Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Prezident İlham Əliyev Qax şəhərinin su təchizatı və kanalizasiya sistemləri kompleksinin istifadəyə verilməsi mərasimində iştirak etmişdir.

17 avqust 2013 | 15:00

Dövlətimizin başçısı Qax şəhərinin su təchizatı sistemlərinin baş planını və şəhərin 1 nömrəli su anbarının görüntülərini əks etdirən stendlərə baxdı.
“Qax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi barədə məlumat verən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov bildirdi ki, kompleksin təməli dövlətimizin başçısının iştirakı ilə 2011-ci il noyabrın 17-də qoyulmuşdur.
Qeyd edildi ki, Qax şəhərinin su təchizatı sistemi 1960-cı illərin sonlarında yaradılmışdır. Yeni layihənin icrasına qədər şəhər sakinləri Kürmük və Qumçay çaylarının, həmçinin subartezian quyularının sularından istifadə edirdilər. Mövcud 25 kilometr magistral və 52 kilometrlik paylayıcı su xətləri istismara yararsız vəziyyətdə olduğundan əhalinin içməli su təchizatında fasilələr yaranırdı. Qax şəhərinin 13 min sakininin 9 mini mərkəzləşmiş qaydada gün ərzində 4-6 saat olmaqla cədvəl əsasında içməli su ilə təchiz edilirdi. Mərkəzləşmiş su təchizatı sistemi olmayan yerlərdə isə əhali tələbatını fərdi qaydada ödəmək məcburiyyətində idi.
Layihəyə əsasən İlisu kəndinin yaxınlığındakı bulaqlardan Qax şəhərinə gətirilən su həm yeni qurulmuş, həm də mövcud şəbəkə vasitəsilə əhaliyə verilir. Bunun nəticəsidir ki, artıq şəhər yeni mənbədən 100 faiz fasiləsiz su ilə təmin olunur. Bulaq sularının toplanması məqsədilə ərazidə məhsuldarlığı saniyədə 80 litr olan suqəbuledici qurğu tikilmiş və buradan Qax şəhərinə qədər 6,7 kilometr uzunluğunda magistral su kəməri çəkilmişdir. Qax şəhərini fasiləsiz rejimdə içməli su ilə təmin etmək üçün hər birinin tutumu min kubmetr olan altı anbar tikilmişdir. İnşası nəzərdə tutulan 119 kilometrlik şəhərdaxili su şəbəkəsinin 90 kilometrlik hissəsində işlər yekunlaşmış, iki mindən artıq ünvan şəbəkəyə qoşulmuşdur. İçməli sudan istifadənin dəqiq uçotunun aparılması məqsədilə “smartkart” tipli sayğacların quraşdırılması da davam etdirilir və indiyədək 5,9 min abunəçinin 1500-ü sayğacla təmin olunmuşdur.
Diqqətə çatdırıldı ki, yeni layihə həyata keçirilənədək Qax şəhərində kanalizasiya şəbəkəsi, ümumiyyətlə, mövcud olmamışdır. Layihəyə uyğun olaraq Qax şəhərində ilk dəfə kanalizasiya sistemi yaradılır. Bu məqsədlə 17 kilometr uzunluğunda kanalizasiya kollektoru inşa edilmiş, 89,5 kilometrlik kanalizasiya şəbəkəsinin 35 kilometrlik hissəsində işlər başa çatdırılmışdır. Yaranacaq tullantı suları şəhərin kənarında tikiləcək və məhsuldarlığı sutkada 8 min kubmetr olacaq çirkab sutəmizləyici qurğuya ötürüləcəkdir.
Bildirildi ki, “Qax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla, Qax şəhərində 14 min nəfərin su təchizatı və kanalizasiya xidmətlərinin, Qaxbaş və Qaxingiloy kəndlərində isə 7,5 min nəfərin içməli su təchizatının yaxşılaşmasına hesablanmışdır.
Dövlətimizin başçısı Qax şəhərinə içməli suyun rəmzi verilməsini bildirən düyməni basdı.
Sonra Prezident İlham Əliyev “Azərsu” ASC-nin əməkdaşları ilə və inşaatçılarla görüşdü.
Sonda xatirə şəkli çəkdirildi.

Keçidlər