Prezident İlham Əliyev Qaxda Olimpiya İdman Kompleksinin açılışında iştirak etmişdir.
Bu gün Azərbaycan dünyada həm də güclü idman ənənələri ilə tanınır. Çünki idmanın inkişafı ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Son illərdə paytaxtla yanaşı, regionlarda da inşa olunan nəhəng idman kompleksləri Azərbayacanın idman potensialının nümayişi, gənclərin bu sahəyə meylinin artması ilə nəticələnmişdir. Bütün bunlar isə, ilk növbədə, dövlətimizin başçısının idmanın inkişafına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi idmanın inkişafı, bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi daim diqqətdə saxlanılacaqdır. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da idmançılara diqqəti idman ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir.
Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi Mehriban xanım Əliyevanın uğurlu fəaliyyəti bu sahədə ölkəmizin böyük nailiyyətlər qazanması ilə müşayiət olunur. İdman hərəkatının geniş vüsət aldığı Azərbaycanda Olimpiya İdman komplekslərinin, ixtisaslaşmış idman obyektlərinin inşası davamlı xarakter almışdır. Bu sırada Qax Olimpiya İdman Kompleksi də mühüm əhəmiyyəti ilə seçilir. Regionun ən böyük Olimpiya İdman komplekslərindən olan bu idman mərkəzində bir çox yarışların, təlim-məşq toplantılarının və digər tədbirlərin keçirilməsi üçün hər cür şərait vardır.
Dövlətimizin başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsdi.
Kompleksin təməli 2008-ci il sentyabrın 19-da Prezident İlham Əliyevin iştirakı ilə qoyulmuşdur. Burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Qaxa səfərlərindən və idmanın inkişafına göstərdikləri qayğıdan bəhs edən fotoguşələr yaradılmışdır.
Gənclər və idman naziri Azad Rəhimov bildirdi ki, son illərdə Qaxda idmanın müxtəlif növlərinin inkişafına xüsusi diqqətin göstərilməsi, xüsusilə də bu cür qurğunun istifadəyə verilməsi rayonda gənclərin idmana olan maraq və həvəslərini daha da artırmışdır. Məlumat verildi ki, Qax Olimpiya İdman Kompleksinin ümumi tikinti sahəsi 9 min 220 kvadratmetr, tikintialtı sahəsi 6 min 498 kvadratmetr, yaşıllaşdırma sahəsi isə 8 min kvadratmetrdir. Layihəyə əsasən ümumi sahəsi 3 min 655 kvadratmetr olan universal idman zalı binasında tamaşaçı yerlərinin sayı 480-dir. Burada iki soyunub-geyinmə, məşqçi və digər otaqlar vardır. İnzibati binanın birinci mərtəbəsində gənclərin informasiya mərkəzi, məlumat-qeydiyyat bölməsi, 40 nəfərlik kafe, həkim və inventar, eləcə də texniki otaqlar fəaliyyət göstərir. İkinci mərtəbədə şahmat otağı, trenajor zalları, bilyard və stolüstü tennis otağı yaradılmışdır. Universal idman zalında Danimarkanın “Junkers” firmasının istehsalı olan xüsusi döşəmə salınmışdır. Kompleksdə müasir standartlara uyğun 410 yerlik üzgüçülük hovuzu da yaradılmışdır. İkinci mərtəbədə, həmçinin idmançılar üçün istirahət otaqları vardır.
Diqqətə çatdırıldı ki, kompleksin ərazisində ikimərtəbəli beş kottec inşa edilmişdir. Müasir mebel və avadanlıqla təchiz olunan hər bir kottec binası dörd otaqdan ibarətdir.
Məlumat verildi ki, kompleksdə süni ot ürtüklü futbol stadionu da tikilmişdir. Eyni zamanda, stadionda üstüörtülü min tamaşaçı yerlik tribuna inşa edilmiş, məşqçi və hakim otaqları yaradılmış, müasir işıqlandırma sistemi quraşdırılmışdır.
Bundan əlavə, kompleksin ərazisində basketbol, voleybol və tennis meydançaları vardır.
