Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

KƏND TƏSƏRRÜFATI NAZİRİ QAXDA VƏTƏNDAŞLARI QƏBUL ETMİŞDİR

06 iyul 2013 | 15:00

İyulun 5-də kənd təsərrüfatı naziri İsmət Abasov Qax şəhərində Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarından olan vətəndaşları qəbul etmişdir.
     AzərTAc xəbər verir ki, qəbuldan öncə nazir rayon rəhbərliyi ilə birlikdə Turaclı kəndinə gələrək fermer Yusif Tanrıverdiyevin yeni yaradılmış heyvandarlıq təsərrüfatına və fındıq bağlarına baxmışdır. Məlumat verilmişdir ki, cari ilin aprelində güzəştli qiymətlə “Aqrolizinq” ASC vasitəsi ilə xaricdən gətirilmiş 10 baş cins düyə alınmışdır. Gələcəkdə heyvanların sayının artırılması nəzərdə tutulur. Təsərrüfatın bu ərazidə 10 hektar fındıq bağı da vardır.
     Yeni Azərbaycan Partiyası rayon təşkilatının inzibati binasında keçirilən qəbul zamanı 50-dən artıq vətəndaşın müraciət və təklifləri dinlənilmişdir.
Müraciətlər əsasən təsərrüfatlarda qarğıdalıyığan kombaynın azlığı, müasir suvarma sistemlərinin alınması, bələdiyyə torpaqlarına və heyvandarlıq təsərrüfatlarına subsidiyaların verilməsi, güzəştli kreditlərin alına bilməməsi, güzəştli kreditin müddətinin uzadılması, taxıl biçini zamanı kombayn çatışmazlığı, mineral gübrələrin qiymətlərinin 30-40 faiz aşağı salınması, fındıq bağlarında ziyanvericilərə qarşı işlədilən dərmanların dövlət tərəfindən pulsuz verilməsi, çayçılığın inkişafı üçün dövlət dəstəyi, yun emalı müəssisəsinin yaradılmasına dəstək, xurma məhsulunun dövlət səviyyəsində alışının təşkil edilməsinə köməklik göstərilməsi və digər məsələlərlə bağlı olmuşdur.
     Nazir hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun şəkildə mümkün qədər qısa müddət ərzində həll edilməsi barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar vermişdir. Müraciətlərin bir hissəsi yerindəcə həllini tapmışdır.
Ümumiyyətlə, qəbulda iştirak edən fermerlər, məhsul istehsalçıları Prezident İlham Əliyevin kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı texnikası ilə təminatına əlavə dəstək haqqında xüsusi Sərəncamının əhəmiyyətini yüksək qiymətləndirmiş, bu qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.

Keçidlər