Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva yaralı hərbçilərə baş çəkdilər

02 oktyabr 2020 | 16:00

Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban xanım Əliyeva Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbiçilərlə görüşüblər.
Görüş zamanı cənab Prezident İlham Əliyev yaralanan əsgərin yarasının hər bir azərbaycanlının yarası olduğunu, vətən uğrunda gedən döyüşlərdə müxtəlif xəsarətlər alan əsgərlərə həkimlərin yaxşı baxacağını bildirdi. Qeyd etdi ki, yaralanmış hərbçi gənclərimiz tez zamanda  öz əsgər yoldaşlarının yanına qayıdacaqdır.
“Yüksək döyüş ruhu və əzmkarlıq bizə qələbə qazandıracaqdır”-deyən dövlət başçısı bütün yaralı əsgər və zabitlərin tezliklə sağalıb yenə də döyüş bölgələrinə geri qayıtmaq və vətən uğrunda haqlı savaşı davam etdirmək arzusu ilə yaşadıqlarını vurğuladı.
Görüşdə ölkə rəhbəri onu da nəzərə çatdırdı ki, hər bir şəhid xalqının unudulmaz qəhrəmanıdır. “Şəhid ailələrinə ölkəmizdə xüsusi diqqət göstərilir, dövlət tərəfindən bütün lazımi işlər görülür. Azərbaycan şəhid ailələrinə göstərilən diqqətə görə dünya miqyasında nümunə sayıla bilər. Qarabağ müharibəsində həlak olmuş qəhrəman övladlarımızın ailələri tam miqyasda evlərlə, mənzillərlə təmin olunacaqdır”.
“Hər kəs əmin ola bilər ki, dövlət öz əsgərinin yanındadır”- deyən cənab Prezident İlham Əliyev Qarabağ qazilərinə dövlət tərəfindən lazımi dəstək göstərildiyini, onların məişət problemlərinin həll olunduğunu nəzərə çatdırdı: “Azərbaycan əsgəri öz doğma torpağında vuruşur və haqq yolunda yaralanır. Bizim əsgərlərimiz xilaskar əsgərlərdir. Erməni əsgərləri işğalçı əsgərlərdir. Fərq bundadır”.
Azərbaycan Ordusunun uğurlu əməliyyat keçirərək strateji yüksəklikləri, bir neçə yaşayış məntəqəsini işğalçılardan azad etdiyini diqqətə çatdıran dövlət başçısı bildirdi: “ Haqq ilə peşəkarlıq birləşəndə qələbə qaçılmaz olur. Haqq, tarixi həqiqət, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Azərbaycan xalqı öz dövlətinin ərazi bütövlüyünü bərpa edəcək. Orduda və cəmiyyətdə ruh yüksəkliyi var”.
Ölkə başçısı uzun illər ərzində aparılan danışıqların səmərə vermədiyini, ona görə də indiki şəraitdə tərəflərin dialoqa çağırışının yersiz olduğunu qeyd etdi. Cənab Prezident Azərbaycana dəstək olan dövlətlərə minnətdarlığını bildirərək dedi:  “Azərbaycan öz dostlarını tanıyır və edilən yaxşılığı unutmur. Bu günlərdə Azərbaycana dəstək olan ölkələri, təşkilatları, insanları heç vaxt unutmayacağıq”.
Cənab Prezident onu da əlavə etdi ki, Ermənistan rəhbərliyi yeni təxribatlar hazırlayır, Azərbaycanın yaşayış məntəqələrini yenə də atəşə tutmaq istəyir: “Hər gün mülki əhali arasında itkilərimiz artır. Bu, erməni faşizminin eybəcər sifətini göstərir. Azərbaycan isə mülki əhaliyə qarşı heç vaxt vuruşmur. Cəbhə bölgəsində yaşayan soydaşlarımızın hamısı yerindədir, hamısı “Vətən sağ olsun” deyir və ordumuza güvənir”.
Ali Baş Komandan: “Azərbaycan əsgəri böyük qəhrəmanlıq, şücaət göstərib, Vətən uğrunda şərəflə vuruşub öz adlarını Azərbaycan tarixinə yazdırıb!”
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da hərbi hospitalda müalicə olunan yaralı əsgərlərin səhhəti ilə yaxından tanış oldu. Səmimi hisslər və dərdlərin bölüşməsi xalqımıza məxsus olan ülvi xüsusiyyətdir. Görüş zamanı Azərbaycan qadınına xas olan ən gözəl xüsusiyyətləri özündə cəmləşdirən, humanizm və nəciblik missiyasını şərəflə yerinə yetirən Mehriban xanımın  kövrəlməsi və göz yaşları ana ürəyinin, qayğıkeşlik və mərhəmət hislərinin təcəssümüdür. İnanırıq ki, tezliklə bütün Azərbaycan anaları kimi, Mehriban xanımın da göz yaşları sevinc göz yaşları ilə əvəzlənəcəkdir.

Keçidlər