Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qax müəllimləri peşə bayramlarını qeyd etmişlər

06 oktyabr 2013 | 15:00

Beynəlxalq Müəllimlər Günü münasibətilə Qax şəhərində keçirilən ümumrayon tədbirinin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsi önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
AzərTAc xəbər verir ki, rayon rəhbərliyinin, qabaqcıl təhsil işçilərinin, ziyalıların iştirak etdiyi tədbirdə ölkəmizdə təhsil sahəsinin inkişafına göstərilən yüksək dövlət qayğısından danışılmış, rayon müəllimlərinin qazandığı uğurlardan bəhs edilmişdir.
Qeyd olunmuşdur ki, oktyabrın 5-i bütün dünyada ən şərəfli, ən müqəddəs və ən məsuliyyətli peşə sahibi olan müəllimlərin bayramıdır. 1966-cı ildə UNESCO tərəfindən təsis edilən Beynəlxalq Müəllimlər Günü 1993-cü ildən Azərbaycanda da geniş qeyd olunur.
Bildirilmişdir ki, müəllim cəmiyyətin sabahının, gözəl gələcəyinin yaradıcısıdır. Müəllim gənc nəslə elm, bilik, aydın dünyagörüşü verir, onlara xeyirxahlıq, zəhmətsevərlik, vətənpərvərlik kimi müsbət keyfiyyətləri təlqin edir. Bəşər cəmiyyəti bugünkü nailiyyətlərinə görə, ilk növbədə, bu xeyirxah peşə sahiblərinə minnətdardır.
Çıxışlarda ümummilli lider Heydər Əliyevin müəllim peşəsinə, müəllim əməyinə həmişə böyük qiymət verdiyi xüsusi vurğulanmışdır. Müəllim əməyinə bu gün də dövlətimiz tərəfindən yüksək qiymət verilir, bu xeyirxah peşə sahiblərinin sosial rifahının yaxşılaşdırılması üçün ardıcıl tədbirlər həyata keçirilir. Respublikamızın hər yerində olduğu kimi, Qax rayonunda da son illər təhsil quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilir, məktəblərin maddi-texniki bazası əsaslı şəkildə yaxşılaşdırılır. “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin keçirilməsi Qax rayonunun pedaqoji kollektivlərində də böyük ruh yüksəkliyinə səbəb olmuş, təlim-tərbiyə işinin yaxşılaşmasına müsbət təsirini göstərmişdir. Ötən müddətdə rayonun 5 ümumtəhsil məktəbi və 5 müəllim bu müsabiqənin qalibi adını qazanmışdır. Bundan əlavə, 6 nəfər “Əməkdar Müəllim” fəxri adına layiq görülmüş, 4 müəllim “Tərəqqi” medalı ilə, 14 nəfər “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuş, 12 müəllimə Təhsil Nazirliyinin fəxri fərmanları verilmişdir. Sevindirici haldır ki, oktyabrın 3-də şəhər 2 nömrəli məktəb-liseyin müəllimi Güləbənzər Sərkərova da “Tərəqqi” medalı ilə təltif edilmişdir.
Tədbirdə çıxış edənlər müəllimləri əlamətdar bayram münasibətilə təbrik etmiş, onlara pedaqoji fəaliyyətlərində daha böyük uğurlar arzulamışlar.
Sonda qabaqcıl müəllimlərə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunmuşdur.

Keçidlər