Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Yaponiya hökumətinin dəstəyi ilə Qax rayonunda yeni layihə həyata keçiriləcəkdir

19 oktyabr 2013 | 15:00

Oktyabrın 18-də Qax Rayon İcra Hakimiyyətində Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” proqramı çərçivəsində “Qax rayonunda tullantıların idarə olunması” layihəsi üzrə qrant müqaviləsinin imzalanması mərasimi keçirilmişdir. Mərasimdə Yaponiyanın ölkəmizdəki səfirliyinin müşaviri xanım Hideko Ono iştirak etmişdir.
AzərTAc xəbər verir ki, layihənin rəhbəri, Azərbaycan İcma İnkişafı, Tədqiqat, Təlim və Resurs Mərkəzinin icraçı direktoru Yasin Dadaşov imzalanacaq layihə barədə məlumat vermişdir. Bildirilmişdir ki, layihənin əsas məqsədi Qax rayonunda tullantıların və təkrar istifadənin davamlı şəkildə idarə olunmasını təmin etməkdir. Bu məqsədlə şəhər kənarında tullantıların yandırılması üçün kameralar inşa olunacaqdır. Rayonun 18 mindən artıq sakininin faydalanacağı layihənin ümumi dəyəri 116 min 185 ABŞ dollarıdır.
Rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev Azərbaycan ilə Yaponiya arasında əlaqələrin bütün sahələr üzrə uğurla davam etdirildiyini bildirmişdir. Səfirliyin əməkdaşlarına Qax rayonunun iqtisadiyyatı və turizm potensialı barədə geniş məlumat verilmişdir. Diqqətə çatdırılmışdır ki, Yaponiyanın ölkəmizdəki səfirliyi ilə rayon icra hakimiyyəti arasında əməkdaşlıq 2003-cü ildən davam edir. Ötən müddətdə “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramı çərçivəsində rayonda təhsil və tibb sahələri ilə bağlı dörd layihə reallaşmışdır. Yeni layihə sayca beşincidir. Bu layihələrin ümumi dəyəri 457 min 988 ABŞ dolları təşkil edir.
Xanım Hideko Ono qrant yardımı proqramı çərçivəsində Azərbaycanda indiyədək ümumi dəyəri 13 milyon 972 min ABŞ dolları olan 172 layihə üzrə qrant müqaviləsinin imzalandığını diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, Azərbaycanın turizm bölgələrindən biri olan Qax rayonunda həyata keçiriləcək ekoloji layihənin böyük əhəmiyyəti vardır.
Mərasimin sonunda Hideko Ono və Azərbaycan İcma İnkişafı, Tədqiqat, Təlim və Resurs Mərkəzinin icraçı direktoru Yasin Dadaşov sözügedən layihə üzrə qrant müqaviləsini imzalamışlar.

Keçidlər