Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Ötən il Qax rayonu üçün uğurlu və yaddaqalan olmuşdur

19 fevral 2014 | 16:00

Qax Rayon İcra Hakimiyyətində 2013-cü ilin yekunlarına həsr olunmuş geniş yığıncaq keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılmış abidəsi önünə gül-çiçək düzmüş, icra hakimiyyəti binasının foyesində rayonda istehsal olunan məhsulların sərgisinə baxmışlar.
Qax rayonunun 2013-cü ildə sosial-iqtisadi inkişafından bəhs edən videoçarx nümayiş etdirilmişdir.
İcra hakimiyyətinin başçısı Musa Şəkiliyevin hesabat məruzəsində qeyd olunmuşdur ki, 2013-cü ildə rayonda ümumi məhsul buraxılışı əvvəlki illə müqayisədə 8 milyon 552 min manatlıq artaraq 151 milyon 533 min manat dəyərində olmuşdur. Hesabat ilində rayonda 4 milyon 864 min manatlıq sənaye, 42 milyon 197 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilmiş, 78 milyon 41 min manatlıq tikinti işləri həyata keçirilmişdir. Əvvəlki illə müqayisədə 5,6 milyon manatlıq çox tikinti işləri görülmüşdür. 2013-cü ildə rayonda 328-i daimi olmaqla, 332 yeni iş yeri açılmışdır.
Bildirilmişdir ki, hesabat dövründə rayonda bir sıra sosial-infrastruktur obyektlərinin, o cümlədən yenidən qurulan Şəki-Qax-Zaqatala avtomobil yolunun Qax şəhəri ərazisindən keçən hissəsində, Kürmük çayı üzərində 700 metr uzunluğunda körpünün, “El Resort” otelinin Konfrans Mərkəzinin, Qax şəhərində Olimpiya İdman Kompleksinin, Heydər Əliyev Mərkəzinin açılış mərasimləri olmuşdur. Mərasimlərdə Prezident İlham Əliyev iştirak etmişdir.
Qeyd olunmuşdur ki, ötən il Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə ayrılmış vəsait hesabına inşa edilən, 7 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolunun 10 kilometrlik hissəsinin tikintisi başa çatdırılmışdır. Ötən il ərzində rayon təhsil şöbəsinin yeni inzibati binası, Güllük kəndində həkim məntəqəsi, Əlibəyli kəndində yeni xəstəxana, Qax şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 36 mənzilli yaşayış binası tikilib istifadəyə verilmişdir. Qax şəhərinin, Qaxingiloy və Qaxbaş kəndlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi üzrə işlər davam etdirilmişdir.
Məruzədə 2012-ci ilin mayında bölgədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərdən bəhs edilmiş, zərər görmüş kəndlərdə 2013-cü ildə Fövqəladə Hallar Nazirliyi tərəfindən şagird yerlərinin ümumi sayı 1540 olan 8 yeni məktəb binasının tikilib istifadəyə verildiyi diqqətə çatdırılmışdır. Qeyd olunmuşdur ki, bundan əlavə, ötən il evləri qəzalı vəziyyətdə olan sakinlər üçün yeni inşa edilən 537 evin tikintisi başa çatdırılmış, 11 evdə isə tikinti işləri hazırda tamamlanmaq üzrədir.
Bildirilmişdir ki, hesabat ilində rayonda 1229 abonentin mənzilinə qaz xətti çəkilməklə rayon üzrə abonentlərin ümumi sayı 7371-ə çatdırılmışdır. Hazırda rayonun 13 yaşayış məntəqəsi təbii qazla təmin olunmuşdur. Əhali abonentləri üzrə qazlaşdırma 54,5 faiz təşkil edir.
Hesabat məruzəsində, həmçinin 2013-cü ildə əhalinin elektrik enerjisi, içməli su, rabitə, kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması, vətəndaşların ərizə və şikayətlərinə baxılması və digər sahələrdə görülən işlər ətraflı təhlil olunmuşdur.
Yığıncaqda Azərbaycan Prezidenti Administrasiyasının məsul işçisi Əflatun Rufiyev çıxış edərək 2013-cü ildə respublikamızda ictimai-siyasi, sosial-iqtisadi sahədə qazanılan uğurları konkret faktlarla diqqətə çatdırmış, qarşıda duran vəzifələrdən bəhs etmişdir.
Yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.

Keçidlər