Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Beynəlxalq Əlillər Gününə həsr olunmuş tədbirdə bu kateqoriyadan olan insanlara dövlət qayğısından söz açılmışdır

03 dekabr 2013 | 16:00


Qax Rayon İcra Hakimiyyəti və “İnkişaf Naminə İdman” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Qax Günərzi Qayğı Mərkəzinin birgə təşkilatçılığı ilə dekabrın 2-də Qax şəhərində Beynəlxalq Əlillər Gününə həsr olunmuş “Əlillik qüsurlu olmaq deyil, sadəcə fərqlilikdir” adlı tədbir keçirilmişdir.
        AzərTAc xəbər verir ki, tədbir qayğı mərkəzində tərbiyə alan uşaqların ifasında dövlət himninin səsləndirilməsi ilə başlamışdır. Sonra əlil idmançıların respublika və beynəlxalq səviyyəli yarışlarda qazandıqları uğurlardan bəhs edən film nümayiş etdirilmişdir.
Tədbiri Qax Günərzi qayğı mərkəzinin meneceri Səfiyə Süleymanova açaraq mərkəzin fəaliyyəti barədə geniş məlumat vermişdir. Bildirilmişdir ki, “Günərzi qayğı mərkəzi” layihəsi Prezident İlham Əliyevin “Sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər haqqında” 2013-cü il 9 yanvar tarixli Sərəncamına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən mühüm layihələrdən biridir. Layihə çərçivəsində hazırda respublikanın 8 rayonunda, o cümlədən Qaxda belə mərkəzlər fəaliyyət göstərir. Bu mərkəzlərdə risk qrupuna daxil olan, valideynləri işləyən, aztəminatlı ailələrin məktəbəqədər və məktəbyaşlı uşaqlarının ahəngdar inkişafını və tərbiyəsini təmin etmək üçün müxtəlif təlimlər həyata keçirilir.
Diqqətə çatdırılmışdır ki, Qax Günərzi qayğı mərkəzində məktəbəqədər və məktəbyaşlı uşaqlardan ibarət iki qrup formalaşdırılmışdır. Mərkəz 3-12 yaş arasında 30 uşağa xidmət göstərir.
Sonra mərkəzin fəaliyyətindən bəhs edən fotoslayd nümayiş olunmuşdur.
“İnkişaf Naminə İdman” İctimai Birliyinin sədri Mehman Kərimov Günərzi qayğı mərkəzinin yaradılmasının əsas məqsədinin uşaqların inkişafına, onların asudə vaxtlarının səmərəli keçirilməsinə, yerli icma səviyyəsində sosial uyğunlaşma və inteqrasiya hüquqlarının təmin edilməsinə, yaşayış səviyyəsi aşağı olan ailələrə və uşaqlara dəstək vermək olduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, mərkəz uşaqların qavrayış, emosional və fiziki inkişafına, yüngül əlilliyi olan uşaqların təhsil hüquqlarının reallaşmasına, uşaqlarda özünəxidmət və ünsiyyət üzrə praktiki məişət vərdişlərinin inkişafına yardım göstərir.
Rayon İcra hakimiyyətinin başçısı Musa Şəkiliyev əlil vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi və sağlamlıqlarının qorunmasının ölkə rəhbərliyinin daim diqqət mərkəzində olduğunu diqqətə çatdırmışdır. Qeyd edilmişdir ki, ölkəmizdə əlillərin cəmiyyətə inteqrasiyası, sağlamlıqlarının bərpası, həyat şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Əlillərin mənzil şəraitini yaxşılaşdırmaq məqsədi ilə son illər təkcə Qax rayonunda əlillər üçün bir 36 mənzilli və iki 16 mənzilli yaşayış binaları, habelə 5 fərdi ev tikilib istifadəyə verilmişdir.
Tədbirdə Uşaq Paralimpiya Komitəsi idarə heyətinin üzvü Vəli Musayev və başqaları çıxış edərək ölkəmizdə əlillərə göstərilən yüksək dövlət qayğısından danışmışlar.
Bayram tədbiri Günərzi qayğı mərkəzində tərbiyə alan uşaqların, eləcə də məktəblilərin hazırladıqları rəngarəng konsert proqramı ilə davam etmişdir.

Keçidlər