Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiya Ermənistan silahlı qüvvələrinin təxribatına dair birgə bəyanat yayıb

01 oktyabr 2020 | 16:00

Azərbaycanda fəaliyyət göstərən 52 siyasi partiyadan 50-si  Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair birgə bəyanat yayıb. Siyasi partiyaların bu  birgə bəyanatı təkcə xalqla hökumətin həmrəyliyindən xəbər vermir, eyni zamanda Azərbaycanda yaşanan siyasi birliyin təcəssümüdür.
Xalqın haqq tələbi və Ermənistanın işğalçı siyasətinə etiraz ölkə  siyasətçilərini bir amal ətrafında birləşdirmişdir. Siyasi partiyaların rəhbərləri öz birgə bəyanatında Ermənistanın işğalçı siyasətini şiddətlə qınayır, mülki əhalinin yaşadığı kəndlərin bombalanması faktının insanlığa qarşı edilən cinayət kimi beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilməli olduğunu bəyan etmişlər.
BMT-nin Təhlükəsizlik  Şurasının qətnamələrinə Ermənistanın 30 ilə yaxın bir müddət ərzində məhəl qoymadığı vurğulanan bəyanatda Azərbaycana qarşı tətbiq olunan ikili standartların dayandırılması, beynəlxalq hüququn aliliyinin bərqərar olunması tələb edilir. Həmçinin siyasi partiyaların rəhbərləri birgə bəyanatlarında Ermənistanda yaşanan problemləri sadalayır və ictimai diqqətin yayındırılması üçün erməni iqtidarının hərbi təxribatlar ilə məşğul olduqlarını bildirirlər. Erməni hökuməti daxili siyasi mübarizəni arxa plana çəkmək məqsədi ilə mütəmadi olaraq cəbhə xəttində atəşkəsi pozur. Rəsmi Yerevanın bəyanatları, eləcə də yürüdülən təxribat siyasəti  daxili sosial narazılıqların boğulmasına hesablanıb. Ermənistanın siyasi elitasının məsuliyyətsiz və militarist çıxışları Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini mümkünsüz edir.
Siyasi partiyaların rəhbərləri dövlət başçısının fikrini dəstəkləyir və status-kvonun dəyişməz qalmasının mümkünsüz olduğunu bildirirlər. Bəyanatda  Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin: “Bizim Ermənistan torpağında siyasi və hərbi maraqlarımız yoxdur” –fikrinin sitat gətirilməsi Azərbaycanın ədalətli mövqe tutmasından xəbər verir.
Sülhü və beynəlxalq hüququ rədd edən Ermənistanın  atəşkəsi mütəmadi pozması və məsuliyyətsiz mövqeyi bu dövlətə qarşı beynəlxalq inamı azaldır və onun bütün regional layihələrdən kənar qalmasına səbəb olur.
Təssüf ki, Ermənistanın təxribatlarına susmaq və onları qınaq predmetinə çevirməmək beynəlxalq riyakarlığın təzahürüdür. Siyasi partiyaların rəhbərləri öz birgə bəyanatında Ermənistanın işğalçılıq siyasətinə beynəlxalq təşkilatların göz yummasını qınayır və onlardan adekvat  tədbirlərin görülməsini tələb edirlər. Azərbaycan  xalqı və ölkənin siyasi partiyaları yekdilliklə Prezidentin yanındadır. 50 siyasi partiyanın bəyanat  yayması  Ali Baş Komandan, Prezident İlham Əliyevin yanında olduqlarının, milli və siyasi həmrəyliyin parlaq göstəricisidir. Bu bəyanat eyni zamanda ölkədə siyasi dialoqun  mövcudluğunun sübutu,  ölkəmizdə siyasi müstəvidə etibarlı və peşəkar münasibətlərin qurulmasının zəminidir.
50 siyasi partiyanın bəyanatı bir daha sübut etdi ki, Azərbaycanın haqq və ədalətli mövqeyi şəxsi ambisiyalardan imtina etməyi və milli maraqlar naminə vahid qüvvə kimi çıxış etməyi tələb edir. Tarixi ədalət və haqq uğrunda aparılan müharibədə xalq iqtidar və müxalifət cəbhələrinə bölünməz, bunu etmək istəyən qüvvələr isə düşmənin yanında duranlardır.

Keçidlər