Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

İnsanlığa qarşı amansız cinayət

31 mart 2022 | 16:00

 Keçmişini unudanlar tarixin ibrət dərsi kimi onu yenidən yaşamaq məcburiyyətində qalırlar. Azərbaycan tarixində də unudulması mümkün olmayan, bütövlükdə xalqın təhtəlşüuruna dərin iz salan və onu daim mübariz ruhda kökləyən elə hadisələr var ki, heç zaman xalqın qan yaddaşından silinməyəcəkdir. Erməni faşizminin xislətini, gerçək mahiyyətini çılpaqlığı ilə açan 1918-ci ilin mart soyqırımı da məhz unudulması mümkün olmayan belə dəhşətli faciələrdəndir.
Ümumiyyətlə, iki əsrdən artıq müddətdə qonşu xalqlara və dövlətlərə qarşı ərazi iddiaları ilə çıxış edərək insanlıq əleyhinə yönəlmiş soyqırımı, terrorizm kimi cinayətlərə dəstək verən, “Böyük Ermənistan” xülyası ilə yaşayan erməni ideoloqları böyük tarixi saxtakarlıqlara əl atmış, faktları təhrif edərək qondarma iddialar irəli sürmüş, dünya ictimaiyyətini çaşdırmağa çalışmışlar. Bir qayda olaraq, hər ilin mart-aprel aylarında qondarma “erməni soyqırımı” ilə bağlı cəfəng və əsassız iddialarını gündəmə gətirərək süni ajiotaj qaldıran erməni şovinistləri bu yolla tarixən azərbaycanlılara və türklərə qarşı həyata keçirdikləri amansız qırğınları, vandalizm aktlarını pərdələmək, özləri haqqında “məzlum” və “əzilən millət” imici yaratmağa davamlı səylər göstərirlər.
 Bədxah erməni millətçiləri ərazi ilhaqı siyasəti həyata keçirərkən bəşəriyyət əleyhinə yönəlmiş dəhşətli cinayətlərə əl atdıqları halda, insanlığa sığmayan bu vandalizm aktlarını, bir qayda olaraq, türklərin və azərbaycanlıların adına yazmağa çalışmışlar. Müsəlmanlara, əsasən də, türklərə düşmən kimi yanaşan ermənilər özlərinin regiondakı çirkin ərazi iddialarını gerçəkləşdirmək məqsədilə qondarma “soyqırımı” iddialarının ayrı-ayrı ölkələrdə tanınmasına çalışırlar. Uzun illərin müşahidələri göstərir ki, real əsası olmayan bu saxta iddiaların davamlı şəkildə gündəmdə saxlanılmasına yönəlmiş səylər ermənilərin başqa dövlətlər hesabına daha geniş coğrafi əraziyə yiyələnmək üçün həyata keçirdikləri soyqırımı, terror və deportasiya siyasətini pərdələmək, diqqəti özlərinin işğalçılıq faktından yayındırmaq məqsədi güdür.
 XX əsrin əvvəllərində turklərin, guya, “ermənilərə qarşı soyqırımı törətdiyini” iddia edən bu mənfur millət özlərinin diaspor və lobbi təşkilatlarının köməyi ilə qondarma, əsası olmayan bu məsələni müxtəlif ölkələrin parlamentlərinə çıxarmağa cəhd edirlər. Türkiyə və Azərbaycanın müstəqil siyasət yeritməsi, regionda iqtisadi-siyasi cəhətdən qüdrətlənməsi ilə heç cür barışa bilməyən, beynəlxaq hüquqdan sapınaraq “ikili standandartlar”a yol verən müəyyən aparıcı dövlətlər və təşkilatlar da bu məsələdə erməniləri şirnikləndirmək yolu tuturlar. Son illər qondarma “erməni soyqırımı” məsələsinin müxtəlif dövlətlərin parlamentlərində müzakirəyə çıxarılması və bəzi hallarda tanınması bu ədalətsiz və qərəzli münasibətin əyani təzahürü kimi diqqəti çəkir.
 “Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan ermənı qəsbkarları  1905-1907-ci illərdə azərbaycanlılara qarşı daha böyük miqyasda qanlı aksiyalar həyata keçirmişlər. Ermənilərin Bakıdan başlanan vəhşiliklərı Azərbaycanı və indikı Ermənistan ərazisindəki yaşayış məntəqələrini əhatə etmişdir. Yüzlərlə Azərbaycan kəndi dağıdılaraq yerlə-yeksan edilmiş, on minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilmişdir. Bütün bu vəhşiliklər ermənilərin vaxtı ilə yerləşdirildikləri, lakin əhalinin milli tərkibində azlıq təşkil etdikləri Azərbaycan torpaqlarını zorla erməniləşdirmək, “azərbaycanlılarsız Ermənistan” kimi qeyri-insani planlarını azərbaycanlıların soyqırımı hesabına həyata keçirmək niyyətinin ifadəsi olmuşdur.
 1920-ci ilin aprelində AXC-nin süqutündan sonra bədnam qonşularımız adət etdikləri çirkin metodlarla azərbaycanlıları daimi yaşadıqları ərazilərdən çıxarmış, eləcə də qonşu respublikaların torpaqları hesabına “ərazilərini” böyütmüşlər. 1920-ci ildə Zəngəzuru və Azərbaycanın torpaqlarının bir hissəsini Ermənistan SSR-in ərazisi elan etmişlər. 1923-cü ildə SSRİ rəhbərliyinin qərarı ilə Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ “muxtar vilayət” elan edilmişdir.
 Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları II Dünya müharibəsindən sonra daha geniş miqyas almışdır. 1945-ci ilin noyabrında Ermənistan SSR rəhbərliyi heç bir ciddi əsaslı səbəb göstərmədən ittifaq hökuməti qarşısında Dağlıq Qarabağın bu respublikaya birləşdirilməsi məsələsini irəli sürsə də, niyyətinə nail olmamışdır. Bundan sonra onlar daha bir hiyləyə əl ataraq, azərbaycanlıların deportasiyasına nail olmuşlar. Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Q.Arutyunov Suriya, Yunanıstan, İran, Bolqarıstan, Rumınya, Fələstin, Fransa, ABŞ, Misir, İraq və Livandan bu ölkəyə köçürülmüş ermənilərin yerləşdirilməsindəki çətinliklərdən şikayət edərək, Ermənistanda yaşayan azərbaycanlıların Azərbaycanın pambıqçılıq rayonlarında yerləşdirilməsini təklif etmişdir. O, Kür-Araz ovalığında pambıqçılığı inkişaf etdirmək üçün, guya, işçi qüvvəsinin çatışmadığını, bu addımın həmin rayonlarda pambıq istehsalının artımına da əsaslı təsir göstərəcəyini iddia etmişdir. SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərarı 1948-1953-cü illərdə azərbaycanlıların tarixi torpaqlarından kütləvi surətdə deportasiyasını rəsmiləşdirmişdir.
 Ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya yayılması işi Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılmışdır.
 Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədi ilə 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdır. Sözügedən Fərmanla martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Fərmanda  deyilirdi:   “Azərbaycanın  XIX-XX  əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı  düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə – 1918-ci il mart  soyqırımına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq  Cümhuriyyətinin  varisi kimi  Azərbaycan  Respublikası bu gün  onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir”. Həmin Fərmanın icrasının ardıcıl və mütəşəkkil şəkildə həyata keçirilməsi ilə bağlı Ulu Öndər Heydər Əliyev 30 mart 1999-cu ildə tədbirlər planı təsdiq etmişdir.
 Adıçəkilən Fərmanın imzalanması faktı məsələ ilə bağlı aparılan tədqiqatlara, habelə həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Sözügedən Fərmandan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülmüş, çoxlu əsərlər yazılmış və əcnəbi dillərə tərcümə olunmuşdur. Ötən illər ərzində aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir.
 Bugün Ulu öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev Erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalamışdır. Sərəncamla Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına 1918-ci il azərbaycanlıların soyqırımının yüzüncü ildönümünə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsinin təmin edilməsi tapşırılmış, həmçinin Milli Məclisə soyqırımın 100 illiyi ilə bağlı xüsusi iclasın keçirilməsi tövsiyə edilmişdir.
   Ölkəyə rəhbərlik etdiyi son 10 ildə milli maraqlara söykənən fəal xarici siyasət yeridərək, “Biz müdafiədə deyil, hücumda olmalıyıq!”,  –  deyən Prezident İlham Əliyevin tövsiyələrinə adekvat olaraq bədnam erməni lobbisinə qarşı effektiv əks-hücumun təşkilinə nail olunmuşdur. Son illər Azərbaycanın xaricdəki diasporu, səfirlikləri, elmi qurumları ilə yanaşı, ayrı-ayrı ictimai qurumların - dərnəklərin, qeyri-hökumət təşkilatlarının, cəmiyyətlərin bu prosesdə iştirakının intensivləşməsi də sevindiricidir. Azərbaycan Prezidentinin türkdilli xalqların ideya birliyinin təmin edilməsi istiqamətindəki fəaliyyətinin ən başlıca səbəblərindən biri də bu gün az qala bütün dünyanı cəfəng, iftira xarakterli təbliğatının təsiri altına salmağa çalışan, nəinki Türkiyə və Azərbaycana, bütövlükdə böyük türk dünyasına qənim kəsilən bədnam erməni lobbisinə qarşı effektiv əks-hücumun təşkili zərurəti ilə şərtlənir.
 Azərbaycanın dövlət başçısının xalqın iradəsinə əsaslanmaqla irəli sürdüyü “hücum diplomatiyası”nın effektiv nəticələri göz önündədir.
 Bu gün xalqımızın birliyi, həmrəyliyi ölkəmizin inkişafını daha da sürətləndirib. Tariximizə qızıl hərflərlə yazılan Vətən  müharibəsində  qazandığımız  Zəfər həmrəyliyimizin, xal-iqtidar birliyinin bir yumruq ətrafında birləşməyimizin bariz nümunəsidir. 44 günlük müharibədə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər ordumuz ədaləti bərpa etdi. Bu qələbə Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmlənməsində, nüfuzunun yüksəlməsində mühüm rol oynadı.
   Artıq əksər dünya dövlətləri respublikamızın regionda sülhü, inkişafı, tərəqqini, səmərəli əməkdaşlıq təşəbbüslərini dəstəkləyən dövlət olduğunu yaxşı bilirlər. Sivil birgəyaşayış normalarına uyğun xarici siyasət xətti yeridən respublikamız indi bədnam erməni lobbisinin məkr və iftira üzərində qurulmuş qərəzli informasiya-təbliğat siyasətini də darmadağın edir. Rəsmi Bakının hücum diplomatiyası sayəsində ermənilərin münaqişə ilə bağlı gerçəklikləri təhrif etmək, dünyanı çaşdırmaq cəhdləri puça çıxır.
   Soyqırım qurbanlarının xatirəsi rayonumuzda da anılıb. Rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri Qax şəhərindəki Şəhidlər xiyabanına gələrək, Vətənimizin azadlığı uğrunda həlak olmuş igid həmvətənlərin məzarları üzərinə gül-çiçək düzüb, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.

Keçidlər