“Səhiyyə sektorunda islahatlar” layihəsi çərçivəsində Qaxda yeni həkim məntəqəsi və sahə xəstəxanası istifadəyə verilmişdir
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Dünya Bankının birgə həyata keçirdikləri “Səhiyyə sektorunda islahatlar” layihəsi çərçivəsində Qax rayonunun Güllük kəndində həkim məntəqəsi, Əlibəyli kəndində isə sahə xəstəxanası tikilib istifadəyə verilmişdir.
AzərTAc xəbər verir ki, sentyabrın 24-də yeni səhiyyə obyektlərinin açılışı münasibətilə keçirilən mərasimlərdə çıxış edən rayon icra hakimiyyətinin başçısı və Səhiyyə Nazirliyinin nümayəndəsi ölkəmizdə, o cümlədən Qaxda səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlər barədə məlumat vermişlər. Bildirilmişdir ki, son illər ərzində ölkəmizdə 500-ə yaxın yeni tibb müəssisəsi tikilmiş, yenidən qurulmuş və ya əsaslı təmir olunaraq əhalinin istifadəsinə verilmişdir. Bu müəssisələr ən müasir tibbi avadanlıqla təchiz edilmişdir.
Qeyd olunmuşdur ki, “Səhiyyə sektorunda islahatlar” layihəsi çərçivəsində respublikanın 4 rayonunda 10 tibb müəssisəsi inşa olunmuşdur. Sentyabrın 23-də Şəki rayonunun iki kəndində, bu gün isə Qax rayonunun Güllük və Əlibəyli kəndlərində tikilmiş müəssisələr əhalinin istifadəsinə verilmişdir. Yaxın günlərdə isə Ağdaş və İsmayıllı rayonlarında layihə çərçivəsində inşa edilən daha 6 tibb müəssisəsinin açılışı olacaqdır.
Kənd ağsaqqalları, ziyalılar çıxış edərək əhalinin sağlamlığının qorunmasına yönələn tədbirləri ürəkdən alqışlamış, onlara göstərilən bu diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
Sonra tədbir iştirakçıları yeni tibb ocaqlarında yaradılmış şəraitlə yaxından tanış olmuşlar. Yüksək ixtisaslı həkim və tibb işçilərinin çalışacağı hər iki tibb müəssisəsi ən müasir tibb avadanlığı ilə təchiz edilmişdir.