Olimpiya İdman Kompleksi ilə tanış olan Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Rayon ictimaiyyətinin nümayəndələrini salamlayan Prezident İlham ƏLİYEV dedi:
- Qax rayonunda çox əlamətdar bir gündür. Biz gözəl Olimpiya Mərkəzinin açılışına toplaşmışıq, gözəl mərkəzdir. İndi tanış oldum, görürəm ki, bütün imkanlar vardır. Gənclər, uşaqlar idmanla məşğul olacaqlar, yaşlı nəslin nümayəndələri də istifadə etməlidirlər, bütün şərait vardır. Bilirəm ki, Olimpiya Kompleksinin tikintisi Qax sakinlərinin çoxdankı arzusu idi və artıq bu arzu reallaşıb. Əminəm ki, burada məşğul olacaq idmançılar Azərbaycanın idman şöhrətini yüksəklərə qaldıracaqlar. Gələcək Olimpiya, dünya çempionları burada yetişəcək və beləliklə, Azərbaycan idmanı inkişaf edəcəkdir.
Əlbəttə, belə komplekslərin tikintisi, ilk növbədə, idmanın kütləviliyini təmin edir. Əlbəttə ki, çempionlar da, rekordlar da lazımdır. Ancaq, ilk növbədə, gənclər gərək idmanla məşğul olsunlar ki, sağlam olsunlar və sağlam həyat tərzi sürsünlər. Buna görə ölkəmizin müxtəlif yerlərində belə komplekslər tikilir. Artıq Azərbaycanın regionlarında 39 Olimpiya mərkəzi vardır. Beləliklə, Qaxda da idmanla gözəl şəraitdə məşğul olmaq üçün bütün imkanlar vardır. Bu gün mən digər tədbirlərdə də iştirak edəcəyəm. Bu tədbirlər də rayonun ümumi inkişafını göstərir. Rayonda turizmin potensialı çox böyükdür. Bu potensialdan səmərəli istifadə etmək üçün əlbəttə ki, kompleks tədbirlər lazımdır. Bu gün Şəki-Qax avtomobil yolunun açılışını da qeyd etdik. Bu yol, ilk növbədə, insanların rahatlığı üçün tikilmişdir. Eyni zamanda, məsafə böyük dərəcədə qısalır. Beləliklə, turizmin inkişafı, Bakı ilə Qax arasındakı məsafəni azaltmaq üçün çox gözəl imkanlar vardır. Bu, böyük investisiya layihəsidir və tamamilə yeni bir yol çəkilmişdir. Beləliklə, Qaxa gediş-gəliş daha da rahat olacaqdır. Yolun açılışında növbəti təklif də verildi ki, biz Qax-Zaqatala yolunu da tikək. Bu imkanlar vardır. Onu da biz yəqin ki, gələn ilin investisiya proqramına salacağıq.
Keçən dəfə burada olarkən yeni otelin açılışında iştirak etmişəm. Bu gün Konfrans Mərkəzi açılır. Bu da çox əlamətdar hadisədir. İndi Azərbaycanda bütün bölgələrdə beynəlxalq konfranslar keçirilir. Təbii ki, Bakıda və eyni zamanda, bölgələrdə. Bax bu gün Qəbələdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üçüncü zirvə görüşü keçirilmişdir. Yüzlərlə qonaq gəlmişdir - dövlət başçıları, nümayəndə heyətinin üzvləri. Azərbaycanın gözəl bölgəsində belə bir tədbir keçirilmişdir. Vaxt gələcək Qaxdakı Konfrans Mərkəzində də beynəlxalq tədbirlər keçiriləcəkdir. Bunu etmək üçün ilk növbədə, şərait lazımdır - infrastruktur, yol və xidmət sektoru.
Qaxın çox gözəl təbiəti, gözəl iqlimi vardır. Əlbəttə ki, bunlar turizmin inkişafı üçün böyük potensialdır. Bütün bu şimal-qərb zonasının turizm imkanları çox genişdir. Əminəm ki, gələcəkdə bu istiqamətdə daha da böyük işlər görüləcəkdir. Nəzərə almalıyıq ki, Qaxın əsas infrastruktur layihələri də öz həllini tapmaqdadır. Bu gün, biz eyni zamanda, içməli su layihəsinin də istifadəyə verilməsini qeyd edəcəyik. Yəqin ki, bütün başqa rayonlarda olduğu kimi, Qaxda da içməli su problemi insanları narahat edirdi. Son bir həftə ərzində bir neçə şəhərdə içməli su layihələri həyata keçirildi. Kürdəmirdə, İsmayıllıda, Oğuzda, bu gün isə Qax rayonunda. Yəni, iki həftə ərzində dörd şəhərin onilliklər boyu yığılıb qalmış problemi öz həllini tapıb. Bu problemin həlli də Azərbaycan dövlətinin gücünü göstərir, Azərbaycan hökumətinin sosial siyasətini əks etdirir. Çünki mən həmişə qeyd edirəm ki, bu layihələrə qoyulan vəsait sırf sosial xarakter daşıyır. Azərbaycanın artan iqtisadi gücü, maliyyə imkanları, ümumiyyətlə, ölkəmizdə gedən inkişaf bizə imkan verir ki, bu layihələri icra edək.
