Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qaxda 2013-cü ilin doqquz ayının yekunları geniş müzakirə olunmuşdur

23 oktyabr 2013 | 15:00

Cari ilin 9 ayında Qax rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının həcmi 106 milyon 573 min manat təşkil etmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı 2 milyon 839 min manat artmışdır. Bu müddətdə rayonda 3 milyon 91 min manatlıq sənaye, 35 milyon 143 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilmiş, 48 milyon 356 min manat həcmində tikinti işləri görülmüşdür. Doqquz ayda rayonda 225-i daimi olmaqla, 267 yeni iş yeri açılmışdır.
AzərTAc xəbər verir ki, bu faktlar Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasından irəli gələn məsələlər və 9 ayda rayonda görülmüş işlərlə bağlı Qax Rayon İcra Hakimiyyətində keçirilən geniş şura iclasında təqdim edilən hesabat məruzəsində səsləndirilmişdir.
Diqqətə çatdırılmışdır ki, cari ilin üçüncü rübü Qax rayonu üçün Prezident İlham Əliyevin rayona növbəti səfəri ilə əlamətdar və yaddaqalan olmuşdur. Avqustun 16-da gerçəkləşdirilən səfər zamanı dövlətimizin başçısı bir sıra sosial-infrastruktur obyektlərinin, o cümlədən yenidən qurulan Şəki-Qax-Zaqatala avtomobil yolunun Şəki-Qax hissəsinin, həmin yolun üzərində 700 metr uzunluğunda körpünün, Olimpiya İdman Kompleksinin, Heydər Əliyev Mərkəzinin, Qax şəhərinin su təchizatı sisteminin və “El Resort” otelinin konfrans mərkəzinin açılışında iştirak etmişdir.
Bildirilmişdir ki, hesabat dövründə Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə ayrılmış vəsait hesabına 8 yaşayış məntəqəsini birləşdirən Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolunun tikintisi davam etdirilmiş, Qapıçay çayı üzərində yeni körpünün tikintisinə başlanılmışdır.
Bu müddətdə rayon təhsil şöbəsinin yeni inzibati binası, Güllük kəndində həkim məntəqəsi, Əlibəyli kəndində yeni xəstəxana binası, Qax şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 36 mənzilli bina tikilib istifadəyə verilmişdir.
Ötən müddətdə Qax şəhərinin, Qaxingiloy və Qaxbaş kəndlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi üzrə işlər davam etdirilmiş, 12,5 kilometr uzunluğunda anbarlararası və 65 kilometr uzunluğunda şəhərdaxili su xətləri çəkilmişdir.
Hesabat məruzəsində bölgədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər qeyd olunmuş, Fövqəladə Hallar Nazirliyi tərəfindən kəndlərdə ümumi şagird yerlərinin sayı 1540 olan 8 yeni məktəb binasının tikilib istifadəyə verildiyi diqqətə çatdırılmışdır. Bildirilmişdir ki, rayon üzrə qəzalı vəziyyətdə olan 566 fərdi evdən 514-nün tikintisi başa çatdırılmış, 52 evdə isə tikinti işləri davam etdirilir.
Qeyd olunmuşdur ki, bu müddətdə rayonun Dəymədağlı, Almalı və Ağçay kəndlərinə qaz xətlərinin çəkilişi başa çatdırılmış, 571 abonent təbii qazla təmin olunmuşdur. Hazırda İlisu, Qıpçaq, Cəlayır, Şotavar və İngiloy-Kötüklü kəndlərinin qazlaşdırılması istiqamətində işlər davam etdirilir.
Məruzədə aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı görülən işlərdən bəhs edilmiş, cari ilin 9 ayında 556 ailəyə ünvanlı sosial yardım təyin edildiyi diqqətə çatdırılmışdır.
İclasda, həmçinin hesabat dövründə aqrar sahədə görülən işlər, əhalinin elektrik enerjisi və kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması, vətəndaşların ərizə və şikayətlərinə baxılması və digər sahələrdə görülən işlər ətraflı təhlil olunmuş, qarşıda duran vəzifələrə toxunulmuşdur.

Keçidlər