Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Od çərşənbəsi- milli-mənəvi dəyərlərimiz əbədiyaşarlıq rəmzidir

01 mart 2022 | 16:00

   Azərbaycan xalqının zəngin milli dəyərlər sistemini və adət-ənənələrini özündə yaşadan bayramlar sırasında Novruz xüsusi yer tutur. Xalqımızın mənəvi dünyası və həyata baxışı Novruz mərasimlərimdə dolğun əks olunub, bu bayram milli varlığın rəmzinə çevrilib. Ulularımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən Novruz bayramı  dəyərlərimizin əbədiyaşarlıq rəmzidir. Novruzun rəsmi bayram statusu alması və Odlar diyarında ümumxalq bayramı səviyyəsində geniş qeyd olunması müstəqilliyimizin nailiyyətlərindən biridir.
 Novruz ayının dörd çərşənbəsinin hər biri insanların yaşaması, bütün həyatın varlığı üçün vacib olan dörd ünsürdən birinə - oda, torpağa, suya və havaya (küləyə) həsr olunur. Bunun özü də onu göstərir ki, Novruz bayramı dünyanın ən qədim, ən müdrik bayramlarındandır.
 Həyat verən, dirildən, xoşbəxtlik gətirən, saflıq rəmzi olan su çərşənbəsindən sonra bu gün xalqımız od çərşənbəsini qeyd edir. İlin axır çərşənbələrindən ikincisi xalq arasında Üskü çərşənbə, Adlı çərşənbə kimi tanınan Od çərşənbəsidir. Od çərşənbəsi qədim insanların Günəşə, oda olan inamından qaynaqlanıb. Adət-ənənəyə görə, bu gün tonqal qalanır, alovun üzərindən atlanmaqla daxildəki bütün azar-bezarın yandırıldığına inanılır. Təəssüf ki, son illər bütün dünyada hökm sürən COVID-19 pandemiyası səbəbindən digər bayramlar  kimi, Od çərşənbəsini tonqal ətrafında təntənəli  qeyd edə bilmirik. Lakin milli bayramımız bütün evlərdə qeyd olunur. Adət-ənənələrimiz qorunub saxlanılır.
 Artıq bahar bayramına sayılı günlər qalır. “Növbəti baharı Qarabağda –  Şuşada, Laçında qarşılayaq” arzularımız gerçəkliyə çevrilib. İndi bütövləşmiş vətənimizə, Qarabağa böyük  Zəfərdən sonra  ikinci dəfə bahar gəlir. 30 il ərzində mənfur düşmənin işgəncələrinə dözən Qarabağın yaraları sağalır. Müzəffər Ali Baş Komandan, cənab Prezident  İlham Əliyevin rəhbərliyi ilə Qarabağ quruculuq mərkəzinə çevrilir. Viran qoyulan şəhər və kəndlərimiz, dağıdılan, təhqir edilən məscidlərimiz, yer üzündən silinən tarix və mədəniyyət abidələrimiz yenidən bərpa olunur. Tarixi torpaqlarımız əsl baharını yaşayır. Ötən il cənab Prezident İlham Əliyevin od çərşənbəsində Şuşada yandırdığı bayram tonqalı qaranlıqlara, gələcək ümidlərə, növbəti uğurlara işıq saçdı. Bu tonqal qəlbi vətən həsrəti, şəhid dağı ilə yaralanan bütün qəlbləri isitdi. Əminik ki, dövlətimizin uğurlu və məqsədyönlü siyasəti nəticəsində yurd-yuvasından məcburi köçkün düşmüş həmvətənlərimiz növbəti bayramları  uzun illərdən sonra öz doğma evlərində qeyd edəcəklər.
 Fəsillər dəyişəcək, illər keçəcək. Azərbaycanda, Qarabağda  daimi Azadlıq baharı hökm sürəcək. Azərbaycan xalqı Qarabağı xalqımıza qaytaran cəsur igidlərimizi, müqəddəs şəhidlərimizi isə heç zaman unutmayacaq, şəhidlərimizin əziz ruhları qarşısında daima baş əyəcək.
 Rayon  rəhbərliyi də od çərşənbəsi münasibəti ilə rayon ictimaiyyətini təbrik edir, hər birinə xoşbəxtlik, ailə səadəti, bayram ovqatı, ölkəmizə əmin-amanlıq,  qələbə sevincləri və nurlu gələcək arzulayır.


 

Keçidlər