Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev Pakistanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bilal Hayenin etimadnaməsini qəbul edib.
Pakistanın qardaş ölkə olduğunu bildirən cənab Prezident İlham Əliyev qeyd etdi ki, ölkələrimiz arasında strateji və qardaş münasibətləri bir daha təsdiqləndi. Ermənistanla Azərbaycan arasında münaqişənin həlli ilə bağlı Pakistanın Azərbaycana davamlı dəstəyinə görə minnətdarıq.
“Azərbaycan bütün, habelə Kəşmir məsələsində həmişə Pakistanı dəstəkləyir. Bu qarşılıqlı dəstək əməkdaşlığımızın qardaşlıq xüsusiyyətini əks etdirir. İkitərəfli əlaqələrdə siyasi sahədən əlavə iqtisadi məsələlər üzərində diqqət cəmləşdirməliyik. Qarşılıqlı ticarəti stimullaşdırmaq və investisiyalar sahəsində daha fəal münasibətləri qurmaq üçün böyük potensial mövcuddur”-deyən ölkə başçısı Azərbaycanın ərazi bütövlüyü məsələləri ilə bağlı Pakistanın qətiyyətli mövqeyinə görə minnətdarlığını bildirdi. “Pakistan Azərbaycan torpaqlarını işğal etməsinə görə Ermənistanı tanımayan ölkədir. Bu, qardaşlığın əsl nümayişidir. Bütün hallarda Pakistan həmişə yanımızdadır. Pakistanın Xarici İşlər naziri bu yaxınlarda Ermənistanın ölkəmizə qarşı təxribatı ilə bağlı bəyanat verib. Bu bəyanat haqq işimizi tam dəstəkləyir. Sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı yeni hərbi təxribata başladı. Bu da onların işğalçı siyasətinin davamıdır. Keçən ay Ermənistan tərəfindən çox kəskin təcavüz aktlarını müşahidə etdik. İyul ayında baş verənlər beynəlxalq ictimaiyyətə yaxşı məlumdur və hər kəs bilir ki, Tovuz rayonunda Ermənistan-Azərbaycan dövlət sərhədində kəndləri və hərbi mövqeləri atəşə tutan Ermənistan olub”
Bir daha öz gücünü nümayiş etdirən Azərbaycan ordusunun adekvat cavab verdiyini bildirən ölkə başçısı Ermənistanın yeni əraziləri işğal etmək planlarının uğursuzluğa düçar olduğunu və erməni ordusunun etdiklərindən peşmançılıq keçirmək məcburiyyətində qaldığını bildirdi.
Prezident İlham Əliyevin qeydləri, bəyanatları, müsahibələri və yeni təcavüzdən bir neçə gün öncə BMT Baş Assambleyasında çıxışı Ermənistanın dayandırılması barədə beynəlxalq ictimaiyyət üçün siqnal idi. Prezident İlham Əliyev Ermənistanın açıq-aşkar yeni müharibəyə hazırlaşdığını və onun dayandırılmalı olduğunu dedi. “Sentyabrın 27-də onlar müxtəlif istiqamətlərdən kəndlərə, hərbi mövqelərə hücum etməyə başladılar və bu iki gündə mülki şəxslər arasında itkilərimiz oldu. Əfsuslar olsun ki, mülki şəxslər arasında itkilərin sayı artır. Ermənistan silahlı qüvvələri tərəfindən 10 mülki şəxs, o cümlədən aralarında iki uşaq olan 5 nəfərdən ibarət bir ailə öldürülüb. Mülki şəxslər arasında 20-dən çox yaralı var. Bu, bir daha erməni cinayətkar rejiminin faşist mahiyyətini nümayiş etdirir. Bu dəfə onlara növbəti dərs veriləcəkdir”
Azərbaycan ordusunun öz torpağında döyüşdüyünü bir daha vurğulayan ölkə başçısı Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu və beynəlxalq ictimaiyyətin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirdi. “ Ermənistanın uzun illər ərzində təcavüzü və işğalı bütün infrastrukturun dağılmasına gətirib çıxarıb, Xocalı soyqırımından başqa, onlar mədəni soyqırımı da törədiblər. Tarixi abidələri, məscidləri dağıdıblar. Onlar tərəfindən hələ dağıdılmayan məscidlər heyvan saxlamaq üçün istifadə edilir. Ermənistan bütün müsəlman dünyasını təhqir edir. Hansı rejimin hakimiyyətdə olmasından asılı olmayaraq islamofobiya və Azərbaycanofobiya siyasəti artıq Ermənistanın rəsmi ideologiyasına çevrilib”.
