Axar-Baxar Milli Parkı mürəkkəb və əsrarəngiz relyef ilə unikal təbii landşaft müxtəlifliyinə malikdir.
Axar-Baxar Milli Parkı mürəkkəb və əsrarəngiz relyef ilə unikal təbii landşaft müxtəlifliyinə malikdir. Dağ silsiləsi, Qanıx (Alazan) çayı vadisi tuqay meşəlikləri, bozqır və yarımsəhra biosenozlarının xarakterik bioloji müxtəlifliyinin qorunub saxlanıldığı tarixi məkandır. Qanıx (Alazan) çayının hövzəsi boyu meşəliklər və çayın deltasının xarakterik bitki assosiasialarının yaratdığı cəngəlliklərdə zəngin heyvanat aləmi üçün, o cümlədən, nadir və nəsli kəsilmək təhlükəsində olan növlər üçün yaşam mühiti və nəsil artırmaq üçün əvəzsiz təbii ekosistemlər kompleksidir.
Axar-Baxar silsiləsi boyu xarakterik landşaftların, Qanıx sahilləri boyu tuqay meşəliklərin, eləcə də, çayın deltasının və ətraf biosenozların biomüxtəlifliyinin qorunması, yaşam mühitlərinin mühafizəsi və neqativ antropogen təsirlərdən qorumaq məqsədilə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 14 iyul 2025-ci il tarixli sərəncamı ilə “Axar-Baxar” Milli Parkları yaradılmış və bu sərəncamdan irəli gələn zəruri işlərin görülməsinə başlanmışdır.
Qax (5788.43 ha), Samux (11113.46 ha) və Yevlax (7000.10 ha) inzibati rayonlarının ümumilikdə 23901.99 ha ərazisi Milli Park, yəni, XMOTƏ-si elan edilmişdir. Milli Parkın ərazilərinin zonalaşdırılması və sərhədləri hüdudunda sanitar-mühafizə zonasının xəritələri hazırlanmışdır.
Axar-baxar silsiləsində çox sayda fauna növlərinin, o cümlədən, adları Azərbaycanın “Qırmızı Kitab”-ına düşmüş İnperator qartalı (Aguila heliaca), Qara kərkəs (Aegypius monachus), Ağbaş kərkəs (Gyps fulvus), İlanyeyən qartal (Spilornis kinabaluensis), Çayqaraquşu (Pandion haliaetus), Ağquyruq sahil qartalı (Haliaeetus albicilla), Qara leylək (Ciconia nigra), Çöl qartalı (Aguila nipelansis), Böyük xallı qartal (Clanga clanga), çox sayda şahin növləri, turac, qırqovul, kəklik və s. quş növlərinin yuvalama və nəsilvermə məskənləridir. Axar-baxar silsiləsi Böyük və Kiçik Qafqaz dağlarının arasında təbii koridor funksiyasını yerinə yetirən Azərbaycanın bozdağlar silsiləsinin bir hissəsidir və kiçik bir məkan Azərbaycanın yırtıcı məməlilər faunasının təxminən 90%-inə, yəni 18 növündən 15-inə ev sahibliyi edir. Burada Arid ərazilərə xas bitki örtüyünün ən nadir nümunələri mövcuddur. Axar-baxar silsiləsinin dərin dərə və yamaclarında meşəliklərin əsas simasını təkli edən ardıc növləri, saqqızağacı ilə yanaşı, ölkəmizdə çox nadir rast gəlinən Fərat qovağının bitdiyi bir neçə biotop müəyyən edilmişdir. Qanıxçayı boyu vadilərdə palıd, qarağac, ağcaqayın, söyüd, qovaq, və s. ağac növlərilə yanaşı, Qafqaz qaş səhləbi, Nöqtəli səhləb, Eyxler dağlaləsi, Şoran qarğasoğanı, İberiya süsəni və s. ot bitkiləri, eləcə də Eldar armudu, adi nar, sarağan, qaratikan, və s. kol bitkiləri assosiasiyaları mövcuddur.
Bu ərazilərdə milyon illərlə formalaşan mürəkkəb relyef zənginliyi, Azərbaycanın başqa heç bir yerində rast gəlinmir. Buna görə Axar-baxar silsiəsi turizm baxımından da olduqca əhəmiyyətlidir. Qanıxçay vadisi boyu b.e.ə VI - IV əsrə aid Torpaqqala, eneolit dövrünə aid Minbərək qədim yaşayış məskənləri mövcuddur. Günəşli aydın havalarda Axar-Baxar silsiləsinin yüksəkliklərindən müşahidə edilən qədər landşaf zənginliyi, demək olar ki dünyanın heç bir yerində müşahidə edilmir. Ay səthini xatırladan qayalıqlar, hündür torpaq-qalaların vertikal divarları arasında quru çay vadilərinin dərin və uzun konyonları, bir tərəfdən ilan kimi qıvrılan Qanıx çayının mənzərəsi, Mingəçevir su anbarının mənzərəsi, Bozdağ silsiləsi, Murovdağı və Kiçik Qafqazın qarlı zirvələri, Eldar ovalığı və Sarıqamış cəngəllikləri, Qanıxçayın sol sahilində Vaşlovan Milli Parkının (Gürcüstan Respublikası) ecazkar landşaftları, digər tərəfdə Ceyranlar qaçan Acınohur çölü, Daşüz silsiləsi, Şahinlərin və muymulların oylağı Sarıca çölü, Ağyazı düzü və Əyriçay vadisindən şimala doğru bir-birini əvəz edən çöl və çəmənlik biosenozları, düzən meşələri, dağətəyi və dağmeşələri, subalp və alp çəmənlikləri, Böyük Qafqaz dağlarının subnival qurşaqları və başı qarlı yüksək dağ zirvələri göz oxşayır. Buralarda gündoğuşu və günbatışı hər fəsildə insanı valeh edir. Bu ərazilərdə tarixən mövcud olmuş fauna növlərin reintroduksiyasını (ceyran, bezoar, muflon, sayqa, kulan, cüyür və s.) həyata keçirməklə növ zənginliyini artırmaq, həm də turizm potensialını yüksəldəcək. Turistlər üçün müxtəlif xidmətlərin təşkili (hava şarı turu, yamac paraşütü, haykin, ziplayn, raftinq, fişing, su yelkəni, qayıqla gəzinti və s.) turistlərin vaxtlarının səmərəli keçirməsi ilə yanaşı, həm Milli Park üçün, həm dövlət büdcəsi üçün iqtisadi potensiala malik olacaq. Landşaft zənginliyini müşahidə etmək üçün ən əlverişli vasitə, hava şarlarıyla turlarının təşkil edilməsi ola bilər ki, bu da Axar-Baxarı “Azərbaycanın Kappadokiya”sına çevirə bilər.






