Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qax rayonunun zəlzələdən zərər çəkmiş Güllük kəndində yeni məktəb binası istifadəyə verilmişdir

17 sentyabr 2013 | 15:00

Qax rayonunun Güllük kəndində tam orta məktəb üçün inşa edilmiş 300 şagird yerlik yeni məktəb binasının açılış mərasimində rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev, rayon təhsil şöbəsinin müdiri Məmməd Xasıyev çıxış edərək zəlzələ bölgəsində həyata keçirilən tədbirlərin Prezident İlham Əliyevin daim diqqət mərkəzində olduğunu bildirmişlər. Qeyd olunmuşdur ki, dövlətimizin başçısının göstərişinə əsasən qısa müddət ərzində zəlzələ bölgəsində minlərlə, o cümlədən Qax rayonunun zəlzələdən zərər çəkmiş ərazilərində yüzlərlə fərdi ev tikilib sakinlərə təhvil verilmişdir. Qax rayonunda tikintisinə başlanan 10 məktəb binasından 9-u artıq istifadəyə verilmişdir. Bu gün sonuncu məktəb binası da öz qapılarını şagirdlərin üzünə açır. Bildirilmişdir ki, zəlzələ bölgəsində həyata keçirilən bütün bu tədbirlər dövlətimizin başçısının ölkə vətəndaşlarına göstərdiyi yüksək diqqət və qayğının bariz nümunəsi olmaqla bərabər, həm də ölkəmizin artan iqtisadi qüdrətindən xəbər verir.
Məktəbin direktoru Firəngiz İsayeva, 11-ci sinif şagirdi Günel Əhmədova, valideyn Sevinc Məmmədova çıxış edərək məktəb binasının yeni tədris ilinin başlanğıcında istifadəyə verilməsini məktəb kollektivi üçün çox dəyərli hədiyyə olduğunu bildirmiş, bu qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə etmişlər.
Mərasimdə fövqəladə hallar naziri Kəmaləddin Heydərov çıxış edərək son illər ölkəmizdə iki böyük təbii fəlakətin - 2010-cu ildə aran bölgəsində sel və daşqınların, 2012-ci ilin mayında isə bu bölgədə güclü zəlzələnin baş verdiyini xatırlatmışdır. Bildirmişdir ki, hər iki bölgədə təbii fəlakət baş verəndən dərhal sonra Prezident İlham Əliyev fəlakət bölgəsinə getmiş, vəziyyətlə yerində tanış olmuş, aidiyyəti qurumlara müvafiq tapşırıqlarını vermişdir. Təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün Azərbaycan Prezidenti xüsusi sərəncamlar imzalamış, dövlət büdcəsindən müvafiq vəsait ayrılmışdır.
Nazir bildirmişdir ki, dünyanın heç bir ölkəsində təbii fəlakətlər, yaxud texnogen qəzalar baş verərkən dövlət əhəmiyyətli müəssisələr istisna olmaqla, digər tikililərin bərpası üçün dövlət büdcəsindən vəsait ayrılmır. Bu, Azərbaycan Prezidentinin öz xalqına, ölkə vətəndaşlarına olan məhəbbətinin, qayğısının təcəssümüdür. Bildirilmişdir ki, aran bölgəsində sel və daşqınların yaratdığı fəsadlarla bağlı görülən işlər artıq tamamlanmaq üzrədir. Balakən, Zaqatala, Qax və Şəki rayonlarında isə zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir. Dövlətimizin başçısının tapşırığına əsasən, indiyədək bu rayonlarda onlarla məktəb binası, minlərlə fərdi ev tikilib təhvil verilmişdir.
Nazir demişdir ki, hər dəfə bu rayonlara gələndə, insanların, uşaqların çöhrələrindəki sevinci görəndə biz də sevinirik, fərəhlənirik. Əminik ki, bu cür işıqlı, gözəl, ən müasir avadanlıqla təchiz olunmuş məktəblərdə təhsil alan şagirdlər daha yaxşı oxuyacaq, bu məktəblərdə təhsilin keyfiyyəti daha da yaxşılaşacaqdır.
Məktəbin açılışını bildirən rəmzi lent kəsildikdən sonra yeni məktəb binasına baxış keçirilmişdir. Müasir standartlara uyğun inşa edilmiş üçmərtəbəli binada tədris prosesi üçün hər cür şərait yaradılmış, məktəb yeni inventar və avadanlıqla təchiz edilmiş, binada nəzarət kameraları, müasir istilik sistemi quraşdırılmış, həyət abadlaşdırılmışdır.

Keçidlər