Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayonda şəhid polkovnik-leytenant Sadiq Məmmədovun xatirəsi anılıb

28 oktyabr 2021 | 16:00

Qırx dörd  gün davam edən və şanlı Zəfərlə başa çatan Vətən müharibəsində Qax rayonunun igid oğulları da mərdliklə vuruşaraq tarixi Qələbənin qazanılmasına öz töhfələrini veriblər. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarından biri də  Qax şəhərinnən olan Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı Sadiq Məmmədovdur.
   Şəhid polkovnik-leytenantın şəhadətə yüksəlməsinin ildönümü ilə əlaqədar oktyabrın 28-də Qax şəhərində anım mərasimi keçirilib. Rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbər və əməkdaşları, Vətən müharibəsinin iştirakçıları, ictimaiyyət nümayəndələri şəhidin ailə üzvləri ilə birlikdə Şəhidlər xiyabanına gələrək onun məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.
   Mərasimdə rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev çıxış edərək, 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən, Zəfərlə başa çatan müharibədə Vətənimizin igid oğullarının göstərdikləri qəhrəmanlıqlardan danışıb. Bildirilib ki, ərazi bütövlüyümüz uğrunda başlanan savaşda Qax rayonunun qəhrəman oğulları da rəşadətlə vuruşub, şəhidlər veriblər. Belə igid oğullardan biri də şəhid polkovnik-leytenant Sadiq Məmmədovdur. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin xalqımız tərəfindən daim uca tutulduğu vurğulanıb.
   Mərasimdən sonra rayon rəhbərliyi şəhid polkovnik-leytenantın ailəsini ziyarət edib, ailə üzvlərinin problemləri ilə maraqlanıblar.
   Sadiq Məmmədov 1981-ci il iyunun 23-də Qax şəhərində anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib, Xocavənd döyüşləri zamanı şəhid olub. Döyüşlərdə göstərdiyi igidliyə görə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, həmçinin “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. Ailəli idi, üç övladı yadigar qalıb. Allah cəmi şəhidlərimizə rəhmət eləsin.

 

Keçidlər