Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qax şəhərinin mərkəzi meydanında bayram şənliyi keçirilmişdir

01 yanvar 2014 | 16:00


Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə dekabrın 29-da Qax şəhərinin mərkəzi meydanında bayram şənliyi keçirilmişdir.
AzərTAc xəbər verir ki, rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri əvvəlcə ümummilli lider Heydər Əliyevin meydanda ucaldılmış abidəsi önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Bayramsayağı bəzədilmiş meydanda keçirilən tədbirdə çıxış edənlər başa çatmaqda olan 2013-cü ilin ölkəmiz üçün olduqca uğurlu və əlamətdar olduğunu xüsusi vurğulamışlar. Bildirilmişdir ki, oktyabrda keçirilən prezident seçkilərində dövlətimizin başçısı İlham Əliyevin inamlı qələbəsi hər bir Azərbaycan vətəndaşını ürəkdən sevindirir.
Qeyd olunmuşdur ki, bu günlər xalqımız iki əlamətdar bayramı – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü və Yeni ilin gəlişini böyük ruh yüksəkliyi ilə qeyd edir. 31 dekabr dünyanın hər yerində Azərbaycan kəlməsinin ucadan səsləndiyi, soydaşlarımızı həmrəyliyə və birliyə çağıran gündür. Bu gün hər bir yurddaşın doğma Vətənə - Azərbaycana böyük sevgisinin izhar olunduğu gündür.
Çıxış edənlər demişlər ki, ötən hər il müstəqil Azərbaycanın həyatında iqtisadi tərəqqi, yüksəliş dövrü kimi öz silinməz izini qoyur. Ulu Öndərin başladığı bu yüksəliş yolu ilə Prezident İlham Əliyev Azərbaycanı inamla gələcəyə doğru aparır.
Təbrik və çıxışlardan sonra meydan Şaxta baba və Qar qıza verilmişdir. Onların gəlişi uşaqların böyük sevincinə səbəb olmuşdur. Şaxta baba şənlik iştirakçılarına Yeni il arzularını çatdırmış, uşaqları bayram hədiyyələri ilə sevindirmişdir.
Bir neçə saat davam edən bayram şənliyində rayon mədəniyyət evinin, incəsənət məktəbinin, kənd mədəniyyət evlərinin kollektivləri, habelə tanınmış müğənnilər rəngarəng konsert proqramı ilə iştirakçılara xoş ovqat bəxş etmişlər.

Keçidlər