İçməli su layihəsi deyə bilərəm ki, infrastruktur layihələri arasında ən vacib məsələdir. İçməli su həyat deməkdir, sağlamlıq deməkdir. Qaxa verilən içməli su bütün yüksək standartlara cavab verir. Xatırlayıram ki, keçən dəfə Qaxda olarkən biz bu böyük layihənin təməl daşını qoymuşduq. O vaxt demişdim ki, biz bu layihənin istifadəyə verilməsini bərabər qeyd edəcəyik. Çünki ölkəmizin inkişafı və infrastruktur layihələrinin həyata keçirilməsi üçün içməli su məsələləri, əlbəttə ki, ən vacib yer tutur.
Bu gün Qaxda, eyni zamanda, Heydər Əliyev Mərkəzinin açılışını da qeyd edəcəyik. Bu da çox önəmli hadisədir. Əvvəlki illərdə burada olarkən biz Qaxın müasirləşməsi və eyni zamanda, qədim tarixin qorunması layihələrini də müzakirə etmişik. İçəribazar küçəsi gözəl küçədir və həm rayon sakinləri, həm qonaqlar üçün çox böyük maraq kəsb edən bir layihədir. O vaxt mən tövsiyə etmişdim ki, bizim qədim şəhərlərimizdə qədim tarixi bərpa etmək üçün təşəbbüslər irəli sürülsün. İçəribazar layihəsi o təşəbbüslərin sırasındadır. Çünki tarixdə belə yerlər olub və o küçə boyu yerləşən binalar qədim binalardır. Onlar qorunur, bərpa olunur, turistlər üçün maraq doğurur.
Rayon mərkəzinin abadlaşması prosesi də çox uğurla gedir. Mən xatırlayıram, ilk dəfə Qaxda olarkən mənzərə tam başqa idi. Son dəfə olanda gördüm ki, hər yerdə abadlıq, quruculuq işləri gedir, ağaclar əkilir, yollar genişlənir, binalar bərpa olunur. Bu məni çox sevindirir və əminəm ki, sizi də. Çünki siz burada yaşayırsınız və sizin həyatınız burada keçir. Mən çox istəyirəm ki, Azərbaycan vətəndaşları yaşadıqları yerlərdən asılı olmayaraq, rahat yaşasınlar, xoşbəxt olsunlar. Bütün lazımi şərait olsun. Çalışırıq ki, bunları yaradaq. Yollar, su xətləri, qazlaşdırma, sosial obyektlər, məktəblər.
Azərbaycan dövləti daim öz vətəndaşının maraqlarının keşiyindədir. Bunu həyat göstərir. Eyni zamanda, üzləşdiyimiz təbii fəlakətlər də göstərir ki, fəlakətlər baş verdikdə Azərbaycan dövləti öz vətəndaşını darda qoymur, onun problemlərini həll edir. Deyə bilərəm, Azərbaycan dünyada nadir ölkələrdəndir ki, vətəndaşlar üçün dövlət hesabına evlər tikir. Zəlzələ zamanı, zəlzələdən sonra burada olarkən mən demişdim ki, dövlət daha yaxşı evlər, binalar tikəcəkdir və belə də oldu. Bax, bu zonada - Zaqatalada, Qaxda, Balakəndə, Şəkidə zəlzələyə məruz qalmış evlər təmir olunur. Demək olar ki, onların mütləq əksəriyyəti artıq yenidən tikilmişdir. Bu da Azərbaycan reallıqlarıdır.
Azərbaycan müasir dövlətdir, iqtisadiyyatımız bazar iqtisadiyyatı prinsipləri üzərində qurulubdur. Amma, eyni zamanda, biz sosial dövlətik. Sosial dövlət o deməkdir ki, insan amili, Azərbaycan vətəndaşı, onun maraqları, onun rifahı siyasətimizin mərkəzindədir. Belə gözəl obyektlərin tikintisi də bu məqsədi güdür. Əminəm ki, bu Olimpiya Mərkəzi qaxlıların xidmətində olacaqdır. Sizi bir daha salamlayıram və bu hadisə münasibətilə təbrik edirəm.
