18 oktyabr-Milli Müstəqillik Günüdür
Bu gün Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsindən 29 il ötür.
Azərbaycanı müstəqilliyə aparan yolda qəbul olunan ilk rəsmi sənəd 1991-ci il avqustun 30-na təsadüf edir. Həmin gün Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyini bərpa etmək haqqında” bəyannamə qəbul olunmuşdur. Bunun ardınca Azərbaycan Respublikası Ali Sovetinin həmin ilin 18 oktyabr tarixli sessiyasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı yekdilliklə qəbul edilmişdir. O vaxtdan Azərbaycan yenidən müstəqilliyinə qovuşmuşdur.
Yeni mərhələdə ölkəmizin qarşısında tarixi vəzifələr dururdu. Təəssüf ki, o dövrdəki iqtidar zamanın tələblərinə cavab verə bilməmişdir. Bu isə tez-tez hakimiyyət dəyişikliyi ilə müşayiət olunur, torpaqlarımız “Böyük Ermənistan” xülyası ilə yaşayan bədnam qonşularımız tərəfindən işğal edilir, xalqımızın milli mənliyinə sarsıdıcı zərbələr endirilirdi. AXC-Müsavat cütlüyünün birillik hakimiyyəti dövründə isə ölkədə xaos, anarxiya hökm sürür, ekstremist meyillər getdikcə güclənirdi. İdarəetmədəki kobud nöqsanlar və hərc-mərclik nəticəsində 1993-cü ilin yayında ölkə vətəndaş müharibəsi, dünyanın siyasi xəritəsindən silinmək kimi real təhlükələrlə qarşılaşmışdı.
Müstəqilliyin ilk illərində həlli çətin görünən problemlərlə üzləşmiş Azərbaycan Şərqdə ilk müstəqil dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin aqibətini yaşamağa çox yaxın idi. Ancaq xalqımızın xoşbəxtliyi onda idi ki, belə bir mürəkkəb dövrdə onun Heydər Əliyev kimi sınanmış lideri var idi və bu ölüm-dirim savaşında o, artıq tək deyildi.
Belə bir vaxtda ulu öndər Heydər Əliyevin ali qanunvericilik orqanına sədr seçilməsi ölkə həyatında çox mühüm bir hadisə oldu. Bu siyasi qayıdış, sözün həqiqi mənasında Azərbaycanı azərbaycanlılara, milləti özünə qaytardı.
Xalqın təkidli tələbi və çağırışı ilə ikinci dəfə hakimiyyətə gələn ümummilli liderimiz Heydər Əliyevin yüksək dühası və siyasi uzaqgörənliyi sayəsində 1994-1995-ci illərdə dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, respublika daxilində sabitlik təmin edildi. Azərbaycanın hərtərəfli tərəqqisinə, xalqımızın milli, mədəni, tarixi ənənələrinə, ümumbəşəri dəyərlərə söykənən, sivil, demokratik cəmiyyətin yaradılmasına xidmət edən islahatların həyata keçirilməsinə start verildi.
Heydər Əliyev müstəqilliyimizin qorunub saxlanması və inkişafı üçün taleyüklü problemləri həll etdi. Atəşkəsə nail olundu, ordu quruculuğu işlərinə başlanıldı. Dünya dövlətlərinin ölkəmizdə gedən müsbət proseslərə marağı artdı. Uğurlu islahatların bünövrəsi qoyuldu.
Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də əldə etdiyi dövlət müstəqilliyini məhz ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında möhkəmləndirdi. Ulu öndərimizin uğurlu fəaliyyəti sayəsində ölkəmiz inkişaf yolunu tutdu. Bir sıra beynəlxalq təşkilatlara üzv seçilən Azərbaycan 2001-ci ildə «Avropa dövlətlərinin ailəsi» sayılan Avropa Şurasına qəbul edildi.
Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında ən böyük xidmətlərindən biri də onun hazırlayıb həyata keçirdiyi uğurlu neft strategiyasıdır. 1994-cü il sentyabrın 20-də dünyanın iri neft şirkətləri ilə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində müstəsna rol oynadı. 1995-ci ilin noyabrın 12-də müəllifi ümummilli liderimiz Heydər Əliyev olan müstəqil Azərbaycanın Konstitusiyası qəbul olundu.
Beləliklə, ölkədə daha geniş miqyaslı islahatların aparılması üçün normativ-hüquqi bazanın formalaşdırılmasına başlandı.
