Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

8 Mart_Beynəlxalq Qadınlar Günüdür!

07 mart 2024 | 16:04

      Tariximizə bir çox parlaq səhifələr yazan Azərbaycan qadınının milli-mənəvi dəyərlər sistemimizin təşəkkülündə və yaşadılmasında müstəsna rolu var. Qadın adını hər bir azərbaycanlı həmişə uca tutub, Ana məfhumunu Vətənin təcəssümü sayıb. Azərbaycan qadını sədaqəti, mərdliyi ana məhəbbətinin ülviliyi xalq yaradıcılığının nümunələrində, görkəmli sənətkarlarımızın əsərlərində dönə-dönə vəsf olunub. Azərbaycan qadını ictimai-siyasi proseslərdə həmişə fəal olub. Onlar arasından görkəmli dövlət, elm, mədəniyyət və ictimai-siyasi xadimləri yetişib.

      Tarixin bütün dövrlərində Azərbaycan qadını öz doğma Vətəninin müdafiəsində yaxından iştirak etmiş, siyasi və dövlət quruculuğu sahəsində əsl vətənpərvərlik nümunələri göstərmişdir. Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanında Azərbaycan qadınlarının savaş meydanında göstərdiyi şücaət, eyni zamanda Möminə Xatun, Sara Xatun, Nüşabə, Tomris, Nigar, Həcər, Tutu Bikə kimi qəhrəmanlıq nümunəsi olan lider qadınlarımız bunun bariz nümunəsidir.

      Ölkəmiz müstəqillik qazandıqdan sonra Azərbaycan qadınının cəmiyyət həyatının hər sahəsində rolu daha da güclənib və fəaliyyətləri genişlənib. Bu gün Azərbaycan qadını öz ağılı, biliyi, istedadı, milli-mənəvi keyfiyyətləri ilə dünya qadınları arasında yüksək yer tutur.

      Azərbaycan qadınının cəmiyyətdə oynadığı rol daha da yüksəlib və zərif cinsin nümayəndələri ana olmaqla yanaşı, dövlət idarəçiliyində, qanunvericilik aktlarının formalaşmasında, diplomatiya aləmində, iş dünyasında, mədəniyyət sahəsində, elmdə, təhsildə, səhiyyədə və digər mühüm sferalarda öz sözünü deməkdədir. Bunun ən önəmli səbəblərindən biri Azərbaycanın milli-mənəvi dəyərlər sistemi ilə bağlıdırsa, digər vacib məqam kimi dövlət tərəfindən həyata keçirilən qadın, gender siyasətidir. Müstəqil Azərbaycanın yeni tarixində bu siyasətin banisi Ümummilli lider Heydər Əliyev olub. Ümumiyyətlə, Ulu öndər fəaliyyətində qadın hüquqlarının təminatı, onların üzləşdiyi problemlərin həllində daim prinsipial mövqe nümayiş etdirib, ictimaiyyətin də bu istiqamətdə səfərbər olunması məqsədilə əməli addımlar atıb. Hələ sovetlər dönəmində qadın məsələlərinin həlli və qadın inkişafı haqqında mövcud olan konsepsiyada diqqətdən kənarda qalan amillər, milli və ənənəvi xüsusiyyətlər Ulu öndərin ölkəmizə rəhbərlik etdiyi birinci dövrdə nəzərə alınır, real həyatda tətbiq olunurdu. Cəmiyyətdə qadınların roluna yüksək qiymət verən dahi rəhbər qeyd edirdi: "Cəmiyyətdə qadınların üzərinə daim çox böyük vəzifələr düşür, onların işi həmişə ağırdır. Ancaq onlar bu vəzifələri şərəflə yerinə yetirir və həmişə olduğu kimi, indi də cəmiyyətdə aparıcı rol oynayırlar".

      Azərbaycan 1995-ci il iyunun 30-da Birləşmiş Millətlər Təşkilatının "Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında" konvensiyasına qoşularaq öz üzərinə müvafiq öhdəliklər götürdü. Eyni zamanda, qadınların cəmiyyətin bərabərhüquqlu üzvü kimi yaradılan bütün imkanlardan istifadə etmələri, dövlət idarəçiliyində önə çəkilmələri, onlara qarşı diskriminasiyanın bütün formalarının aradan qaldırılması istiqamətində mükəmməl hüquqi baza formalaşdırıldı: "Yeni yüzillikdə də sürətlə qloballaşan müasir dünyaya inteqrasiya olunan demokratik Azərbaycan dövlətində qadın siyasəti yenə prioritet istiqamətlər sırasındadır.

     Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev qadınların cəmiyyətin həyatında daha fəal iştirakına yönələn siyasəti uğurla aparmaqda, buna xidmət edən hüquqi bazanı zamanın tələblərinə uyğun olaraq daha da zənginləşdirməkdədir". Bu gün Prezident İlham Əliyev tərəfindən Azərbaycanda qadın hüquqlarının təmin olunmasına, onların cəmiyyətdə və dövlət idarəçiliyində rolunun artmasına yönəlmiş siyasət uğurla həyata keçirilir. Azərbaycanda qadın hüquqlarının qorunması sahəsində həyata keçirilən davamlı tədbirləri yüksək dəyərləndirilməlidir. Görülən bu işlər dövlətimizin siyasi iradəsinin təzahürüdür. Həyata keçirilən səmərəli gender siyasətinin Azərbaycanda qadınların ictimai-siyasi fəallığının daha da artmasına, onlara həyatın bütün sahələrində tam bərabər imkanlar açmasına möhkəm zəmin yaradır.

     Bu gün Azərbaycan qadını ölkənin milli maraqlarının qorunması, xalqımızın adət-ənənələrinin, dəyərlərimizin dünyada təbliğ olunması istiqamətində ciddi iş aparırlar. Bu baxımdan, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti, gördüyü işlər hər birimiz üçün örnək təşkil edir. Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Ölkənin “Yumşaq güc” siyasətinin təcəssümü olan Mehriban xanım Əliyevanın humanitar layihələri ölkəmizə yeni dostlar qazandırır. Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir sıra ölkələri, qitələri əhatə edir, rəhbəri olduğu Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir. Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir.

     Azərbaycan qadını tarix boyu hər zaman öndə olub, bu gün də öndədir. Azərbaycan qadını hər şeydən əvvəl 44 günlük Vətən müharibəsinin zəfərlə başa çatmasında rol oynayan qəhrəman igidlərin anasıdır. Yurdumuzun hər qarışını canından əziz bilən nəsil yetişdirən analar oğullarını dualarla cəbhəyə göndərib, qələbə xəbəri ilə yollarını gözlədilər. Ümumiyyətlə, Vətən müharibəsində Azərbaycan qadınının nümayiş etdiyi mətanət, fədakarlıq və möhkəm iradə yaddaşlarda silinməz olaraq qaldı. Zərif çiyinlərinə götürdüyü missiyanı şərəflə daşıyan Azərbaycan qadınının şərəfli təmsilçiləri olan şəhid anaları, şəhid xanımları öz mərdlikləri və mətanətli duruşları ilə tarixə imzalarını atmış oldular. Azərbaycan xalqı Qarabağ döyüşlərində istər ön cəbhədə, istərsə də arxa cəbhədə canı-qanı ilə vətənə xidmət edən xanımların xidmətlərini unutmayacaq. Azərbaycan qadının istər ailədə, istər cəmiyyətdə, istərsə də dövlətdə gördüyü işlər hər zaman xüsusi fərqlənib. Bu gün Azərbaycan qadının həm ailədə, həm işdə həm də cəmiyyətdəki layiqli yeri dövlətimizin uğurlu sabahını, xalqımızın firavanlığına ən ciddi təminatlardan biridir.

Qadınların gücünün, əzminin nəticəsi olan, bəşəriyyət tarixində ən əlamətdar günlərdən biri- 8 Mart Beynəlxalq Qadınlar Günü bayram kimi hər il müxtəlif dünya dövlətlərində, eləcə də respublikamızda təntənəli şəkildə qeyd olunur.

Rayon rəhbərliyi də  8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə bütün qadınları təbrik edir, onlara ailə səadəti, sağlamlıq və gələcək işlərində yeni-yeni uğurlar arzulayır.

Bayramınız mübarək olsun!

Keçidlər