Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

“Xüsusi Təyinatlı Gənclik” hərbi-vətənpərvərlik düşərgəsi təşkil olunub

13 oktyabr 2021 | 16:00

    Rayonun İlisu kəndi ərazisində, “İlisu” İstirahət Mərkəzində 9-13 oktyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Rayon İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı  ilə “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən “Xüsusi Təyinatlı Gənclik”  hərbi-vətənpərvərlik düşərgəsi təşkil olunmuşdur.
      Düşərgənin keçirilməsində məqsəd gənclərin hərbi-fiziki hazırlığını yüksəltmək, onları idmana və sağlam həyat tərzinə təşviq etmək, gənclərdə vətənpərvərlik və həmrəylik hissini daha da gücləndirmək olmuşdur.
      Vətən müharibəsinin birinci ildönümünə həsr olunmuş beş gün açıq hava şəraitində davam edən düşərgədə gənclər “Yarasalar”, “Şahinlər”, “Canavarlar”, “Əqrəblər”, “Dəniz pişikləri”, “Vaşaqlar” adlı komandalar şəklində iştirak ediblər. Düşərgə müddətində gənclərə simulyativ hərbi əməliyyat proqramı əsasında Xüsusi Təyinatlı Qüvvələrin ehtiyyatda olan zabit və gizir heyəti tərəfindən topoqrafiya, dağçılıq, mühəndis-istehkam, kəşfiyyat, sıra hazırlığı, ilkin tibbi hazırlıq, KQSM hazırlığı, ekstremal şəraitdə həyatda qala bilmə, silahla davranış, atəş hazırlığı, əlbəyaxa döyüş üzrə praktiki təlimlər keçirilmiş, gənclər üçün hərbi idman oyunları, təbiətə ekskursiyalar və asudə vaxtda müxtəlif əyləncəli fəaliyyətlər təşkil olunmuşdur.
       Düşərgənin bağlanış mərasimində ilk öncə torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib. Daha sonra Dövlət Himninin sədaları altında düşərgədə iştirak edən Vətən Müharibəsi Qəhrəmanları Vüsal Yaqubov və Azər Abdullazadə Dövlət Bayrağını düşərgə ərazisində yüksəldiblər.
       Bağlanış mərasimində Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qax bölməsinin rəisi polkovnik-leytenant Fuad Hüseynov, rayon Gənclər və İdman İdarəsinin rəisi Əlövsət Bayramov, “Böyük Qayıdış” Gənclər Təşkilatının icraçı direktoru Nail Şükürov,  təşkilatın idarə heyətinin üzvləri və Qarabağ qaziləri iştirak ediblər. Çıxışlardan sonra mərasim düşərgə iştirakçılarının təqdimatında hərbi proqramın nümayişi, musiqi və şeir kompozisiyaları ilə davam edib.
       Sonda “Xüsusi Təyinatlı Gənclik”  hərbi-vətənpərvərlik düşərgəsinin qalib komandası açıqlanıb. Düşərgənin qalibi 5 gün boyunca yüksək nizam intizam və fəaliyyətlərdə daha aktiv iştirak edən “Dəniz pişikləri” komandası olub. Qaliblər hədiyyələrlə mükafatlandırılıb.

 

 

 

 

 

Keçidlər