Bu il Azərbaycan müstəqilliyinin 29-cu ilini yaşayır. Ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Ölkəmizin inkişaf strategiyası məhz Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib.
Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır.
Azərbaycanın gələcəyi işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı Ulu Öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin əlindədir. Bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir. Azərbaycana gələn hər bir şəxs ölkəmizdə gedən inkişafa heyran qalır.
2003-cü ildən keçən on yeddi il ərzində isə Azərbaycan xalqı və dövləti, sözün əsl mənasında, sürətli inkişaf dövrünü yaşayır. Ölkədə bütün istiqamətlər üzrə konkret proqramlar icra edilməkdədir. Ötən illərdə dünyada baş verən qlobal böhran fonunda Azərbaycan iqtisadiyyatının davamlı inkişafı, bütün sosial proqramların vaxtında yerinə yetirilməsi iqtisadi inkişaf modelinin möhkəm təməllər üzərində qurulmasının əyani göstəricisidir. Dünya iqtisadi sisteminə fəal inteqrasiya yolu seçən Azərbaycanın qazandığı nailiyyətləri şərtləndirən mühüm faktorlardan olan enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin edilməsi, iqtisadiyyatın diversifikasiyası, bütün sahələrdə davamlı inkişaf strategiyası uğurla həyata keçirilir.
Keçən dövr ərzində ölkəmizin təhlükəsizlik strategiyası uğurla həyata keçirilmiş, ilk növbədə, Azərbaycanın enerji təhlükəsizliyi tam təmin olunmuş, xarici enerji mənbələrindən asılılıq aradan qaldırılmışdır. Azərbaycan bu gün iqtisadi potensial baxımından regionun lider ölkəsidir.
Son aylar bütün dünyanı bürüyən COVID-19 pandemiyası ilə mübarizədə cənab Prezidentin xalqı ilə həmrəy olması ölkə vətəndaşları tərəfindən xüsusi rəğbətlə qarşılanır. Pandemiya dövründə Azərbaycan xalqının sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, xüsusilə də genişmiqyaslı sosial dəstək tədbirləri bir çox dövlətlər üçün nümunə ola bilər. Dövlətimiz məhz zəruri iqtisadi və maliyyə imkanlarına arxalanaraq daim ən çətin vaxtlarda xalqın rifahının qorunmasına və özəl sektorun inkişafına öz dəstəyini göstərib və göstərməkdədir.
Bugün dövlətimizin iqtisadi imkanlarının artması orduya daha çox vəsait ayrılmasına şərait yaradır. Silahlı Qüvvələrin Ali Baş Komandanı ölkənin müxtəlif bölgələrinə səfərləri zamanı hərbi hissələrdə olur, çətin şəraitdə Vətənə xidmət edən hərbi qulluqçuların əməyini yüksək qiymətləndirir.
Həqiqətən də, ordu dövlətin əsas atributlarından biri, müstəqilliyimizin və təhlükəsizliyimizin polad sipəri, xalqımızın yenilməz dayağıdır. Müharibə şəraitində yaşayan, torpaqlarının bir hissəsi işğal altında olan bir ölkə üçün güclü ordunun mövcudluğu xüsusilə önəmlidir. Bugün Azərbaycanın qarşısında duran ən mühüm məsələ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, torpaqlarımızın işğaldan azad edilməsi və bir milyondan artıq soydaşımızın öz doğma yurdlarına qayıtmasıdır. Dövlətimizin başçısı problemin sülh yolu ilə həllinə çalışaraq dəfələrlə bəyan edib ki, Azərbaycan öz torpaqlarının itirilməsi ilə heç vaxt barışmayacaq, işğal olunmuş ərazilər nəyin bahasına olursa-olsun, azad ediləcək.
Artıq biz bugün neçə illərdir ki həsrətində olduğumuz anların şahidi oluruq. Azərbaycan ordusu Qarabağda şanlı tarix yazır. Sentyabrın 27-də cəbhədə təxribat törətmək istəyən düşmən ordusuna ən layiqli cavabı Azərbaycan əsgəri verir. 30 ilə yaxındır ki düşmən tapdağı altında olan Cəbrayıl, Füzuli, Hadrut, Suqovuşan və sair şəhər və kəndlərimiz düşmən işğalından xilas olunub. Azərbaycan xalqı inanır ki Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı digər torpaqlarımız da qısa müddətdə işğaldan azad olunacaq. Şuşada, xankəndində Azərbaycan bayrağı qaldırılacaqdır.
Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək.
Qarabağ Azərbaycandır!