X X X
Rayon idmançıları adından çıxış edən əlbəyaxa döyüş üzrə dünya çempionatının finalçısı Ramil MƏMMƏDLİ Azərbaycan idmanın inkişafına, o cümlədən Qax rayonuna göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirərək dedi:
- Möhtərəm cənab Prezident! Qaxın ictimaiyyəti, gəncləri və idmançıları adından sizi salamlayıram, “Rayonumuza xoş gəlmisiniz” deyirəm. Bu gün Qaxın gəncləri, idmançıları üçün tarixi bir gündür. Rayonumuzda möhtəşəm Olimpiya İdman Kompleksi istifadəyə verilir. Ümumiyyətlə, son on ildə ölkə həyatının bütün sahələrində olan inkişaf idmandan da yan keçməmişdir. Bu gün Azərbaycanımız dünyada idman dövləti kimi tanınır və idmançılarımız ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edir, bayrağımızı ən uca zirvələrə qaldıraraq himnimizi səsləndirirlər. Mən idmanın əlbəyaxa döyüş növü ilə məşğul oluram və son on ildə dünyanın müxtəlif ölkələrində - İtaliyada, Macarıstanda, Rusiyada, Ukraynada keçirilən dünya çempionatlarında çıxış etmişəm. Dünya çempionu, dünya çempionatının mükafatçısı və finalçısı olmuşam. Bütün bunlar Sizin əməyinizdir, cənab Prezident. Bunlara nail olmaq üçün Siz kömək göstərmisiniz. Elə açılışını etdiyimiz bu Olimpiya İdman Kompleksində də gələcəyin Avropa, dünya və Olimpiya çempionları yetişəcək və ən əsası odur ki, bu kompleks gənclərimizin sağlam ruhda böyüməsinə xidmət edəcəkdir. Bunun üçün Qaxın bütün gəncləri, bütün idmançıları adından Sizə dərin minnətdarlığımı bildirirəm.
Möhtərəm cənab Prezident, ölkəmizin hər yerində tikinti-quruculuq işləri gedir və bu quruculuq işləri Qax rayonundan da yan keçməmişdir. Bu gün rayonumuz gündən-günə gözəlləşir, böyüyür, abadlaşır. Qaxın bütün yaşayış məntəqələrində tikinti-quruculuq işləri aparılır, əhalinin sosial problemləri həll olunur, heç bir sakinimiz diqqətdən kənarda qalmır. Elə iştirakınızla rayonumuzda yeni su-kanalizasiya sisteminin yeni layihə əsasında qurulması buna əyani sübutdur.
Cənab Prezident, Siz ən ağır günümüzdə belə bizi diqqətdən kənarda qoymursunuz. Elə bölgəmizdə baş verən zəlzələdən dərhal sonra Sizin rayona gəlişiniz, zərərçəkən vətəndaşlarla görüşləriniz onlarda psixoloji gərginliyi, qorxu hissini tamamilə aradan qaldırdı və onlar arxalarında güclü dövlətin və onun qayğıkeş rəhbərinin dayandığına bir daha əmin oldular.
Möhtərəm cənab Prezident, Siz hər bir Azərbaycan vətəndaşının, o cümlədən hər bir qaxlının layiqli həyat yaşaması üçün gözəl şərait yaratmısınız. Məhz bunun nəticəsidir ki, bu gün ölkədə Vətənini sevən sağlam gənclik yetişir. Mən bu gənclərin və idmançıların adından Sizə demək istəyirəm: “Bu sağlam gənclik bu gününü, sabahını və gələcəyini yalnız və yalnız Sizə bağlayır. Sizə möhkəm idman sağlamlığı arzulayır, işlərinizdə uğurlar diləyirik”.
X X X
Prezident İlham ƏLİYEV: Sağ ol. Uğurlarınız bizi daim sevindirir. Azərbaycan artıq dünyada idman ölkəsi kimi tanınır və bütün beynəlxalq yarışlarda bizim bayrağımız qaldırılır. Bu yaxınlarda Universiadada - tələbə idmançılar arasındakı beynəlxalq yarışda idmançılarımız 15-ci yerə layiq görülmüşlər. Bu yarışlarda 200-ə yaxın ölkə iştirak etmişdir. On altı medal qazanmışıq. Olimpiya Oyunlarında da Azərbaycan ən qabaqcıl ölkələr sırasındadır. İdman, əlbəttə ki, sağlamlıqdır. Eyni zamanda, idman vətənpərvərlik hisslərini də gücləndirir, gənclərimiz vətənpərvərlik ruhunda tərbiyə alırlar və almalıdırlar. Müstəqillik dövründə gənclərimiz yetişir. Bizim idman uğurlarımızı təmin edən idmançıların böyük əksəriyyəti müstəqillik dövründə doğulmuşlar. Ancaq hamısı müstəqillik dövründə formalaşmışlar. Müstəqilliyin üstünlüklərini hər bir Azərbaycan vətəndaşı görür. Bu, reallıqdır.
