Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

V Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində Qax şəhərində kamera orkestrinin konserti olmuşdur

02 avqust 2013 | 15:00

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən V Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində avqustun 1-də Qax şəhərindəki “İçəribazar” Turizm və Mədəniyyət Mərkəzində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının gənclər kamera orkestrinin konserti olmuşdur.
AzərTAc xəbər verir ki, konsertin fəxri qonaqları arasında V Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbərlərindən biri, Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli, festivalın iştirakçısı, ABŞ-da yaşayan tanınmış pianoçu, BMT yanında Beynəlxalq İncəsənət Akademiyasının fəxri akademiki, professor Oksana Yablonskaya və digər tanınmış musiqiçilər olmuşlar.
Konsertdən əvvəl Xalq Artisti Fərhad Bədəlbəyli çıxış edərək uğurla davam edən V Qəbələ Beynəlxalq Musiqi Festivalı barədə məlumat vermiş, festival çərçivəsində konsertlərdən birinin artıq ikinci ildir ki, Azərbaycanın dilbər guşələrindən biri olan Qax rayonunda keçirilməsindən böyük şərəf duyduğunu bildirmişdir.
           Bildirilmişdir ki, kamera orkestri 3 ildən artıqdır fəaliyyət göstərir. Orkestrin bədii rəhbəri Xalq Artisti Fərhad Bədəlbəyli, direktoru tanınmış pianoçu, Xalq Artisti Yeganə Axundovadır. Orkestrin repertuarına Azərbaycan, Qərbi Avropa və rus bəstəkarlarının əsərləri daxildir. Kamera orkestri ilə SSRİ xalq artistləri Fərhad Bədəlbəyli, Fidan Qasımova, Azərbaycanın xalq artistləri Xuraman Qasımova, Sərvər Qəniyev, Murad Adıgözəlzadə və digər tanınmış ifaçılar çıxış etmişlər. Kollektiv İtaliya, Fransa, Türkiyə, Birləşmiş Ərəb Əmirliklərində və digər ölkələrdə uğurla çıxış etmişdir.
           Konsertdə Müslüm Maqomayevin “Azərbaycan”, Soltan Hacıbəyovun “Skerso”, Fikrət Əmirovun “Nizami simfoniyası”, Niyazinin “Arzu”, E.Qriqin “Holberq dövründən” süitası, Ernesto de Kurtisin “Sorentoya qayıt” və digər əsərlər, habelə Azərbaycan xalq mahnıları ifa olunmuşdur.
      Solistlər Məhərrəm Hüseynli, Azər Rza, Afaq Abbasova və Nigar Şabanovanın ifaları tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanmışdır.

Keçidlər