Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

20 Yanvar şəhidlərinin xatirəsi Qaxda böyük ehtiramla anılmışdır

21 yanvar 2014 | 16:00

Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar faciəsindən 24 il ötür. Respublikanın hər yerində olduğu kimi, Qax rayonunda da qanlı Yanvar hadisələrinin ildönümü xalqımızın qəhrəmanlıq günü kimi qeyd olunmuşdur.
AzərTAc xəbər verir ki, faciənin ildönümü ilə əlaqədar yanvarın 20-də Qax şəhərində izdihamlı anım mərasimi keçirilmişdir.
Rayonun rəhbər işçiləri, əmək kollektivlərinin nümayəndələri, məktəblilər, ağsaqqal və gənclər, sadə vətəndaşlar axın-axın Şəhidlər xiyabanına gələrək Vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş igid həmvətənlərinin məzarları üzərinə qırmızı qərənfillər düzmüş, şəhidlərin ölməz xatirəsini ehtiramla yad etmişlər.
YAP rayon təşkilatında keçirilən anım tədbirinin iştirakçıları əvvəlcə foyedə məktəblilərin “Qanlı Yanvar” mövzusunda çəkdikləri rəsmlərdən ibarət sərgiyə baxmışlar. 20 Yanvar hadisələrindən bəhs edən sənədli film qana susamış imperiya qüvvələrinin 1990-cı ilin soyuq və şaxtalı yanvar gecəsində Bakı şəhərində dinc əhaliyə qarşı törətdikləri qanlı terror hadisələrini bir daha göz önünə gətirmişdir.
Tədbirdə çıxış edənlər Yanvar faciəsini doğuran səbəblər və onun acı nəticələri barədə danışmış, 20 Yanvarı xalqımızın azadlıq mübarizəsinin şanlı səhifəsi kimi qiymətləndirmişlər. Bildirilmişdir ki, böyük itkilər və günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi cinayətkar imperiya rəhbərlərinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini bütün dünyaya nümayiş etdirmişdir. Həmin qanlı hadisələrdən uzun illər keçməsinə baxmayaraq xalqımız o müdhiş gecəni daim xatırlayır, faciənin səbəbkarlarını lənətləyir.

Keçidlər