Ermənistanda diktator rejiminin hökm sürdüyünü əlavə edən cənab Prezident qeyd etdi ki, Paşinyanın diktator rejimi regionda sülh və təhlükəsizliyə təhdiddir. “Təəssüflər olsun ki, beynəlxalq təşkilatlar Paşinyan rejiminin etdiklərinə göz yumur. Diktatorluq artıq Ermənistanda rəsmi siyasətə çevrilib. İki sabiq prezident barəsində cinayət araşdırmaları aparılır. Jurnalistlər həbsxanada ölür. Siyasi müxalifət sıxışdırılır. Paşinyan Ermənistanın yeni diktatorudur. Lakin əfsuslar olsun ki, özünü həbsxanada əziyyət çəkən insanların müdafiəçisi kimi göstərən insan haqları təşkilatları buna reaksiya vermir. Bu, ikili standartların nümayişidir. Ermənistanın diktator rejimi dayandırılmalıdır və əgər beynəlxalq ictimaiyyət onları dayandırmasa, Azərbaycan onları dayandıracaq”.
Minsk qrupunun həmsədr ölkələrinin prezidentlərinin status-kvonun qəbuledilməz olması ilə bağlı bir neçə dəfə bəyanatlarla çıxış etdiyini bildirən dövlət başçısı qeyd etdi ki, Ermənistan isə buna məhəl qoymur və bu üç ölkəyə hörmətsizlik nümayiş etdirir. BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının ərazilərimizdən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinin də olduğunu xatırladan cənab Prezident işğalçı dövlətin 30 ildir bu qətnamələrə məhəl qoymadığını nəzərə çatdırdı:-“Ermənistan rəsmiləri Azərbaycana qarşı, yeni ərazilər uğrunda yeni müharibə olacaq deyir. Baş nazir deyir ki, Qarabağ Ermənistandır”.
“Azərbaycanın Dağlıq Qarabağın marionet rejimi ilə danışıqlar aparması danışıqların formatının dəyişməsi deməkdir”-deyən dövlət başçısı Livandan gələn ermənilərin işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırıldığını və orada onlara hərbi təlim təşkil edildiyini bildirdi: “ Onlar Dağlıq Qarabağdakı cinayətkar rejimin saxta liderinin qondarma andiçmə mərasimini Azərbaycanın qədim şəhəri olan Şuşada təşkil edirlər. Dağlıq Qarabağın cinayətkar xuntasının qondarma parlamentini Şuşaya köçürməyi qərara alırlar. Bu, Azərbaycan xalqının hisslərinin birbaşa təhqir olunmasıdır. Azərbaycan heç vaxt bununla razılaşmayacaq və onlara yerlərini göstərəcək”.
Pakistanın Azərbaycana verdiyi dəstəyin çox əhəmiyyətli olduğunu vurğulayan cənab Prezident bildirdi: ”Azərbaycan əməkdaşlığımızın bütün illəri boyunca bu dəstəyi hiss edir. Bu mühüm məqamda Azərbaycanın yanında kimin durması aydın görünür. Bu gün yanımızda olanlar öz mövqelərini açıq şəkildə ifadə edən ölkələrdir - qardaş Türkiyə və qardaş Pakistan”.
Türkiyənin ölkəmizə hər zaman dəstək olduğunu da dilə gətirən dövlət başçısı dedi: “Türkiyə Prezidenti, Ermənistan-Azərbaycan münaqişəsi məsələsi ilə bağlı çox qətiyyətli mövqeyini dəfələrlə ifadə edib və Ermənistanın təcavüzü zamanı o, bir neçə dəfə açıq şəkildə bəyanat verib ki, Türkiyə Azərbaycanın yanındadır, Azərbaycan tək deyil. Türkiyənin bütün aparıcı siyasi partiyaları da Azərbaycana dəstək olaraq yekdil mövqe ifadə etdilər. Bu mühüm məqamda yanımızda olmaqla qəti mövqe nümayiş etdirən Pakistandakı qardaşlarımıza minnətdarıq. Bu, necə deyərlər, həqiqət anıdır. Azərbaycan kimin kim olduğunu görür, kimin yanında möhkəm dayandığını görür və bunu heç vaxt unutmayacaqdır”.