Həmyerlimiz dünya çempionu adını qazanıb
23-29 mart 2022-ci il tarixlərində Hollandiyanın paytaxtı Amsterdam şəhərində keçirilən MMA üzrə dünya çempionatında çıxış edən idmançımız Dərişov Ehtiram Didey oğlu bütün rəqiblərini məğlub edərək dünya çempionu adına layiq görülüb.
Ehtiram Dərişov 28 dekabr 1988-ci il tarixdə Qax rayonunun Zərnə kəndində anadan olub. 2010-cu ildən Pankration MMA GREPLİNG üzrə Azərbaycan yığma komandasının üzvüdür.
Bundan öncəki yarışlarda da hemyerlimiz uğurlu çıxışları ilə yadda qalıb. Belə ki, Ehtiram Dərişov beş dəfə avropa, üç dəfə dünya çempionu adına layiq görülmüş, dəfələrlə dünya və avropa turnirlərinin mükafatçısı olmuşdur. Əməkdar idman ustasıdır.
Aprelin 19-da rayon İcra Hakimiyyətində Ehtiram Dərişovla görüş keçirilmişdir. Görüşdə RİH başçısı Musa Şəkiliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə idmana göstərdiyi diqqət və qayğıdan bəhs etmiş, dövlətimizin dünyada idman ölkəsi kimi tanındığını, beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini vurğulamışdır. İdmanın dövlətin prioritet sahələrindən biri olduğunu qeyd edən M.Şəkiliyev rayonumuzda da idmanın hərtərəfli inkişafı üçün lazımi şəraitin yaradıldığını bildirmişdir.
Tədbirdə çıxış edənlər də ölkədə aparılan uğurlu idman siyasətindən bəhs etmişlər.
Görüşdə çıxış edən MMA üzrə dünya çempionu E.Dərişov göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirmişdir.
Sonda Ehtiram Dərişov rayon İcra Hakimiyyətinin fəxri fərmanı və qiymətli hədiyyəsi ilə təltif olunmuşdur.
Həmyerlimizin belə mötəbər turnirlərdə uğur qazanması bizim üçün də qürurvericidir.
İdmançımız Dərişov Ehtiram Didey oğlunu təbrik edir, ona uzun ömür, can sağlığı gələcək turnirlərdə müvəffəqiyyətlər arzulayırıq.