Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qax gəncləri bayramlarını yüksək əhval-ruhiyyə ilə qeyd etmişlər

03 fevral 2014 | 16:00

 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə Qax şəhərində bayram şənliyi keçirilmişdir.
AzərTAc xəbər verir ki, fəal gənclərin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə rayon gənclərinin qazandıqları uğurlardan bəhs edən film nümayiş etdirilmişdir.
Gənclər və idman idarəsinin rəisi Əlövsət Bayramov 2013-cü ilin Qax gəncləri üçün də əlamətdar və yaddaqalan olduğunu bildirmiş, ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasəti barədə danışmışdır. Bildirilmişdir ki, respublikamızda bütün sahələr kimi, gənclərlə iş sahəsinə də dövlətimiz tərəfindən böyük diqqət və qayğı göstərilir. Azərbaycanda dövlət gənclər siyasətinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Azərbaycana rəhbərliyinin bütün dövrlərində sağlam gəncliyin, bu dövlətə sahib dura biləcək bir nəslin yetişməsinə xidmət etmişdir. Gənc nəslə diqqət və qayğı dövlətin ən mühüm fəaliyyət istiqamətlərindən birinə çevrilmiş, Azərbaycan gənclərinin təşkilatlanması əsas məqsədlərdən biri kimi qarşıya qoyulmuşdur.
Qeyd olunmuşdur ki, ümummilli lider Heydər Əliyevin uzaqgörənliklə formalaşdırdığı gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasət gənclərin təlim-tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, cəmiyyət həyatının bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir.
Maraqlı konsert proqramı və əyləncəli oyunlarla davam edən bayram tədbirinin sonunda 2013-cü ildə ictimai-siyasi, təhsil, idman, incəsənət və digər sahələrdə uğur qazanan gənclərə fəxri fərman və qiymətli hədiyyələr, həmçinin Yeni Azərbaycan Partiyasının sıralarına yeni daxil olan gənclərə üzvlük vəsiqələri təqdim edilmişdir.

Keçidlər