Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Novruz bayramı xalqımızın milli-mənəvi irsini təcəssüm etdirir

18 mart 2022 | 16:00

  Qədim bayramlardan olan Novruz insana həyat verən dörd ünsürün – suyun, odun, torpağın və yelin (havanın) isinməsi, “dirilməsi” istəyi ilə bağlı yaranmışdır.
 Azərbaycanda milli adət-ənənəyə uyğun olaraq Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzi sayılır. Hər bir azərbaycanlı səməni göyərtməklə növbəti ilə bərəkət, bolluq, ruzi arzulayır. Hələ ta qədimdən insanlar Novruz bayramına 4 həftə qalmış hər çərşənbə axşamı və bayram günü tonqal qalamaqla, mahnı oxumaqla Oda, Atəşə, Günəşə etiqadlarını ifadə etmişlər. Bu adət-ənənələr hazırda da davam etdirilir.
 Novruz bayramı xalqımızın milli-mənəvi irsini təcəssüm etdirən, xalqın tarixi kökünü, yaddaşlardan süzülüb gələn ənənələri yaşadan, keçmişimizi və gələcəyimizi bir-biri ilə bağlayan milli bayramdır. Xalqımız üçün əziz olan bu bayram haqqında ulu öndər Heydər Əliyev belə demişdir: "Dünyada olan bütün xalqların bayramlarından fərqi odur ki, bu, təbiətlə, kainatla əlaqədardır, bunun elmi əsasları var. Bu bayram min illər boyu bizim xalqımızın qəlbinə daxil olub və çox dərin köklər salıbdır. Ona görə də bu bayramı hər bir azərbaycanlı öz doğma bayramı kimi keçirir".
  Hər il Ulu Öndərin bayram münasibətilə Azərbaycan xalqına təbrikləri Novruzun ruhundan doğurdu. Ümummilli Liderin bayram şənliklərində iştirakı, Kosa ilə yumurta döyüşdürməsi, Bahar qızı ilə söhbətləri Novruz tədbirlərini daha da şənləndirir, insanların sevincinə səbəb olurdu.
  Hazırda bu ənənələr Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Novruzu milli-mənəvi dəyərlərimizin təcəssümü adlandıran dövlətimizin başçısının hər il bayram şənliklərinə qatılması, əhali ilə bayramlaşması, Bakının qədim meydanındakı tonqalı alovlandırması bayram ovqatını daha da artırmaqla yanaşı, xalqla iqtidar arasında sıx vəhdəti də sübut edir. “Novruz gələcəyə inam hissi aşılayır, könüllərdə ən ali duyğuları oyadır, insanları daha xeyirxah, mərhəmətli və mehriban olmağa çağırır”, - deyən Prezident İlham Əliyev Novruzun insanlarda qurub-yaratmaq əzmi aşılayan bayram olduğunu qeyd etmişdir.
 Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı artıq UNESCO tərəfindən beynəlxalq səviyyədə də qeyd olunur. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyləri nəticəsində xalqımızın bu əziz el bayramı artıq UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmişdir. 2010-cu il fevralın 23-də isə BMT Baş Məclisi 21 mart tarixini Beynəlxalq Novruz Günü elan etmişdir.
  Bu qərarı əslində dünyanın bir çox ölkələrində, xüsusilə də türk coğrafiyasında yaşayan xalqların dünya sivilizasiyasına verdiyi mədəni töhfə kimi qiymətləndirmək olar. Novruz bayramı bütün dünyada 300 milyondan artıq insan tərəfindən yeni ilin başlanğıcı kimi qəbul olunur. Artıq 3 min ildir ki, Novruz Balkanlarda, Qara dəniz hövzəsi regionunda, Qafqazda, Mərkəzi Asiya, Yaxın Şərq və digər regionlarda qeyd edilir.
  İşğaldan azad olunan ərazilərimizdə, əzəli torpaqlarımızda Novruz tonqalı yandırılır. 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfərimiz bizi arzularımıza, böyük məsləyimizə qovuşdurdu. İşğaldan azad olunan əzəli torpaqlarımızda Novruz bayramımızı qeyd edirik. Novruz ənənələri yenidən 30 ilə yaxın həsrətində olduğumuz doğma torpaqlarımızda yaşadılır, tonqallar qalanır. Ötən il Prezident İlham Əliyevin Şuşada Cıdır düzündə bayram tonqalını alovlandırması hər birimizi qürurlandırdı. Dövlətimizin başçısı müraciətində “2004-cü ildən başlayaraq, hər il mən Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən deyirdim ki, biz öz doğma torpaqlarımıza qayıdacağıq”, - deyə bildirmişdi: "Deyirdim ki, biz ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Deyirdim ki, biz Novruz bayramını torpaqlarımız işğaldan azad olunandan sonra Qarabağda qeyd edəcəyik və bu gün gəldi. Bu gün biz Novruz bayramını qədim şəhərimizdə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd edirik. Bu, tarixi hadisədir. Bu, böyük xoşbəxtlikdir".
  Qoy bu bayram hər evə xoş ovqat gətirsin və hər ocağa bol sevinc, ruzi-bərəkət bəxş eləsin.
  Novruz bayramınız mübarək olsun!

 

Keçidlər