“8 Noyabr- Zəfər Günü Azərbaycan Tarixinin Şanlı Səhifəsidir”
İşğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi uğrunda 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı Şanlı Qələbədən beş il ötür. 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü respublikanın hər yerində olduğu kimi, rayonumuzda da bayram əhvali-ruhiyyəsi ilə qeyd edilir.
Vətən müharibəsin beşinci ildönümünün qeyd olunması ilə bağlı rayon üzrə tədbirlər planı hazırlanmış, plana uyğun olaraq, rayonda silsilə tədbirlər - konfranslar, dəyirmi masalar, müsabiqələr, idman yarışları, sərgilər keçirilmiş, rayonun rəhbər işçiləri tərəfindən şəhid ailələri və müharibə qaziləri ziyarət olunmuşdur.
Əlamətdar tarixi gün münasibətilə noyabrın 8-də rayon rəhbərliyi, YAP rayon təşkilatının rəhbəri və fəalları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbər şəxsləri və əməkdaşları, ehtiyatda olan ali rütbəli hərbiçilər, Şəhid ailələri, qazilər, ictimaiyyətin nümayəndələri tərəfindən Mərkəzi Meydanda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla anılmış, sonra Şəhidlər xiyabanında Vətənimizin bütövlüyü, azadlığı və suvereneliyi uğrunda canlarından keçmiş igid Vətən oğullarının məzarları ziyarət edilmiş, şəhidlərin ölməz xatirəsi ehtiramla yad edilmişdir.
Daha sonra rayonun Heydər Əliyev Mərkəzində “8 Noyabr-Zəfər Günü Azərbaycan tarixinin şanlı səhifəsidir” mövzusunda konfrans keçirilmişdir.
Bayram tədbirləri axşam saatlarında İçəribazar Turizm Mədəniyyət Mərkəzində rayonun mədəniyyət-incəsənət ustalarının iştirakı ilə konsert proqramı davam etdirilmişdir.
Zəfər Bayramınız mübarək olsun!






