Rayonda Şəhid Hacıəhməd Hacıəhmədlinin xatirəsi anılıb
Vətən müharibəsində canından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəman oğullardan biri də rayonumuzdan olan Hacıəhməd Hacıəhmədlidir. Aprelin 6-sı şəhid Hacıəmədin doğum günüdür.
Şəhidin doğum günü ilə əlaqədar Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon bölməsinin əməkdaşları, kənd ictimaiyyətinin nümayəndələri, şəhidin yaxınları şəhid Hacıəhməd Hacıəmədlinin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxuyublar.
Mərasimdə çıxış edənlər Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbənin tarixi əhəmiyyətindən danışıb, şəhidlərin əziz xatirələrinin heç bir zaman unudulmayacağını vurğulayıblar. Məktəblilər şəhidlərə, Vətənə həsr olunmuş şeirlər söyləyiblər.
Sonra mərasim iştirakçıları şəhidin ailəsini evində ziyarət edib, ailə üzvlərinə mənəvi dəstək olublar. Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılan Hacıəhməd Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Döyüşlərdə göstərdiyi igidliyə görə o, ölümündən sonra “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə”, “Döyüşlərdə fərqlənməyə görə”, ”Şuşanın azad olunmasına görə” təltif olunmuşdur.