazırda rayonda 11 turizm obyekti fəaliyyət göstərir. Son dövrlər rayonda beşulduzlu “El Resort” otel kompleksinin, habelə Qax şəhərində “İçəribazar” Turizm Mədəniyyət Mərkəzinin istifadəyə verilməsi turistlərin əsrarəngiz təbiəti və iqlimi ilə seçilən Qax rayonuna marağını daha da artırmışdır.
Qeyd olunmuşdur ki, yay mövsümünə hazırlıqla əlaqədar turizm obyektlərində yerlərin sayı artırılmış, xidmət növləri çoxaldılmışdır. Obyektlərdə müasir standartlara uyğun idman meydançaları, su hovuzları quraşdırılmış, uşaqlar üçün əyləncə yerləri yaradılmış, müalicəvi vannalar, kinozallar, diskotekalar təşkil edilmişdir. İlisu kəndindəki “Səngər qala” turizm və istirahət mərkəzində inşa edilən 45 mənzilli 90 yerlik otel binasının tikintisi artıq başa çatmaq üzrədir və obyektin yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur. “El Resort” və “Eden” turizm mərkəzlərində turistlərə xidmət növlərinin sayını və keyfiyyətini artırmaq üçün köməkçi binalar tikilmişdir. Ümumiyyətlə, cari mövsümdə rayonun turizm obyektlərində yerlərin sayının yeddi yüzə çatdırılması nəzərdə tutulur. Hazırda turizm obyektlərində qiymətlər səhər yeməyi də daxil olmaqla, bir nəfər üçün 17-55 manat arasında müəyyənləşdirilmişdir. Mövsüm ərzində qiymətlərin endirilməsi də istisna deyildir.
Turizm mövsümünün başlanması ilə əlaqədar obyektlərdə işçi personalının peşə səviyyəsinin yüksəldilməsinə diqqət artırılmış, onların Mədəniyyət və Turizm Nazirliyi, eləcə də turizm şirkətləri tərəfindən keçirilən treninqlərdə iştirakı təmin edilmişdir. Turistlərin asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə obyektlərdə müxtəlif mədəni kütləvi tədbirlərin, əyləncəli proqramların, gəzintilərin keçirilməsi nəzərdə tutulmuşdur. Ailəvi, eləcə də kollektiv ekskursiyalar üçün marşrutlar müəyyənləşdirilmişdir.
Bildirilmişdir ki, yay aylarında rayona gələn turistlərin bir hissəsi, xüsusilə ailəvi istirahətə gələnlər kənd evlərində qalmağa üstünlük verirlər. Onların istirahətlərinin səmərəli təşkili məqsədi ilə ev sahibləri ilə maarifləndirmə işləri aparılmış, xidmətin səviyyəsini yüksəltmək üçün onlara müvafiq təlimatlar verilmişdir. Ev sahiblərinin diqqətinə çatdırılmışdır ki, məqsəd yalnız gəlir əldə etmək deyildir. Turistlərə bölgə haqqında, rayonun turizm potensialı, görməli yerləri, qədim tarixi abidələri barədə də geniş məlumat verilməli, onların istirahətlərinin maraq dərəcələrinə uyğun təşkil edilmələrinə diqqət artırılmalıdır.