Mən keçən dəfə qeyd etmişəm, dəfələrlə demişəm və bir daha deyirəm ki, Azərbaycan tarixdə heç vaxt, heç bir tarixi mərhələdə bu qədər güclü, bu qədər azad, bu qədər müstəqil olmamışdır. Müxtəlif tarixi dövrlərdə bizim dövlətçiliyimiz də olub, digər rəmzlərimiz, dövlət atributları olub. Ancaq bugünkü müstəqillik mütləq müstəqillikdir. Bu müstəqillik ən böyük sərvətimizdir, ən böyük nemətimizdir. Gənclər də məhz bu ruhda tərbiyə almalıdır. Çünki gələcəkdə ölkəmizin taleyi onlardan asılı olacaqdır. Onların biliyindən, vətənpərvərliyindən, Vətənə sədaqətindən asılı olacaqdır. Bizim nəsil, yaşlı nəsil, orta nəsil elə nümunə göstərməlidir ki, gənclər bu nümunəni götürüb gələcəkdə, bax, bu yolla getsinlər - müstəqillik yolu ilə. Bir də ki, müstəqillik dövründə istər beynəlxalq aləmdə, istər iqtisadi sahədə o qədər böyük uğurlar əldə edilib ki, hər bir vətəndaş haqlı olaraq qürur hissi keçirir.
Bütün bölgələrdə, bütün rayonlarda inkişaf gedir. Mən dəfələrlə bölgələrdə oluram. Bu, son on il ərzində Qax rayonuna mənim altıncı səfərimdir. Çalışıram ki, hər bir rayonda bir neçə dəfə olum. Ona görə ki, həm işlərə nəzarət olmalıdır, eyni zamanda, görülən işlərlə tanış olmalıyam. Bir də ki, mənim səfərlərim, hesab edirəm ki, rayonda yaşayanlar üçün mühüm əhəmiyyət kəsb edir. Onlar da görürlər ki, diqqətdən kənarda qalmırlar. Onlar daim diqqət mərkəzindədirlər. Hər bir yerdə inkişaf, quruculuq, abadlıq vardır. Artıq bu meyllər o qədər güclüdür ki, indi rayonlar arasında sağlam rəqabət aparılır. Mən də bunun tərəfdarıyam. Hər dəfə hər yerdə deyirəm ki, çalışın ən qabaqcıl yerlərə çıxın. Deyə bilərəm ki, Qaxda aparılan quruculuq-abadlıq işləri rayonu ön plana çəkibdir. Siz də bunu bilirsiniz. Bu da sizin xidmətinizdir, zəhmətinizdir.
Əlbəttə ki, dövlət büdcəsindən bundan sonra da lazımi vəsait ayrılacaqdır. Hesab edirəm ki, yaxın gələcəkdə əsas infrastruktur layihələri tam şəkildə başa çatacaqdır. Su, kanalizasiya layihəsi artıq başa çatmışdır. Qazlaşdırma da gedir. Ondan sonra kənd yollarının tikintisi, iş yerlərinin açılması. Hələ ki, məktəb tikintisinə ehtiyac vardır. Qəzalı vəziyyətdə məktəblər yəqin ki, Qax rayonunda da vardır. Gələn il qəbul ediləcək regionların sosial-iqtisadi inkişafı üzrə üçüncü Dövlət Proqramı növbəti illər ərzində əsas sənəd olacaqdır. Növbəti beşillik inkişaf proqramı da demək olar ki, hazırdır. Gələn ilin əvvəlində qəbul ediləcəkdir. Bu proqram 2014-2018-ci illəri əhatə edəcəkdir. O proqramda hər rayonun, o cümlədən Qax rayonunun qalan problemləri də öz həllini tapacaqdır. Biz də yəqin ki, sizlərlə bundan sonra tez-tez görüşəcəyik. Çünki burada hələ açılışlar çox olacaqdır. Bir daha sizi salamlayıram.
X X X
Sonda xatirə şəkli çəkdirildi.