1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
1 İyun bütün dünyada Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur. Bu, təsadüfi deyil, çünki müasir dövrdə uşaqların problemlərinin həlli, onların hüquqlarının qorunması ən aktual məsələlərdən biridir. Tarixə nəzər salsaq, 1950-ci il iyunun 1-də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən Qadınların Beynəlxalq Konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb.
Bu gün, dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da qeyd edilir. Uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişlı mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, onların şəxsiyyət kimi formalaşması əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Ümummilli lider Heydər Əliyev uşaq hüquqlarının müdafiəsi məqsədilə 1998-ci il avqustun 24-də “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun təsdiqi ilə bağlı xüsusi fərman imzalamışdır. Qanunda uşaqların hüquq bərabərliyi, vicdan, söz və məlumat azadlığı, yaşamaq və inkişaf etmək, tərbiyə almaq,şərəf və ləyaqətinin müdafiəsi hüquqları da xüsusi vurğulanır. Bugün ulu öndərin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uşaq dövlət siyasəti ilə bağlı silsilə fərman və sərəncamlar imzalamışdır. Təsadüfi deyildir ki, ölkə başçısı cənab İlham Əliyev 2009-cu ili “Uşaq ili” elan etmişdir.
Bugün ölkəmizdə uşaqların sağlam mühitdə böyüməsi və tərbiyə alması, müvafiq standartlara cavab verən təhsil müəssisələrində oxuması üçün hər cür şərait yaradılmışdır. Uşaqlara, xüsusilə, xəstə və kimsəsizlərə diqqət və qayğıdan söhbət açanda Heydər Əliyev Fondunun və fondun prezidenti Mehriban xanım Əliyevanın bu sahədəki yorulmaz fəaliyyəti xüsusi vurğulanmalıdır.
Azərbaycanda təhsilin inkişafı, gənclərimizin sağlam və savadlı böyüməsi Heydər Əliyev Fondunun siyasətinin prioritet istiqaməti olduğundan bu sahədə fondun təşəbbüsü ilə həyata keçirilən “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Yeniləşən Azərbaycana yeni məktəb” proqramları və “Təhsilə dəstək” layihəsi ölkəmizdə təhsilin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə gətirib çıxarmışdır. Həmçinin son illər Azərbaycanın hər bir guşəsində uşaqlar üçün gözəl məktəblər və məktəbəqədər təhsil müəssisələri tikilərək istifadəyə verilməkdədir.
Həmçinin Fondun həyata keçirdiyi “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə”, “Kor və zəif görən insanların İKT-yə çıxışının təmin edilməsi”, Bakıda Talassemiya Diaqnostika Mərkəzinin, tələbatı ödəyəcək qədər ehtiyata malik Qan Bankının yaradılması xeyirxahlıq, vətənpərvərlik hisslərini birləşdirən humanist duyğulardır. Diabetli uşaqlara pulsuz tibbi yardım göstərilməsi məqsədilə beynəlxalq təşkilatlarla əməkdaşlıq genişləndirilmiş, nəzərdə tutulan layihələrin reallaşdırılması, xeyriyyəçilik tədbirləri, cərrahiyyə əməliyyatları, peyvəndləşdirmə aksiyaları əsl şəfqət və mərhəmət, xeyirxahlıq nümunəsinə çevrilmişdir.
Heydər Əliyev Fondu əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiya olunmasına, qaçqın və məcburi köçkün ailələrindən olan, valideyn himayəsindən məhrum olmuş uşaqlara xüsusi diqqət və qayğı ilə yanaşır. Azərbaycanda uşaq alverinin, uşaqların valideynləri tərəfindən zorakılığa məruz qalmasının qarşısının alınması istiqamətində müəyyən tədbirlər görülür. Bütün bunlar uşaqlarımızın sağlam və hərtərəfli gələcəyi üçündür. Ölkəmizin sabahı olan uşaqları qorumaq və onların müdafiəsinə hamılıqla qoşulmaq hər birimizin borcudur.
Son bir il ərzində bütün dünyanı bürüyən COVID-19 pandemiyasına qarşı ölkəmizdə atılan qabaqlayıcı və təxirəsalınmaz tədbirlər sayəsində dövlətimiz bu infeksiyanın təsirindən minimum zərər çəkən ölkələr sırasındadır. Təhsil müəssisələrinin fəaliyyətinin müvəqqəti dayandırılması uşaqların sağlamlığının qorunmasının hər şeydən üstün olduğunu sübut edir. Dərslərin dayandırılmasına baxmayaraq yetişməkdə olan nəslin təlim-tərbiyəsi diqqətdən kənar qalmamış, onlayn məşğələlərlə davam etdirilmişdir.
Bu gün kütləvi tədbirlərin keçirilməsi mümkün olmasa da, uşaqlar 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününü təhsil və tərbiyə aldıqları müəsissələrdə qeyd edirlər. Dövlətimizin diqqət və qayğısı, ardıcıl sosial paketlərin hazırlanması ilə vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması nəticəsində uşaqlar da ailələrində özlərini xoşbəxt hiss edirlər. İstər təhsil, istər mədəniyyət, istərsə də səhiyyənin inkişafı uşaqlarımızın sağlam və hərtərəfli gələcəyi üçündür. Ölkəmizin sabahı olan uşaqları qorumaq və onların müdafiəsinə hamılıqla qoşulmaq hər birimizin borcudur.
O cümlədən, 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə rayonumuzda da onlayn konfranslar, bədii qiraət, rəsm və inşa müsabiqələri keçirilmiş, uşaqlar fərqləndirici hədiyyələrlə mükafatlandırılmışlar.