Ali məktəblərə yüksək balla daxil olan gənclərlə görüş keçirilmişdir
13 sentyabr 2024-cü il tarixdə ali məktəblərə builki qəbul imtahanlarında yüksək nəticə göstərərək tələbə adı qazanmış gənclərlə görüş keçirilmişdir.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev tələbə adını qazanan bütün məzunları, onların valideynlərini və müəllimlərini təbrik edərək bildirdi ki, Azərbaycanda son illərdə elmin və təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, təhsil işçilərinə hərtərəfli qayğı dövlətin gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir. “Təhsil millətin gələcəyidir” -deyən Ümummilli lider Heydər Əliyev respublikamızın gələcək inkişafının məhz təhsillə bağlı olduğunu bildirmiş və Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ölkəmizdə təhsilin inkişafına yüksək qayğı göstərmişdir. Ümummilli lider Heydər Əliyevin ötən əsrin 70-ci illərində əsasını qoyduğu təhsil strategiyasının əsas məqsədi ölkəmizdə milli köklərə bağlı, yeni təfəkkürlü və təhsilli gənc kadrların yetişdirilməsidir.
RİH başçısı diqqətə çatdırdı ki, Ümummilli liderin siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən bu gün ölkəmizdə təhsilə olan diqqət və qayğı da göz qabağındadır. Təhsil işçilərinin əməkhaqqlarının artırılması, onların mükafatlandırılması, fəxri adlarla təltif edilməsi, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi, müasir standartlara uyğun yeni məktəb binalarının inşa edilərək istifadəyə verilməsi istiqamətində görülən işlər Azərbaycanda təhsilin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmasının bariz nümunəsidir. Dövlət başçısının yüksək diqqəti və məqsədyönlü göstərişləri əsasında atılan addımlar, icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin əldə edilməsinə, yüksək nəticələrin qazanılmasına xidmət edir. Bu da ölkəmizdə milli kadr potensialının kəmiyyət və keyfiyyət baxımından yetişdirilməsi və təkmilləşdirilməsi işinə mühüm töhfələr verir. Həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizin müxtəlif bölgələrində təhsil ocaqlarının bərpası və yeniləri ilə əvəzlənməsi müasir Azərbaycanın inkişaf tarixində parlaq bir səhifədir. "Yeniləşən Azərbaycana yeni məktəb", “Uşaq evləri və internat məktəblərinin inkişafına dəstək” layihələrinin gerçəkləşməsi kimi vacib tədbirlər təhsilin inkişafı istiqamətində atılan önəmli addımlardır.
Tədbirdə çıxış edənlər də ali məktəblərə qəbul olunan gəncləri təbrik etmiş, tələbəlik həyatında müvəffəqiyyətlər arzulamışlar.
Çıxış edən məzunlar onlara göstərilən etimadları doğruldacaqlarına söz verərək, ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə etmişlər.
Sonda ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan gənclərə qiymətli hədiyyələr təqdim olunmuşdur.