Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qax Günərzi Qayğı Mərkəzində uşaqlar üçün bayram şənliyi təşkil edilmişdir

01 yanvar 2014 | 16:00


Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi münasibətilə Qax Günərzi Qayğı Mərkəzində uşaqlar üçün bayram şənliyi təşkil edilmişdir.
Tədbirdə rayon icra hakimiyyətinin, uşaqlarla işləyən dövlət strukturlarının nümayəndələri, həmçinin mərkəzdə tərbiyə alan uşaqların valideynləri iştirak etmişlər.
AzərTAc xəbər verir ki, tədbiri mərkəzin meneceri Səfiyə Süleymanova açaraq ölkəmizdə uşaqların sağlam böyüməsinə, təlim-tərbiyəsinə göstərilən yüksək dövlət qayğısından bəhs etmişdir. Bildirilmişdir ki, “İnkişaf Naminə İdman” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən bu mərkəzdə risk qrupuna daxil olan, valideynləri işləyən aztəminatlı ailələrin məktəbəqədər və məktəbyaşlı uşaqları təlim-tərbiyə alırlar. Mərkəzdə uşaqların ahəngdar inkişafını və tərbiyəsini təmin etmək üçün müxtəlif təlimlər həyata keçirilir.
Diqqətə çatdırılmışdır ki, belə mərkəzlər Prezident İlham Əliyevin “Sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara xidmət göstərilməsi sahəsində əlavə tədbirlər haqqında” 2013-cü il 9 yanvar tarixli Sərəncamına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi layihəsi əsasında respublikanın 8 rayonunda fəaliyyət göstərir.
Tədbirdə çıxış edənlər ölkəmizdə əhalinin aztəminatlı təbəqəsinə, o cümlədən sağlamlıq imkanları məhdud və əlilliyi olan insanlara yönəlmiş dövlət siyasətindən danışmış, bu sahədə görülmüş işlərdən bəhs etmişlər. Çıxış edənlər əlilliyi olan insanların, xüsusi ilə uşaqların cəmiyyətə inteqrasiyasına dəstək xarakterli belə layihələrin həyata keçirilməsini çox yüksək qiymətləndirmişlər.
Bayram tədbirində uşaqlar Yeni ilin personajları olan Şaxta baba və Qar qızla doyunca şənlənmiş, şeir söyləmiş, mahnı oxumuş, rəqs etmişlər.
Tədbirin sonunda uşaqlara bayram hədiyyələri təqdim olunmuşdur.

Keçidlər